Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də bu gün dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm “yaşıl” layihələr uğurla icra olunur və sözügedən sahədə gələcəkdə yüksək göstəricilər əldə ediləcəyi proqnozlaşdırılır. Çünki respublikamızın bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik məkanı kimi tanınması, eyni zamanda, enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi ölkəmizin yaxın illərdə bu sahədə də əsas təchizatçılardan birinə çevriləcəyini deməyə əsas verir.
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də verilib.
Dövlətimizin başçısı Azərbaycanın “yaşıl gündəliyi”ni nümayiş etdirdiyini, habelə respublikamızın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq…”.
Bütün bunlar isə dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın zəngin “yaşıl enerji” potensialından və əlverişli investisiya mühitindən xəbər verir. Yeri gəlmişkən, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük ehtiyatı var. Belə ki, ölkəmizin quruda 27 qiqavat enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 qiqavat enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük investisiyalar tələb edir ki, belə bir əlverişli sərmayə şəraiti də diqqət çəkir.
Bu məqamda onu da xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji potensialının icrası məqsədilə indiyədək xarici investorlarla bir sıra müqavilələr imzalanıb. Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ötən il təqdim edilən Yol Xəritəsində 2040-cı ilədək ölkəmiz investisiya qoyuluşu sayəsində dəniz küləyindən 7 qiqavatlıq enerji hasilatını reallaşdırmağı planlaşdırıb. Ümumiyyətlə, 2040-cı ilədək respublikamızda 1,5 qiqavat qoyuluş gücünün gerçəkləşdirilməsi və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizinin reallaşdırılması, həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücünün 7,2 qiqavata çatdırılması və enerji təchizatının 37 faizin təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyevin müsahibədə “Masdar”ın Azərbaycanın bərpaedilən enerji sahəsində strateji tərəfdaşı olması ilə bağlı söylədiyi fikir barədə isə qeyd edə bilərik ki, Birləşmiş Ərəb Əmirliklərinin bu şirkəti ilə sıx əməkdaşlıq yaradılıb. Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “Masdar” şirkəti arasında 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala günəş elektrik stansiyaları, eləcə də 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ bu il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışında bu barədə ətraflı bəhs edərək ölkəmizin “yaşıl enerji” potensialının uğurla reallaşdırdığını, bu istiqamətdə mühüm uğurlara nail olduğunu bildirib. Dövlətimizin başçısı daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”ndə bərpaolunan enerji ilə əlaqədar geniş tədbirlər həyata keçirildiyini, bu layihələr arasında keçən ilin oktyabr ayında 230 meqavatlıq gücə malik ilk böyük Günəş Elektrik Stansiyasının açılışının gerçəkləşdiyini qeyd edib: “Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub. İmzalanan müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycanda 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılıb”.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində ənənəvi enerji sektorunun olması ilə yanaşı, “yaşıl bərpaolunan enerji”yə keçid zamanı nəzərə çarpan çətinliklər barədə də danışıb: “Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun…”.
Dövlətimizin başçısının diqqətə çatdırdığı bu məsələlərin həlli istiqamətində qısa müddətdə ciddi layihələr gerçəkləşdirilib. Məhz bunun nəticəsidir ki, respublikamızda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində indiyədək, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gəcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri yerli və xarici ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib.
Hazırda isə ölkə rəhbərinin müsahibədə vurğuladığı kimi, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri istehsal edilən “yaşıl enerji”nin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır. Məhz elə bu məqsədlə də indi 3 dəhliz üzrə – “Xəzər–Qara dəniz–Avropa” “yaşıl enerji” dəhlizi, Zəngəzur dəhlizi və Mərkəzi Asiya ölkələrindən “yaşıl enerji” resurslarının Avropaya ixrac edilməsi çərçivəsində səmərəli iş aparılır.
XQ