23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib. Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edildiyini diqqətə çatdırıb.
Mərasimdə ölkədə dövlət qulluqçularının sayının 27 min nəfər olduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçinin prokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyət göstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkil etdiyi qeyd olunaraq ölkə başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulub.
Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 nəfər prokurorluq orqanlarında çalışmış veteran dövlət qulluqçusuna hədiyyələr təqdim edilib.
Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
XQ