Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu il sentyabr ayının 1-dək yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Agentlikdən qəzetimizə daxil olan məlumata görə, tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarı ilə təsdiq edilən “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində vurğulanan bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilən tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunan laboratoriyalar tərəfindən təsdiqlənməlidir.
Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək. Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyənləşdiriləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələri Bakı, Gəncə, Şəki, Xızı, Kürdəmir, Şabran və Xaçmazda yerləşir.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli fərmanına uyğun olaraq, pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvil verilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli sərəncamında müəyyənləşdirilən 400 manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.
Qeyd edək ki, aparılan qiymətləndirmələrə əsasən, son bir neçə ilə qədər ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi təqribən 25 faiz olub, 2023-cü ildə isə həmin göstərici 34 faizə çatdırılıb. Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün ölkədə ərzaqlıq buğda ilə yerli istehsal potensialının artırılması da diqqətdə saxlanılıb. Buğda istehsalında yüksək məhsuldarlığın pivot suvarma sistemləri hesabına tətbiqinin genişləndirilməsi üçün sahibkarlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilməsinə başlanılıb. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunub.
Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Belə ki, bu qaydalara görə, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir. Məlum olduğu kimi, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək idi, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azaldı ki, bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirdi.
Bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya müsahibəsində bildirib: “Ərzaqlıq buğda üzrə idxaldan asılılıq məsələsində söhbət idxala son qoyulmasından deyil, idxaldan asılılığın azaldılmasından gedə bilər. Buğda idxalına tam olaraq son qoymaq ona görə mümkün deyil ki, hər bir ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı, ilk növbədə, təbii resurslardan və iqlim şəraitindən asılıdır. Bizim təbii-iqlim şəraitimiz və torpaq resurslarımız daha çox meyvə-tərəvəzlərin və bəzi texniki bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, buğda istehsalı, ümumilikdə, taxıl məhsulları istehsalı böyük ərazilərdə, daha çox dəmyə şəraitində, eyni zamanda, çox da yüksək olmayan, hətta çox aşağı məhsuldarlığa əsaslanır”.
Məcnun Məmmədov müsahibədə belə vəziyyətin əsas taxılçılıq ölkələrində də yaşandığını bildirir və dünyada davam edən qeyri – sabit şəraitin Azərbaycanı yerli istehsal hesabına əsas ərzaq məhsulları, xüsusilə də buğda ilə mümkün qədər daha çox təmin etməyin zəruriliyini vurğulayır.
Taxıl istehsalının artırılmasının əsas yollarına gəldikdə isə deyə bilərəm ki, burada əsas rolu qısa rotasiyalı əkin dövriyyələri, torpaq becərmələri, gübrə verilməsinin səmərəli üsulları, həmçinin optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqi, keyfiyyətli toxum materialından istifadə edilməsi və əkinlərin xəstəlik, ziyanverici, eyni zamanda, alaqlardan mühafizə olunması kimi amillər oynayır.
Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir. Yüksək texnologiya əsasında fəaliyyət göstərən, müasir aqro tələblərə əməl edən təsərrüfatların əkin sahələrində yüksək göstəricilərə nail olunması məhz bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, hazırda ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. Ötən ilin iyul ayında qəbul edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edən layihələr məhz həmin məqsədi daşıyır.
Hazırda ölkəmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Qarşıdakı illərdə 80–100 min hektar arasında torpağın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü çərçivəsində keçirilən müzakirələrdə bununla bağlı deyib: “İşğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialı var. Hazırda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, həmin zonalarda Prezidentin xüsusi nümayəndələri və digər qurumlar birgə çalışırlar ki, kənd təsərrüfatına uyğun torpaqlardan maksimal səmərəliliklə istifadə edilsin. Çünki 30 il ərzində Ermənistan qanunsuz olaraq torpaqlarımızı istismar edib, lakin bu da səmərəsiz edilib. Onlar heç bir vəsait yatırmayıb, sadəcə, torpaqdan istifadə ediblər və bu səbəbdən məhsuldarlıq Azərbaycanda digər növlərlə müqayisədə üç dəfə aşağı olub. İndi isə biz azad olunmuş ərazilərə qayıdacaq fermerlərimiz üçün hansı məhsulların yetişdirilməsi ilə bağlı tövsiyələr hazırlayırıq və zənnimcə bu iş bitib. Biz onları məcbur edə bilmərik. Lakin güzəştli subsidiyalarla biz onları istiqamətləndirə bilərik ki, bəzi torpaqlar kartof, digərləri başqa tərəvəz və meyvələr üçün istifadə edilsin”.
Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Artıq qoyunçuluq təsərrüfatları yay aylarında Kəlbəcər və Laçın yaylaqlarına köçürülür. Təkcə keçən il adları çəkilən iqtisadi zonalardakı yaylaqlara 61 mindən çox arı ailəsi aparılıb. Qarşıdakı illərdə isə işğaldan azad olunmuş ərazilərin hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da güclənəcəyi proqnozlaşdırılıb.