Rəsmi İrəvanın “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin tezliklə imzalanmasında nə qədər səmimi olduğu hazırda ən aktual məsələlərdən biridir.
Bununla bağlı Azərbaycan tərəfi vaxtaşırı narahatlığını ifadə edir. Sonuncu dəfə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin iyunun 19-da verdiyi şərh bu baxımdan diqqəti cəlb edir. XİN rəsmisi həmin gün bildirmişdir ki, 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata Bəyannaməsinə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz ölkəmiz tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır. Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur. Eyni zamanda, bildirilmişdir ki, Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz rəsmi Bakı tərəfindən təqdim olunmuş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.
Bundan bir gün sonra Ermənistan xarici işlər nazirliyi bəyanat yayaraq İrəvanın sülh istəyində səmimi olduğunu bildirib. Ancaq baş verən proseslər, o cümlədən, Fransadan Ermənistana silah tədarükü ilə bağlı yeni faktların açıqlanması, adıçəkilən ölkədən 36 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusunun alınmasına dair saziş imzalanması başqa mətləblərdən xəbər verir. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran ölkənin müstəqillik aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası başda olmaqla, ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Bunları etmədən sülhdən danışmaq qətiyyən doğru deyil. İrəvan öz əməlləri ilə dayanıqlı sülhdə maraqlı olmadığını açıq şəkildə nümayiş etdirir.
İyunun 21-də isə Ermənistanda sülh prosesinə mənfi təsir edə biləcək daha bir hadisə baş verib. Həmin gün İrəvanda erməni apostol kilsəsinin “Artsax yeparxiyası”nın ofisi açılıb. Ofisin açılacağını iyunun 19-da yeparxiyanın rəhbəri, yepiskop Vartanes Abramyan rəsmən elan edib. Qeyd olunub ki, yeni struktur “Dağlıq Qarabağ” sakinlərinin hüquqları ilə bağlı problemlərin qaldırılması məqsədilə yaradılıb. “Yeparxiyanın dostlarının dəstəyi ilə ofis qarabağlıların cari problemləri ilə daha yüksək səviyyədə məşğul olacaq. Prioritet vəzifələr sırasında Qarabağın mədəni-tarixi irsinin qorunub saxlanılması, məcburi köçkünlərin (?) sosial-iqtisadi problemlərinin həlli və onların öz vətənlərinə (?) qayıtması üçün mümkün yolların tapılması daxildir” – yayılan məlumat bu cür sərsəm fikirlərlə doludur.
Ofisə Qarabağdakı tarix-geologiya muzeyinin keçmiş direktoru Melaniya Balayan rəhbərlik edir. Mədəni və tarixi irsin qorunması proqramlarına keçmiş qondarma rejimin “mədəniyyət, gənclər və turizm naziri” Lernik Ovannisyan, “beynəlxalq layihələrin” əlaqələndirilməsini isə xunta rejiminin sabiq “xarici işlər naziri” Karen Mirzoyan həyata keçirəcəklər. Qeyd edilib ki, ofis iyulun 1-dən öz qapılarını bütün hayların üzünə açacaq.
İyunun 21-də buna paralel olaraq, keçmiş rejimin İrəvandakı “nümayəndəliyində” vəziyyət gərginləşib. Hayastan daxili işlər nazirliyinin kriminal polisinin xüsusi təyinatlı bölməsinin əməkdaşları “nümayəndəliyə” basqın ediblər. Onlar darvazaları sındıraraq içəri daxil olublar. Yada salaq ki, hələ iyunun 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları rejimin sonuncu “qlavarı” Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etməyə cəhd göstərmişdilər. İyunun 21-də isə onlar buna nail olublar. Xüsusi təyinatlılar avtomobilin müsadirəsinin cinayət işinin tərkib hissəsi kimi həyata keçirildiyini qeyd ediblər. Ermənistan hökuməti isə heç bir dövlət əhəmiyyətli vəzifə daşımadıqları üçün separatçılara xidməti avtomobillərdən istifadəni qadağan edib. Şahramanyan və digər separatçılar dəfələrlə buna görə polis tərəfindən saxlanılmışlar.
Ermənistanda aprelin sonlarından başlayaraq keçirilən və bu ay fiaskoya uğrayan etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan isə Azərbaycanla həmsərhəd Kirants kəndindən İrəvana qayıdan kimi, yəni elə həmin günün axşamı “nümayəndəliyə” gəlib. Burada onu çox səmimi qarşılayıblar. S.Şahramanyan və qondarma rejimin əldəqayırma “parlamentinin deputatları” “srbazan”ı binanın girişində gözləyirdilər. Görüşdən əvvəl Baqrat avtomobilini “Artsax nümayəndəliyinə” hədiyyə etmək istədiyini bildirib. “Mən bu qəbuledilməz insidentdən bu gün Voskeparda xəbər tutdum. Xalqımıza xidmət etmək üçün avtomobilimi sizə vermək istəyirəm. Bu, əhəmiyyətsiz və ucuz yollarla təzyiq göstərməyə çalışan insanlara aydın siqnal verməli olan mühüm aktdır” – deyə Baqrat nəqliyyat vasitəsinin açarlarını Şahramanyana təhvil verərək bildirib.
Onu da deyək ki, Nikol Paşinyan iqtidarı ilə Qarabağ erməniləri arasında münasibətlərin pisləşməsində Baqratın aksiyalarının özünəməxsus rolu var. Həmin aksiyalara qatılanların bir çoxu 2020-ci il müharibəsindən və 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərindən sonra İrəvana könüllü gedən şəxslərdir. Bunu yaxşı bilən N.Paşinyan iyunun 12-də parlamentdə müzakirələr zamanı Qarabağdakı separatçıları “klerikal feodal tör-töküntülər” adlandırmışdı. “Müxalifətin məqsədi Ermənistanı yeparxiyaya çevirməkdir. Sizin üçün Qarabağ əhalisi mitinqlər üçün materialdır” – deyə Paşinyan əsəbi şəkildə bildirmişdi.
Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Armenian Report” saytında bugünlərdə yerləşdirilmiş “Qarabağlılar minnətdarlıq əvəzinə, Ermənistanı dişləyirlər” sərlövhəli analitik məqalədə təəssüflə bildirilib ki, bu gün yerli ermənilər 30 ildən artıq bir müddətdə Ermənistanın dövlət büdcəsi, erməni vergi ödəyicilərinin hesabına rahat yaşayanların qara nankorluğu ilə üz-üzədirlər. Söhbət nicat axtarışı ilə Ermənistana köçən 100 min (?) Qarabağ ermənisindən gedir: “Həmkarımız və bloger Roman Bağdasaryan öz verilişlərinin birində hesablamışdı ki, 30 il ərzində çoxsaylı marafonlar nəticəsində təkcə erməni diasporu tərəfindən “Artsaxa” 30 milyard dollar sərmayə qoyulub. Fərdi investisiyalar da var idi, məsələn, Levon Ayrapetyan. Ermənistan Respublikasının köməyi isə dəfələrlə çox idi. Nə deyə bilərik? “Artsax” yalnız Ermənistanın köməyi sayəsində mövcud olub. Digər məqam budur ki, nəticədə bu vəsaitlərin oğurlanması hesabına yalnız Qarabağ elitasının yuxarı təbəqəsi varlanıb. Lakin buna baxmayaraq, fakt faktlığında qalır ki, “Artsax” bütün bu illər ərzində erməni vergi ödəyicilərinin hesabına mövcud olub. Qarabağ erməniləri indi minnətdarlıq hiss etməlidirlər. Ermənistan hökuməti 2020-ci il oktyabrın 1-dən yaşayış xərclərini kompensasiya etmək üçün Qarabağdan olan “qaçqınlara” aylıq yardım ödəməyə başlayıb. Hər ailə ayda adambaşına 40 min dram və kommunal xərclər üçün daha 10 min dram alırdı. Kiçik və kasıb Ermənistan üçün bunlar çox böyük məbləğdir. İyunun 16-da hökumət Qarabağdan “məcburi köçkün düşmüş” ailələrin mənzillə təmin olunması üçün dövlət dəstəyi proqramının icrası prosedurunu açıqlayıb. Bəs cavab nədir? Cavab qara nankorluqdur. Bir çox qarabağlılar əvvəlcə Robert Koçaryanın bayrağı altında dayanmışdılar (görünür, onun onları necə aşağıladığını unudublar), indi isə tamamilə Baqrat Qalstanyanın tərəfdarları sırasına qoşulublar və onunla birgə Paşinyan hökumətinin istefasını tələb edirlər”.
Məqalədə qeyd edilib ki, Tavuş arxiyepiskopunun etiraz hərəkatının ən aqressiv tərəfi məhz Qarabağdan olan “qaçqınlar”dır. Sonda N.Paşinyanın səbri tükənib və parlamentdəki çıxışı zamanı Qarabağdakı klerikal-feodal elitasının nümayəndələrinin Azərbaycana bir neçə milyard dəyərində hərbi texnika və sursat olan arsenalları təhvil verdiyini və Ermənistandakı müxalifətin qarabağlıları 5 min dram qarşılığında mitinqlərə apararaq, onlardan hakimiyyət dəyişikliyi üçün istifadə etdiyini bildirib: “Qarabağda sizin o qədər silahınız var idi ki... Onlar erməni vergi ödəyicilərinin pulları ilə alınmışdı. Belə deyək, insanlar uşaqlarının boğazlarından kəsərək həmin silahları alaraq “Artsax”da sizə vermişdilər, ancaq siz panika içində hər şeyi atıb qaçdınız. Siz döyüşmək belə istəmirdiniz, sadəcə olaraq, Ermənistana qaçdınız. Və burada hələ də hüquqdan dəm vurursunuz. İndi mən 100 min (?) nəfərin hamısını demirəm, lakin onların, demək olar ki, yarısı Koçaryanı və Qalstanyanı dəstəkləyir. Sizin vicdanınız haradadır? Minnətdarlığınız haradadır? Heç nə yoxdur”.
Müəllif Tevos Arşakyan qeyd edib ki, nə onun, nə də redaksiyadakı həmkarlarının “Artsax xalqı”na qarşı nifrət yaratmaq niyyəti yoxdur. Qeyd edib ki, onlar erməniləri irəvanlılara, qarabağlılara, zəngəzurlulara və sair yerlərə bölmək kimi yaramaz fenomenin əleyhinədirlər. “Biz erməni cəmiyyətində “Artsax xalqı”na qarşı antipatiya təbliğ etmirik. Xeyr, burada belə hissləri doğuran onlar özləridir. “Artsaxlılar”ın Ermənistan sakinlərinə qarşı xüsusi aqressiyasını görürük, hiss edirik. Artıq bir-birinin ünvanına təhqiramiz ifadələrlə müşayiət olunan neçə-neçə qarşıdurma baş verib. Bu gün İrəvan küçələrində xüsusi rəftar tələb edən həmin o “Artsax” sakinləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Arkadi Qukasyan, Bako Saakyan tərəfindən qarət və talan ediləndə harada idilər?” – deyə müəllif qeyd edib.
Ümumiyyətlə, Ermənistanda keçmiş illərdə də yerli ermənilərlə Qarabağ erməniləri arasında həmişə ixtilaflar olub. Sadəcə, Ermənistan Birinci Qarabağ müharibəsindən qalib ayrıldığı üçün bu ixtilaflar çox da nəzərə çarpmayıb. Əslində isə yerli ermənilər Qarabağı hər zaman ölkənin “başına bəla” adlandırıblar. Az-çox rasional düşünənləri Qarabağı heç zaman görməyən uşaqlarının Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisində qulluq etdiyini, həlak olduğunu bildiriblər. Əslən İcevandan olan Nikol da bu düşüncədə olanlardandır. İyunun 12-də parlamentdəki iclasda Paşinyan Qarabağdakı keçmiş rejimi 2023-cü ilin sentyabr ayında döyüşməməkdə, tez bir zamanda təslim olmaqda və erməni vergi ödəyicilərinin pulları hesabına alınmış milyardlarla dəyəri olan silah-sursatı Azərbaycana verməkdə ittiham etmişdi. Hazırda Paşinyan və onun komandası Ermənistanda Qarabağ ermənilərinə qarşı nifrətin artmasında maraqlıdır. Qeyd etdiyimiz kimi, bu da səbəbsiz deyil: Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir.
Səxavət HƏMİD
XQ