Çinin “Xalq qəzeti” 4 min illik arxeoloji tapıntılardan yazır
Bəri başdan deyək ki, bu, bizim paytaxtımızda ərsəyə gələn “Xalq qəzeti” yox, Çin kommunistlərinin 1948-ci il 15 iyundan bəri Pekində nəşr etdikləri mətbu orqanıdır. Xatırladaq ki, Rusiya Federasiyasındakı “İnoSMİ.ru”u saytı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, eləcə də, “Jenmin Jibao”nun ən maraqlı yazılarını ruscaya tərcümə edərək paylaşır. Bu Çin qəzetinin yazdığına görə Qərbi Çindəki San Sin Duy xarabalıqlarındakı dağıntılar altından dörd min (4000) il əvvəlki sivilizasiyaya aid mədəniyyət nümunələri tapılmışdır.
“Jenmin Jibao” yazır: “Çin Xalq Respublikasının sədri Si Cinpin hələ bir il qabaq San Sin Duy dağıntıları muzeyində olarkən demişdi ki, buradakı arxeoloji qazıntıların nəticələrini bütün dünya alqışlayacaq. Çünki buradakı tapıntılar dörd min ildən də çox əvvəlki dövrün sivilizasiyalarının görkəmli nailiyyətlərini nümayiş etdirir. Bu tapıntılar Çin sivilizasiyasının çoxnövlülüyünü sübut etməklə yanaşı, Şu adlı qədim Cənub-Qərbi Çin sivilizasiyası ilə Aran Çin dövləti sivilizasiyası arasındakı bağlılığı, oxşarlığı da göstərir.
“Jenmin Jibao” yazır ki, son günlər isə “Jenminvan” xəbər agentliyinin reportyorları adı çəkilən dörd min yaşlı tapıntıları görmək üçün Sıçuan vilayətinin Quanxan şəhərinə getmiş, orada gördükləri faktlar əsasında “Onlar min illər boyu yatmışdılar, oyananda isə bütün dünyanı silkələdilər” adlı sensasiya xarakterli material hazırlamışlar. Həmin materialda qeyd olunur ki, Sıçuan vilayətindəki (Cənub Qərbi Çin) San Sin Duy dağıntıları Qədim Şu dövlətinin inkişaf səviyyəsi haqqında mükəmməl təsəvvür yaradır: “Bu dağıntıların (indi isə tapıntıların) olduğu məkan Yantsızi çayının hövzəsində həm tarixi mədəniyyət baxımından, həm də qədim paytaxtın çox böyük ərazisinin olduğuna görə ən zəngin yerdir.”
“Jenminvan”ın reportyorları yazırlar ki, yeni tapıntılar qədim Şu dövlətinin müəmmalı tarixinin öyrənilməsinə və çoxsaylı sualların cavablandırılmasına möhtəşəm töhfə verəcəkdir.
İttifaq MİRZƏBƏYLİ