Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə Gəncədə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.
Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və aparatın kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib. O qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.
DİİXİHİ Gəncə Şəhər Komitəsinin sədri Mahmud Fərzəliyev də öz növbəsində, dövlət qulluqçularını təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra DİİXİHİ Gəncə Şəhər Komitəsi adından bir qrup dövlət qulluqçusu səmərəli əmək fəaliyyətinə görə diplomlarla təltif olunublar.
Goranboyda da 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirilib.
Rayon icra hakimiyyətinin aparatının məsul əməkdaşları və digər dövlət qulluqçularının iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət Qulluqçularının Peşə Bayramı” münasibəti ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboyda fəaliyyət göstərən dövlət qulluqçularına təbriklərini çatdırıb. Dövlət qulluğunda fərqlənən bir neçə əməkdaşa rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Qeyd edək ki, Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri