Böyük Britaniyanın Enerji İnstitutunun yeni hesabatı Qərb ölkələrinin enerji istehlakını azaltmaq və qalıq yanacaqların (neft, kömür və təbii qaz) yandırılmasını məhdudlaşdırmaq səylərinin nəticəsiz olduğunu göstərir. Son 10 ildə Avropa adambaşına düşən enerji istehlakını, təxminən, 1 faiz azaldıb.
Hindistan və Çin isə əksinə, bu rəqəmi 3 faiz artırıb və bunun çox hissəsi kömür və digər qalıq yanacaqların daha çox yandırılması ilə əlaqədardır. Nəticədə ümumi istixana emissiyaları tarixi maksimuma, Çinin adambaşına düşən enerji istehlakı isə ilk dəfə olaraq Avropa səviyyəsinə çatıb.
Ötən il Çinin adambaşına düşən enerji istehlakı ilk dəfə olaraq Avropanı ötüb. Bu, Londonda yerləşən Enerji İnstitutunun (EI) yeni statistik icmalında deyilir. “Bloomberg” agentliyi yazır ki, Çinin enerji istehlakı məlumat mərkəzləri şəbəkəsi, 5G və elektrik avtomobilləri doldurma infrastrukturu və xaricdə tələbatı ödəmək üçün tam gücü ilə işləyən fabriklər səbəbindən artır. Eyni zamanda, Çin bərpa olunan enerji potensialını yaratmaqla elektrik enerjisi istehsalını dünyanın qalan hissəsindən daha çox artırıb. Lakin Çində enerji istehsalının ümumi artımı həm də kömür və digər qalıq yanacaqlardan istifadənin artması ilə təmin edilib.
Hesabatda bildirilir ki, ABŞ-də adambaşına düşən ilkin enerji istehlakı son on ildə 0,4 faiz, Avropa İttifaqında isə 1,2 faiz azalıb. Bununla belə, qlobal enerji istehsalı və istixana emissiyaları azalmayıb, əksinə, artıb və artmaqda davam edir. 2023-cü ildə enerji ilə bağlı qlobal istixana qazı emissiyaları tarixdə ilk dəfə olaraq 40 Gt karbon ekvivalentini keçib. Bilirilir ki, ötən il qlobal ilkin enerji istehlakı üzrə ardıcıl ikinci rekord qeydə alınıb və 2 faiz artaraq 620 exacoul (eJ) olub. Bu gün qlobal ilkin enerji istehlakının artım tempi son 10 ildə orta göstəricidən 0,6 faiz, koronavirus böhranından əvvəlki 2019-cu ilin səviyyəsindən isə 5 faizdən çox yüksəkdir. Nisbətən aşağı karbonlu qalıq yanacaq olan təbii qaza tələbat sabit olaraq qalır.
Mütəxəssislərin sözlərinə görə, enerji istehlakının ümumi artımı isə daha çox karbon tutumlu mədən yanacaqlarından – neft və kömürdən istifadənin artması ilə bağlıdır. Bu tendensiya enerji ilə bağlı istixana qazı emissiyalarının bütün zamanların ən yüksək həddə olması deməkdir. Eİ-nin araşdırmasına görə, qalıq yanacaqlarından yaranan karbon emissiyaları enerji ilə bağlı istixana qazları emissiyalarının ən böyük mənbəyidir və ümumi həcmin təxminən 87 faizini təşkil edir.
Bundan əlavə, Qərb ekspertləri qeyd edirlər ki, avropalılar əsasən karbon emissiyalarını inkişaf etməkdə olan ölkələrə ixrac ediblər. Bununla bağlı “Bloomberg qeyd edir ki, Avropada enerji istehlakının və emissiyaların azalması digər ölkələrdə karbon emissiyalarını artırırsa, bu o deməkdir ki, iqlim siyasəti işləmir. Qalıq yanacaqdan istifadə təkcə Çində deyil, Hindistanda da artır. Sürətli iqtisadi artım fonunda Hindistan ilk dəfə Avropa və Şimali Amerikanın birləşdiyindən daha çox çirkləndirici yanacaq istifadə edib. Yaxın illərdə bu tendensiyanın dəyişəcəyinə dair əlamətlər də görünmür. Hindistan Kömür Nazirliyinin sözçüsü Afrit Lal Min ötən ilin sonunda demişdi ki, Hindistan sənaye və iqtisadi artımın sürətləndirilmiş trayektoriyasındadır və kömür ölkənin inkişafında əsas rol oynamağa davam edir. Onun sözlərinə görə, Hindistanın əhalinin enerji təhlükəsizliyini təmin etmək üçün ucuz və əlçatan yanacaq mənbəyinə alternativi yoxdur. Onun sözlərinə görə, 2028-ci ilə qədər yeraltı kömür hasilatının üç dəfə artırılması açıq mədən ehtiyatlarının tükənməsini kompensasiya etməyə və idxalı mərhələli şəkildə dayandırmağa kömək edəcək.
Hindistan 2024-2025-ci maliyyə ilinin sonuna qədər elektrik istehsalını 15,4 GVt artıracaq ki, bu da, təxminən, 10 ilin ən yüksək illik göstəricisidir. “Business Standard” qəzetinin məlumatına görə, artımın yeni kömürlə işləyən elektrik stansiyalarının işə salınması hesabına əldə edilməsi planlaşdırılır. Hazırda ölkədə 28,5 QVt gücündə kömürlə işləyən elektrik stansiyası tikilir və növbəti üç il ərzində ümumi gücü 50 GVt olan bir neçə kömür elektrik stansiyası inşa olunacaq. Son 10 ildə Hindistan istilik enerjisi istehsalının artımını geridə qoyaraq, 100 GVt-dan çox bərpa olunan enerji gücü əlavə edib. Bununla belə, ekoloji cəhətdən təmiz elektrik enerjisinin yığılması üçün anbarların olmaması onun istehsalına mane olur və kömürlə işləyən enerji obyektlərinin nəinki qorunub saxlanmasına, həm də gücünün artmasına səbəb olur. İndi onlar Hindistanın elektrik enerjisinin təxminən dörddə üçünü istehsal edirlər və hökumət inanır ki, kömür ən azı daha 10 il milli enerji qarışığında dominant yanacaq olaraq qalacaq. Bu isə o deməkdir ki, dünya daha da çirklənəcək.
Hindistanın Kömür Nazirliyinin məlumatına görə, ölkənin təxmini kömür ehtiyatları hazırda 361 milyard metrik ton təşkil edir. Ölkənin kömür idxalı 90 milyon tona çatır, lakin “fillər ölkəsi”ndə kömür hasilatını artırdıqdan sonra ixraca keçidlə dayandırılacaq. Hesablamalara görə, 2030-cu ilə qədər Hindistanın daxili kömür ehtiyacı 1,5 milyard tona çatacaq. “Özünü təmin edən Hindistan” dövlət proqramına uyğun olaraq ölkədə yeni kömür mədənləri açılacaq və mövcud mədənlərdə hasilat artırılacaq. Son 2023–2024-cü maliyyə ilində (31 martda başa çatıb) Hindistanda kömür hasilatı 1 milyard tonu ötüb.
Qeyd etmək yerinə düşər ki, Hindistan orta illik PM2 konsentrasiyası ilə dünyada havanın çirklənməsinə görə beşinci ən yüksək səviyyəyə malikdir. PM2.5 və ya ölçüsü 2,5 mikron və ya daha az olan hissəciklər ən çox yayılmış və təhlükəli hava çirkləndiricisidir. PM2.5-ə məruz qalma ürək və ağciyər xəstəlikləri də daxil olmaqla bir çox xəstəliklərə səbəb olur.
S.ELAY
XQ