III məqalə
Lider açıq oynayır,.. lider arxasınca aparır.
Teodor Ruzvelt
Liderin şəxsiyyəti və mürəkkəb geosiyasət
2003-cü ildən başlayaraq Cənubi Qafqazı ciddi geosiyasi çalxalanmalardan qorumaq strategiyasını Azərbaycanın həyata keçirməsi siyasi proqnozlaşdırma baxımından tarixi bir qənaət idi. Burada siyasi proqnozlaşdırmanın üç aspekti – liderin şəxsi potensialı, ölkənin real vəziyyəti və qlobal geosiyasətin dinamikası bir-biri ilə harmoniya təşkil etməli idi.
Ötən 21 il ərzində regionu geosiyasi tarazlıqdan çıxarmaq cəhdləri dəfələrlə oldu. Onun mütəmadi təkrar olunan əlaməti Ermənistanın Azərbaycan sərhədlərində təxribatlar törətməsi idi. Ermənilər və onların havadarları bu yolla iki şeyə nail olmaq arzusunda idilər. Birincisi, Azərbaycanı daim təzyiq altında saxlamağın fonunda danışıqları qeyri-müəyyən vaxta qədər uzatmaq. İkincisi, rəsmi Bakını müstəqil siyasətindən çəkindirmək və ağır şərtlərlə müqavilə imzalatmağa məcbur etmək. Həmin dövrdə tez-tez erməni siyasətçilərin və onların havadarlarının leksikonunda “Azərbaycanı sülhə məcbur etmək” kimi ifadə təsadüfən işlədilmirdi.
Azərbaycan 2016-cı il məlum qısa müddətli Aprel savaşına qədər çoxistiqamətli siyasəti ilə bu kimi cəhdlərin qarşısını məharətlə aldı. Gürcüstana olan təcavüzün də böyüyüb regional xaosa çevrilməsini Bakı özünün konstruktiv enerji və humanitar xarici siyasəti ilə əngəllədi. İndi ekspertlər sırasında Qərbin Gürcüstanı müdafiə etdiyi haqqında fikir söyləyənlər az deyil. Burada, təbii ki, həqiqət vardır. Ancaq iki məqam unudulmamalıdır. Birinci məqam ondan ibarətdir ki, 2020-ci il II Qarabağ savaşı da göstərdi ki, Qərb davranışlarında heç də səmimi deyildir və öncə öz maraqlarını düşünür.
Əgər Qərb Gürcüstana qarşı səmimi olsaydı, M.Saakaşvilinin, ümumiyyətlə, Rusiyaya qarşı müharibəyə başlamasına imkan verməzdi, qaşısını alardı. Bunun əvəzində Gürcüstan ərazi bütövlüyünü bərpa etmək adı ilə təxribata çəkildi. Moskvanın sərt və sürətli əks-tədbirindən sonra isə Qərb başqa cür davranmağa başladı. Ona görə də diplomatik fəallığına baxmayaraq, Qərb Cənubi Qafqazda geosiyasi sabitliyə ciddi töhfə vermədi.
Bu prosesdə əsas rolu Azərbaycan oynadı. Necə? Hər şeydən öncə, Azərbaycan Gürcüstanı müdafiə etdi, lakin Rusiyaya qarşı çıxmadı. Azərbaycan siyasi-diplomatik fəaliyyəti ilə Cənubi Qafqazdakı enerji layihələrinin zərər görməsinə imkan vermədi. Hər hansı kiçik bəhanə ilə Moskva həmin marşrutları asanlıqla vura bilərdi. Onların vurulması isə sözün həqiqi mənasında, regionun geosiyasi xaosa sürüklənməsinin başlanğıcı olacaqdı. Bunun qarşısını Azərbaycanın siyasəti aldı.
İkinci məqam ondan ibarətdir ki, Azərbaycan Gürcüstanı bir an belə tək buraxmadı. Enerji strategiyasında Gürcüstanın yeri və rolunu daha da artırdı. Bu da beynəlxalq səviyyədə Tbilisinin həm ayaqda qalmasına, yəni siyasi səhnədə passiv mövqeyə atılmamasına, həm də təhlükəsizliyin təminində Gürcüstan faktorunun real qiymətini onun qərbli dostlarının bilməsinə əlavə imkan yaratdı. Konkret desək, Azərbaycanın enerji siyasəti Gürcüstanı beynəlxalq aləmin gözündə regional təhlükəsizliyi məsələsində əsas faktorlardan biri statusuna yenidən yüksəltdi. Bu, Azərbaycanın real mövqeyi baxımından regional miqyasda dərin siyasi diaqnozun və düzgün strateji proqnozlaşdırmanın nəticəsi idi. Çünki Bakı Gürcüstanın geosiyasi qiymətini yüksəltməklə, bütövlükdə, regionun əhəmiyyətini təmin etmiş oldu. Azərbaycan üçün bu gedişat ərazi bütövlüyünü bərpa etmək kontekstində vacib geosiyasi məqam idi.
Bununla Azərbaycan 2008-ci il böhranını lokallaşdırdı və onun regiona yayılmasının qarşısını kəsdi. Nəticədə rəsmi Bakı üç istiqamətdə diplomatik fəallığını artıraraq, tarixi nəticələr əldə etdi.
Onlardan biri Avropa istiqamətində siyasətini milli maraqlar çərçivəsində bir addım da irəli aparmaqla bağlıdır. Təzahürü isə assosiativ üzvlükdən imtina etməsində oldu. Azərbaycan həmin addımı ilə həm Brüsselə, həm də Moskvaya göstərdi ki, onun üçün əsas olan milli maraqlardır və bunu kimsəyə güzəştə getmək fikrində deyil. Bu müstəqil mövqe, təbii ki, Kremli tam qane edirdi. Eyni zamanda, Brüssel anladı ki, Azərbaycanı Ermənistan və Gürcüstan kimi təxribatlara çəkə bilməz. Hadisələrin sonrakı gedişi göstərdi ki, həmin qarışıq və ziddiyyətli dövrdən Cənubi Qafqazda zərərsiz çıxa bilən yalnız Azərbaycan oldu. Təbii ki, bu, həm də region üçün müsbət bir məqam idi. Onun siyasi-konseptual aspekti ilə yanaşı, praktiki-diplomatik memarı isə Azərbaycan Prezidenti idi.
Bizcə, vurğulanan mərhələ XXI əsrdə böyük geosiyasi güclərin toqquşması prosesində dövləti yaranmış vəziyyətdən maksimum zərərsiz çıxarmağın postsovet məkanında ilk nümunəsidir. Çünki məhz həmin mərhələdən sonra faktiki olaraq Azərbaycanın yeni səviyyədə fəalliyəti başladı. Bu, multikulturtalizmi, enerji siyasətini və regional əməkdaşlıq formatlarını əhatə edirdi. Həmin istiqamətlərin hər biri Ulu öndərdən başlayan təcrübənin XXI əsrin ikinci onilliyinin reallıqlarına uyğun inkişafı idi. Təbii ki, onun səmərliliyi ilk növbədə liderin analitik və proqnostik aspektləri sintez edə bilməsindən asılıdır.
Həmin məqamın ilk sınağı iki istiqamətdə özünü göstərdi. Birinci, dünyada sürətlə dəyişən geosiyasi dinamikanın fonunda milli təhlükəsizliyin yeni şərtlərinin meydana çıxması ilə bağlı idi. Həmin şərtlərə görə, enerji təhlükəsizliyi milli təhlükəsizlik üçün daha çox aktual olmağa başlamışdı. Azərbaycan Prezidenti onu üç mərhələdə bir-biri ilə bağlı surətdə həll etdi: milli, regional və qlobal. Yeni enerji təşəbbüsləri təməldə milli maraqlara cavab verirdi, regional miqyasda “qazan-qazan” prinsipinə tam uyğun idi və qlobal miqyasda birbaşa Avropanın enerji təhlükəsizliyi ilə Avropa İttifaqı dövlətlərinin milli təhlükəsizliyi arasında sıx bağlantı yaradırdı. Bütün bunların nəticəsi kimi, rəsmi Brüssel müxtəlif rəsmi səviyyələrdə burmənalı bəyan etdi: “Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır”!
İkinci, 2016-cı ilin aprelində Azərbaycanın erməni təxribatlarına cavab olaraq qısamüddətli hərbi əməliyyat aparması dumanlı başları ayıltdı. Azərbaycan Lələtəpəni azad etməklə göstərdi ki, o, həm dövlət, həm də ordu timsalında ciddi surətdə dəyişmişdir. Ölkə iqtisadi, sosial və ideoloji yeniləşmənin siyasi-diplomatik fəaliyyətə və müdafiə qüdrətinin artmasına əhəmiyyətli təsir etdiyini dünyaya göstərdi.
Bununla 2016-cı ildə Azərbaycan iki sferada – enerji və ordu quruculuğunda prinsipial yeniliklər etməyə qadir olduğunu sübuta yetirdi. Bu fakt siyasi diaqnostika və proqnozlaşdırma aspektlərində son dərəcə vacib mənzərəni əks etdirirdi. Çünki faktiki olaraq Azərbaycan Respublikasının real gücünü ortaya qoyurdu.
Bizcə, Azərbaycan Prezidenti bu faktlarla dünyaya maraqlı mesajlar vermişdir. İlk növbədə, Azərbaycanın müstəqil dövlət olduğunu bir daha nümayiş etdirmişdir. Bunun əsasında Azərbaycan Respublikasının daim inkişaf etdiyini göstərmişdir. Nəhayət, Azərbaycanın güclü dövlət üçün əhəmiyyətli olan əsas sahələrdə səmərəli proqramlar həyata keçirmək qüdrətində olduğunu təsdiqləmişdir.
Sonuncu tezis özündə daxili birliyi, iqtisadi inkişafı, enerji strategiyasının dinamik inkişaf etdirilməsini və ordu quruculuğunun uğurlu olmasını ehtiva edirdi. İlham Əliyev bu böyük nailiyyəti liderlik keyfiyyətləri ilə Azərbacyanın real vəziyyəti və qlobal geosiyasi dinamikanın düzgün nisbətini müəyyənləşdirmək və onun əsasında doğru proqnozlaşdırma aparmaq sayəsində əldə etmişdir.
Nəhayət, 2020-ci ildə II Qarabağ savaşının timsalında Prezident İlham Əliyevin siyasi təhlili, diaqnozu və proqnozlarının çox doğru olduğu əyani təsdiqini tapdı. Cəmi 44 gün çəkən Zəfər savaşı dövlət başçısının şəxsi yüksək keyfiyyətləri ilə siyasi-diplomatik fəaliyyətin, real vəziyyətin və qlobal geosiyasi dinamikanın tarixi sintezinə nail olmasını sübut etdi. Bundan başqa, hətta, XXI əsr üçün nəzəri və praktiki yenilik sayılan bir özəlliyi Azərbaycan Prezidenti göstərdi. Biz İlham Əliyevin nümunəsində eksklüziv olaraq dövlət başçısı, Ali Baş Komandan və intensiv informasiya müharibəsində mücadilə edən lider – siyasətçi – diplomatı gördük.
Müasir politoloji nəzəriyyələrdə liderin yuxarıda vurğulanan keyfiyyətlərinin uğurlu olmanın başlıca parametrləri olduğu haqqında kifayət qədər fakt və təhlillər mövcuddur. Məsələn, politoloqlar XXI əsr üçün liderin kommunikativliyinin həlledici olması barədə fikirlər irəli sürürlər. Səbəbi ondan ibarətdir ki, müasir geosiyasi dinamika olduqca sürətli və riskli dəyişikliklərlə xarakterizə olunur. Hər hansı təhlil və proqnoz faktiki olaraq qısa müddət üçün keçərlidir. Bundan başqa, müxtəlif istiqamətlərdən fərqli və gözlənilməz təsirlər istisna edilmir.
Bu cür sürətli və dəyişkən dinamikanı adekvat olaraq nəzəri qiymətləndirmək mümkün deyilsə, onu yalnız liderin şəxsi qabiliyyətləri kompensasiya edə bilər. Onun yolu isə danışıqlar masasında, müzakirələrdə və hətta mübahisələrdə liderin fəaliyyətindən keçir.
Kifayət qədər savadlı, yüksək diplomatik keyfiyyətlərə malik, uzaqgörən, məntiqli və inamlı lider lazımdır ki, qarşı tərəflə müzakirələrində həm siyasi ritorikanı gözləsin, həm də ədalətli və məntiqi fikirləri ilə onu cəlb edə bilsin. Politoloqlar vurğulayırlar ki, İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində dünyanın ən güclü liderlərini belə inandıra bilmişdir! Burada mütləq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti 2003-cü ildən bu yana öz liderlik qüdrətini ardıcıl, davamlı və addım-addım dünyanın güclü dövlətlərinin başçılarına sübut etmişdir. Faktlara baxaq.
XXI əsrin başlanğıcında Rusiya, İran, ABŞ və Avropa liderləri özlərini Azərbaycana qarşı bir qədər fərqli aparırdılar. İlham Əliyev həm ikitərfli görüşlərdə, həm də müxtəlif tədbirlərdə mövqeyini elə tutarlı izah etdi ki, onların hər biri nəticədə fikirlərini ciddi surətdə dəyişdilər. Məsələn, Aİ rəsmiləri Azərbaycanla Ermənistan arasındakı münaqişədə Azərbaycanın haqlı olduğunu qəbul etdi. Məhz İlham Əliyevin gərgin siyasi-diplomatik mücadiləsi müsbət nəticəni verdi. Buna paralel olaraq, Rusiya rəhbərliyi ilə mütəmadi müzakirələr İlham Əliyevin səmimi, səviyyəli və prosesləri çox gözəl bilən lider olduğuna rəsmi Moskvanı inandırdı. Təhlil göstərir ki, bu cür yüksək kommunikativlik qabiliyyəti və diplomatik məharəti sayəsində Azərbaycan Prezidenti Ermənistan məsələsində Rusiya rəhbərliyinin mövqeyini dəyişə bilmişdir.
İranla münasibətlərdə də kifayət qədər səmərəlilik nümayiş etdirən Azərbaycan Prezidenti dəfələrlə regionu təxribatçı hərəkətlərdən xilas etmişdir. İkinci Qaqabağ savaşı zamanı da İlham Əliyevin İrana qarşı təmkinli münasibəti bir sıra fəlakətlərin qarşısını almışdır.
Türkiyə məsələsi xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev Heydər Əliyev xəttini inkişaf etdirərək Türkiyə rəhbərliyi ilə çox sıx münasibətlər qurmuşdur və indi Prezident R.T.Ərdoğanla Azərbaycan Prezidentini həm də şəxsi qardaşlıq və dostluq birləşdirir.
Bütün bunlar, hər şeydən öncə, İlham Əliyevin lider kimi yüksək ünsiyyət qabiliyyəti, kommunikasiya qurmaq bacarığı, fikrini qarşı tərəfə sübut etmək qüdrəti və yüksək iradi keyfiyyətləri sayəsində mümkün olmuşdur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru