Türk birliyinin iqtisadi özülləri möhkəmlənir

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın növbəti sayını təqdim edib. 2024-cü ilin yanvar-mart ayları üzrə əsas iqtisadi göstəriciləri verilən bülletendə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə dair məlumatlar əksini tapıb. 

İcmalda ölkələrin ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyə­si üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı diqqətə çatdırılmaqla türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. Eyni zamanda, türk dünyasından keçən Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri təsvir edilməklə türk dövlətlərinin Avrasi­ya regionu üzrə nəqliyyat daşımalarında mövcud potensialı təqdim olunub. İcmalın ikinci bölməsində isə 2024-cü ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərin dinami­kasının 2023-cü ilin eyni dövrü ilə müqa­yisəsi aparılıb. 

Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisa­di maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçək­ləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Məsələn, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə ümumi baxış statistikasında göstərilib ki, 2024-cü ilin ilk rübündə türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib. Bu dövrdə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıs­tanda 3,7 faiz, Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bu­nunla da türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb. 

Azərbaycanda iqtisadi artım neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sek­torunda, xüsusilə kənd təsərrüfatında qeydə alınıb. Qazaxıstan iqtisadiyyatın­da mədənçıxarma və tikinti sahələrində nəzərəçarpan artım və inflyasiyanın sa­bitliyi, Qırğızıstanda mədənçıxarma və xidmət sektorlarında birbaşa xarici inves­tisiyaların (BXİ) axınının artması müşahi­də edilib. Türkiyə iqtisadiyyatı 2024-cü ilin ilk rübündə daxili tələbatın yüksəlməsi və ixracın canlanması nəticəsində 5,7 faiz artıb, işsizlik səviyyəsi 9,8 faizə enib. Türkmənistan iqtisadiyyatı infrastruktura investisiyalar və qaz ixracı ilə dəstəklənən artım sayəsində fiskal sabitliyi təmin edib. Özbəkistanda infrastruktura və istehsala yönələn investisiyalar hesabına güclü iq­tisadi artım qeydə alınıb və iqtisadiyyatın dayanıqlığını gücləndirən xarici ehtiyatla­rın payı çoxalıb. Macarıstan iqtisadiyyatı sənaye istehsalı və ixracı ilə dəstəklənən artım nümayiş etdirib, bu ölkədə dövlət borcunun azalması, fiskal dayanıqlığın yaxşılaşması baş verib. Şimali Kipr isə tu­rizm və tikinti fəaliyyətləri hesabına artım əldə etməklə iqtisadi fəallığını yüksəldib. 

Təşkilatda təmsil olunan ölkələr ara­sında ötən müddətdə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqti­sadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yük­sək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Həmin tədbirlərdə qu­ruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaş­dırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yara­dılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib. 

Yeri gəlmişkən, Azərbaycan bu ilin ilk rübündə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələri ilə əməkdaşlığa da xüsusi diqqət yetirib. Bu, statistik göstə­ricilərdə də öz ifadəsini tapıb. Belə ki, sözügedən dövrdə TDT-yə üzv və müşa­hidəçi statusa malik ölkələrlə ticarət döv­riyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərabər olub.

Dövlət Gömrük Komitəsinin məluma­tına görə, cari ilin ilk rübündə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məb­ləğində idxal-ixrac əməliyyatları həyata keçirib.

2024-cü ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məh­sulları ixrac edilib.

Xatırladaq ki, 2023-cü ildə Azərbayca­nın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dollar çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azər­baycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Türk dünyası hazırda beynəlxalq mü­nasibətlərin yeni bir güc mərkəzi kimi mü­hüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təs­diq edir: TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyə­sinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür. 

Prezident İlham Əliyev bu il iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə son illərdə türk dövlətlərinin nəqliyyat əlaqələrinin qurulması və geniş­ləndirilməsi, iqlim məsələlərinin həllinin diqqətdə saxlanılması, Orta Dəhlizin fəa­liyyətə başlaması, habelə yükdaşımaların artırılması istiqamətində önəmli tədbirlər həyata keçirildiyini bildirib. Ölkə rəhbəri, eyni zamanda, işğaldan azad olunan Qa­rabağ və Şərqi Zəngəzurda sürətlə aparı­lan bərpa-quruculuq işlərində Türk dünya­sının fəal iştirak etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qa­zaxıstan Prezidenti, Qırğızıstan Prezi­denti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir”.

TÜRKPA-nın nümayəndə heyəti ilə görüşdə türk dövlətlətlərinin sıx bağlılığı, möhkəm birliyi barədə danışılarkən, həm­çinin bildirilib ki, bu gün çoxqütblü bir döv­rün uğurlu başlanğıcı diqqət çəkir. Orta Asiya dediyimiz Özbəkistan və Qazaxıs­tandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya – Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 mil­yon türk yaşayır. Bu, böyük bir ehtiyatdır. Həm insan gücü, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. Türk dövlətlərinin bundan ən doğru şəkildə istifadə edərək yeni dünya­da böyük bir güc mərkəzinə çevriləcəyi isə heç bir şübhə doğurmur.

Xatırladaq ki, TDT-nin 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə gö­rüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib. Ötən müddətdə sözü­gedən TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlo­bal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmlən­dirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

İqtisadiyyat