Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox – 3 milyon 849 min 804 sərnişin daşıyıb.
ADY-nin bu barədə məlumatına görə, 6 ay ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 milyon 666 min 518 sərnişin (1 il əvvələ nisbətən 19 faiz çox), Bakı–Ağstafa–Bakı marşrutu üzrə 160 min 799 sərnişin (30 faiz çox), Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 22 min 487 sərnişin (2,5 dəfə çox) mənzil başına təhlükəsiz çatdırılıb.
Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 faiz (ötən ilin 6 ayında 90 faiz), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 faiz (ötən ilin eyni dövründə 50 faiz) təşkil edib. Bununla yanaşı, Bakı–Qəbələ–Bakı istiqamətində səfər edən sərnişinlərin 10 faizdən çoxu, Bakı–Ağstafa–Bakı marşrutu üzrə isə 7 faizdən çoxu əcnəbi turistlər olub.
Bu il iyun ayının 14-dən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.
İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9 min 265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz (ötən il 7610 reys) çoxdur. 2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu 101 faiz yerinə yetirilib.