Kommunist-bolşevik rejiminin Türkiyə Respublikasına maddi dəstəyi hər iki ölkənin təkcə qonşuluq siyasətindən yox, həm də dünyadakı siyasi vəziyyətdən irəli gəlirdi. Bu dönəmdə özlərinin siyasi maraqlarını önə çəkən kommunistlər Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün daha bir mühüm layihəni həyata keçirirlər: Bakıda SSRİ məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi Birinci Türkoloji Qurultay (1926, 26 fevral-5 mart) çağırılır. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri hazırlandı, eyni zamanda, qurultayın qərarına əsasən, 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə türkologiya sahəsində böyük xidmətləri olan alimlər, türk dünyasının tanınmış simaları seçilmişlər.
Türkologiyanı böyük və sistemli elmi təlim kimi təqdim edən Bakı Türkoloji Qurultayı böyük əks-səda doğurmuş, haqqında mətbuatda gedən yazılar silsiləsi bu dəyəri dəfələrlə artırmışdı. Səkkiz gün davam edən bu mötəbər tədbirdə 131 nümayəndə iştirak etmişdi. Müzakirəyə çıxarılan türk xalqlarının ortaq dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Ölkənin bir nömrəli mətbuat orqanı olan “Kommunist” qəzetinin dərc etdiyi materiallar dəyərli mənbələr olmaqla, həm də qurultayın böyük tarixi əhəmiyyətini və mötəbərliyini təsdiqləyən amillərdən hesab oluna bilər.
Dövrünün məşhur siyasi və dövlət xadimləri olan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun qurultaya təbrik nitqinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun sədr kimi geniş məruzəsinin, Sovet Azərbaycanının partiya və dövlət xadimləri Ruhulla Axundovun, Həbib Cəbiyevin, böyük türk dünyasının və türkologiya elminin görkəmli simaları Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə, Vasili Bartold, Hənifə Zeynallı, Bəkir Çobanzadə və onlarca bu kimi nəhənglərinin məqalə və müsahibələrinin təqdim olunduğu “Kommunist” qəzetinin o dönəmdə nəşr olunmuş nüsxələri Türkiyə–Sovet dostluğuna inam yaratdığı kimi, həm də Türkiyə ilə münasibətlərin böyük və uğurlu gələcəyini ifadə etməkdə, buna böyük inam yaratmaqda idi. Təəssüf ki, sonralar məlum oldu ki, Türkiyəni kommunist yoluna gətirmək planının mühüm bir hissəsi də bu qurultayla bağlı imiş. Tədqiqatçı alim Elmar Məhərrəmov haqlı olaraq qeyd edir ki, “Türk хalqlarına olan bu isti münasibət, canıyananlıq, sevgi nədən irəli gəlirdi? İlk öncə türk хalqlarına olan bu səmimiyyət bizə elə gəlir ki, Sovet hökumətinin daхili və хarici siyasətindən irəli gəlirdi. Bu hökumət dünyaya nümayiş etdirmək istəyirdi ki, Rus imperiyasının qurduğu dövlət azadlıq, bərabərlik, qardaşlıq simvoludur. SSRİ-nin məkrli planının iflasa uğraması isə cəmiyyəti daha böyük faciələrlə üz-üzə qoydu və repressiyaların başlanması ilə nəticələndi”. Mərhum professor Kamil Nərimanoğlunun təbirincə desək, qurultayın işində iştirak edən 100-dən artıq iştirakçının pantürkizmdə ittiham edilərək represiyaya uğraması, əksər alim və müttəfəkirlərin həbs və fiziki məhvlə üzləşməsi yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı sənədidir, 30-cu illərin Sovet-Stalin diktatura rejiminin tarixi üçün ittihamdır.
Bütün bunlara baxmayaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultaya həsr olunmuş məqalələrinin birində qeyd edir ki, dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Bakı Türkoloji Qurultayı həm tarix kimi, həm də müasirlik baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 80 illiyi ilə bağlı 9 noyabr 2005-ci il tarixli, 90 illik yubileyinin keçirilməsi haqqında 18 fevral 2016-cı il tarixli sərəncamları da qurultayın türk xalqlarının həyatında necə böyük tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Göründüyü kimi, Birinci Bakı Türkoloji Qurultayının proqram və sənədlərini gündəmdə saxlayan mətbuat, o cümlədən “Kommunist” qəzeti əlifba islahatının həyata keçirilməsində informasiya təbliğat ruporu olmuşdur. Elmi və ədəbi-bədii təşkilatların hələ yeni formalaşdığı o illərdə “Kommunist” qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz idi.
Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda bəzi qüvvələrin mətbuata ciddi qınaqları, o cümlədən sovet rejimini dəstəkləmək kimi tarixi reallıqları dəyərləndirməkdən uzaq olan ciddi və haqsız iradları ortaya çıxdı. Bu sırada “Kommunist” qəzetinin adı birinci çəkilənlərdən idi. Hətta cəmiyyətdə bu kimi zərərli fikirlər yüksək tribunalardan belə eşidilməkdə idi. Amma bir sıra tədqiqat əsərlərində də vurğulandığı kimi, unudulmamalıydı ki, öz dövrü üçün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərirdi. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, xalq kütlələrinə müsbət təsir göstərmiş, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində siyasi rəhbərliyin mühüm təbliğat vasitəsi olmuşdur. Bir məsələni unutmaq olmaz ki, bu qəzet orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi, onun ayırdığı maliyyə vəsaiti ilə nəşr olunurdu, amma bununla belə o, milli təəssübkeşliyini unutmamış və həmişə də bunun cəzasını çəkmişdir.
Bir sıra tədqiqatçıların da yazdığı kimi, “Kommunist” təkcə rejimin məqsəd və məramını təbliğ edən qəzet deyil, milli jurnalistikamızın avanqardı idi. O, ictimai fikri formalaşdıran, Azərbaycan dilinin və mədəniyyətinin keşiyində dayanan, tariximizi təbliğ edən, mənəviyyatımızı yad təsirlərdən qoruyan müqəddəs bir ocaq, ciddi bir mərkəz idi. Sovet rejimi dağılanda, haqlı olaraq, “Kommunist”in adı dəyişdirilərək “Xalq qəzeti” qoyuldu. Çünki bu nəşr, həqiqətən, uzun illər boyu xalqın qəzeti olmağa çalışıb. “Kommunist”lik əksər hallarda qəzetin yalnız adında olub. 1919-cu ildən üzü bəri bu qəzetdə yüzlərlə yazı dərc edilib ki, onlar bu gün də uğurlu və yaradıcılıq imkanları baxımından zəngin jurnalistka materialı kimi həm cəmiyyətə, həm də jurnalistika sahəsində çalışan müəlliflərə nümunə ola bilər. Bəzi ümdə misalların haqqında danışmaq da olar: 1922-ci il martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilində Bakıya ərzaq adı altında boş vaqonlar gətirilməsi barədə böyük müzakirə və mübahisələrə səbəb olan bir yazı dərc edilib. “Yoxsul” imzası ilə təqdim olunan bu məqalənin müəllifi Xalq Daxili İşlər Komissarı vəzifəsində çalışan Həmid Sultanov idi. Arxiv sənədləri əsasında hazırlanan məqalədə 1912-ci ildən 1922-ci ilə qədər Azərbaycandan Rusiyaya göndərilən sərvət və məhsullar haqqında məlumatlar yer alır. Bunun əvəzində isə Rusiyadan Azərbaycana ərzaq məhsulları göndərilir, amma qapısı möhürlü olan vaqonlar çox vaxt boş olurmuş. Sovet qurluşunun “sosial ədalətinə” az qala varlığı ilə inanan müəllif yazısında ümidlə elan edirdi ki, bu kimi işlərə son qoyulacaq, sovet hakimiyyəti bu cür saxtakarlıqların qarşısını alacaqdır.
Məqalənin dərcindən heç bir gün keçməmiş – martın 3-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosunun xüsusi iclası çağrıldı və bu iclasın qərarı ilə Həmid Sultanov tutduğu vəzifədən azad edildi. Hətta bəzi mənbələr bu məsələ ilə əlaqədar olaraq onun haqqında həbs qərarı verildiyini də yazırlar. Düzdür, bu qərar həyata keçirilməsə də, haqqında danışılan məsələnin rejim tərəfindən nə qədər diqqətlə izləndiyini təsdiqləyir. Amma yeri gəlmişkən, bir məsələni də xatırlatmağa dəyər ki, o dövrdə və elə sonralar da bolşeviklərin qərar və qadağalarını dərc edən, eyni zamanda, yüksək tribuna olan “Kommunist” sonralar, xüsusən də 80-ci illərin sonlarında milli azadlıq hərəkatının geniş vüsət aldığı dövrlərdə ciddi qınaqlarla üzləşdi. Təbii ki, sonralar zaman hər şeyi yoluna qoydu, amma yüzlərlə günahsız insanı 1930-37-ci illərdə sürgünə və represiyaya məruz qoyanların əməlləri və adları belə yaddaşlardan silinmədi. Hətta Ayna Sultanovanın adına olan park və heykəli də saxlanıldı. Yüzlərlə ziyalını sürgün və represiyaya məruz qoyan bu xanımın buna nə qədər haqqı olduğunun bir sətirlik belə bəraəti yoxdur və heç vaxt da olmayacaq. Düzdür, rejimin eybəcərliklərindən bəhrələnən “ideallar və məqsədlər” bolşeviklərə xidmət edənlərin heç birinin taleyindən yan keçmədi. Bolşeviklərə xidmət edənlərin, demək olar ki, hamısı eyni aqibəti yaşadı, Sovet hökuməti 1938-ci ildə A.Sultanovanı da, qardaşı Qəzənfər Musabəyovu və həyat yoldaşı Həmid Sultanovu da xalq düşməni kimi güllələdi. Haqq dərgahında törətdikləri əməllərinin cəzasını canları ilə ödədilər. Bu, bir təsəlli yeri olsa belə, rejimin xislət və məramından gələn acı həqiqət kimi qalmaqdadır. Amma bu heç də bəraət vermir ki, ərazisi 1,6 hektar sahəni əhatə edən və şəhərin gur bir yerində yerləşən “Lenin partiyasının sədaqətli qızı”nın adını daşıyan parkı və heykəli saxlayaq. Heykəl, təbii ki, sənətkarlıq baxımından dəyərlidir. Amma istər-istəməz sual yaranır: Cümhuriyyət qurucularından hansınınsa, yaxud doğma Bakını erməni işğalından azad edən Nuru paşanın heykəlləşdirilməsi niyə yada düşmür? Əslində, bu barədə mətbuatda dəfələrlə yazılıb və göründüyü kimi də, heç nə yaddan çıxmayıb. Biz də repressiya tariximizin bu kimi miraslarını dağıtmağın tərəfdarı deyilik və bu tarixin də başqa bir şəkildə, deyək ki, “Qənimətlər parkı” kimi bir ərazidə nümayişini istərdik. Nə qədər acı və faciələrlə dolu olsa belə, bu, xalqımızın tarixidir.
“Kommunist” qəzetinin milli təmayülünü Sergey Kirov, Levon Mirzoyan kimi yad və düşmən simaların, çox ziddiyyətli bir şəxs olan Əliheydər Qarayev kimi milli hisslərdən məhrum yerli rəhbər kadrların fikir və mülahizələri əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi daim nəzarət altında saxlamış, yeri gəldikcə müəlliflər “millətçilik”, “türkçülük” adı ilə təqib edilmişlər. Çoxsaylı faktlar var ki, “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə çox yüksək səviyyədə ciddi tədbirlər həyata keçirilmiş və redaktorlar vəzifələrindən uzaqlaşdırılmışdır.
1924-cü ilin 18 aprelində Mərkəzi Komitənin ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” məqalə ilə çıxış edərək partiyanın milli siyasətinin yerinə yetirilməməsini ciddi tənqid edir, milli kadrların hazırlanmasının qarşısının alındığını, yerli kadrların vəzifəyə təyinatında ayrı-seçkiliyə yol verildiyini bildirir. Məqalə aprelin 27-də Bakı Partiya Komitəsinin konfransında müzakirə edilir. Xanbudaqov cəzalandırılır və Əliheydər Qarayevə tapşırılır ki, “Kommunist” qəzetində kök salmış millətçilər, sovet hakimiyyətinin düşmənləri aşkar edilərək ifşa olunsunlar. Nəticədə qəzetin redaksiyasında çalışan milli ruhlu, türkçülük ideyalarının təbliğatçısı olan görkəmli ziyalılar – Əbdürrəhim bəy Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kirmanşahlı Əliheydər Qarayevin təkidi ilə xırda burjuaziyanın əlaltısı adlandırılır, bir qismi işdən qovulur, bir qismini isə ciddi tənbehlərə məruz qalırlar. Bu kimi faktların sayı isə yetərincədir.
Yeri gəlmişkən, qeyd edilməlidir ki, dövrün mətbuat orqanlarını, eləcə də 20-ci illərin “Kommunist” qəzetini vərəqlədikcə çox aydın bir şəkildə görünür ki, qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq Xalqları və Türkoloji qurultayların keçirilməsində informasiya-təbliğat ruporu olmuşdur. Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəb kimi də fəaliyyətini davam etdirmişdir. 1920-ci ilin əvvəllərində “Kommunist” qəzetinin nəzdində təşkil olunmuş dərnək və respublika miqyaslı 3 aylıq kurslarda dinləyicilərə publisistika, qəzet informasiyası, kütlə ilə ünsiyyət formaları, qəzet təsərrüfatı, qəzetin səhifələnmə texnikası, stenoqrafiya və s. haqqında təlimlər keçilirdi. Bu kursların mühazirəçiləri arasında Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Əli Terequlov, Ağababa Yusifzadə, Mahmud bəy Mahmudbəyov, Xəlil İbrahim, ər-arvad Nuşirəvanovlar və başqaları kimi tanınmış jurnalistlər və yazıçılar var idi. Maraqlı faktdır ki, Azərbaycan ədəbiyyatının məşhur simalarından olan yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev (Paşazadə Cəlal) də bu kursların dinləyicilərindən olmuş və sonralar “Kommunist” qəzetində işləmişdir. Ümumiyyətlə, uzun illər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilib. Onun peşəkarlıq səviyyəsi sahə və bölgələrin dövri nəşrləri üçün örnək kimi qəbul olunub. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxildir.
Dövrün mətbuat orqanlarında, o cümlədən, “Kommunist” qəzetində dərc edilən çoxsaylı məqalələrdə milli dünyagörüşün qorunması, milli varlığa bağlılıq, mətbuatın milli-xəlqi istiqamətinin qorunub saxlanması kimi ciddi cəhdlər açıq-aydın özünü büruzə vermişdir. Eyni zamanda, rejimin dayaqlarının daha da möhkəmlənən təməllər üzərində inkişafı, təbii ki, ciddi ideoloji qarşıdurmalara əsas yaradır və cəmiyyəti represiyaya doğru aparmaqda idi.
İndiki dövrdə Azərbaycan sovet mətbuatının cəmiyyət qarşısında xidmətlərini “rejimin xidmətçisi və təbliğatçısı” adlandırmamaq mümkün olmadığı kimi, onu tam şəkildə bu cür təqdim etmək də haqsızlıq olardı. Bu baxımdan, uzun illər boyu Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı kimi nəşr edilmiş “Kommunist” təkcə “rejimin xidmətçisi” yox, həm də xalqımızın uğurlarla, hədsiz çətinliklər və faciələrlə müşayiət edilən həyat yolunun əks olunduğu tarixi güzgü olmuşdur. Ona görə də cəsarətlə deyə bilərik ki, həmin dövrdə mətbuat rəsmi dövlət siyasətinin "marksist-leninçi" ideyalarının təbliği, sosialist qurucuları olan yeni insanların formalaşması üçün güclü partiya silahı olsa da, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan, onun dövlətçilik və türkçülük ənənələrini yaşadan mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz və digər dəyərlərimizlə yanaşı, milli mətbuatımız da olub və onun xidmətləri heç vaxt danılmayan mənbələr sırasındadır.
Namiq QƏDIMOĞLU
XQ