“Qərbi Azərbaycana qayıdış” qədim tarix və yurd sevgisindən güc alır

post-img

Naxçıvanda keçirilən festival-konqres isə bu hərəkata geniş ictimai dəstək qazandırır

Xəbər verdiyimiz kimi, Naxçıvanda keçirilən builki “Qərbi Azərbaycana qayıdış” festival-konqresi iyunun 21-də Zəngəzur Milli Parkının Qərbi Azərbaycanın qonşuluğunda yerləşən Batabat yaylağında təntənəli açılış və qədim el törənlərini xatırladan etnoqrafik festivalla start götürmüşdü.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Qərbi Azərbaycan İcmasının birgə təşkil etdiyi geniş elmi-mədəni aksiya dünən elmi sessiyalarla, kitab təqdimatı, Ordubad rayonunda qaçqınlarla görüş və çoxsaylı iştirakçıların Zəngəzur dəhlizinə doğru rəmzi yürüşü ilə davam etdi.

Naxçıvan Dövlət Universitetinin iclas salonlarında təşkil edilən  panel elmi sessiyalarda “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbayca nın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın  təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələr dinlənildi.

Mövzu təqdimatlarında və müza kirələrdə Qərbi Azərbaycanın 11 tarixi mahalının ən qədim zamanlardan türk yurdu olması, bu torpaqlarda babalarımızın zəngin mədəni irs yaratması, imperialist dairələrin xəyanətkar himayədarlığı ilə vətənsiz hay toplumlarının bu ərazilərdə yerləşdirilməsi və onlara oyuncaq dövlət qurulması, erməni millətçilərinin soydaşlarımıza qarşı törətdikləri soyqırımı və deportasiyaların faciəli nəticələri təkzibedilməz elmi dəlillərlə bir daha gündəmə gətirildi.

Yekun olaraq bildirildi ki, zaman-zaman Qərbi Azərbaycandan qovulmuş 4 milyon türk əhalinin varislərinin əzəli insanlıq haqqı olan qayıdıb doğma torpaqlarında yaşaması bu gün qarşısıalınmaz bir hərəkat halına gəlib. Zəngin mədəni irsin sahiblərinin pozulmaz qan yaddaşı və misilsiz yurd sevgisi Qərbi Azərbaycana qayıdış hərəkatını irəli aparan  güclü lokomotivivdir.

***

Həmin gün festival-konqresin bir qrup iştirakçısının Ordubad rayonunda məskunlaşmış Qərbi azərbaycandan qaçqın soydaşımızla görüşü oldu.     

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev soydaşlarımıza Naxçıvanda ikinci dəfə keçirilən aksiyanın məramı barədə məlumat verdi, qayıdış hərəkatının uğurla nəticələnəcəyinə xalqımızın inamını ifadə etdi. 

Görüşdə ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış hərəkatını himayə etməsi məmnunluqla vurğulandı, festi val-konqresin də bu mərama dəstək olduğu qeyd edildi. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, dövlət rəsmiləri, deputatlar, elm adamları, qaçqın soydaşlarımızla səmimi söhbət edilər, onların doğma yurda qayıtmaq istəyinin gerçəkləşməsi üçün xalqımızın birlik və mübarizliyinin başlıca silah olduğunu söylədilər.

Görüş iştirakçıları Naxçıvanı ölkənin əsas hissəsindən ayıran Zəngəzur dəhlizinin başlanğıcı olan Kotam kəndi ərazisində Salamməlik dəmiryol stansiyasında rəmzi yürüş keçirdilər, xatirə şəkli çəkdirdilər.

***

Festival-konqres çərçivəsində Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali məktəbin rektoru Elbrus İsayevin “Qərbi Azərbaycana qayıdış festival-konqresinin materialları” və “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: Sülh və Ədalət” kitablarının təqdimatı da keçirildi. 

Elbrus İsayev bildirdi ki, festival-konqresdə bu kitabların təqdimatı xüsusi önəm daşıyır. lkəmizin ziyalılarının, qabaqcıl alimlərinin məruzələri, məqalələri bu kitabda yer alıb. Türkiyənin Hacəttəpə, Qazi, Ankara, Qars, İğdır univeristetlərinin rektorlarının da Qərbi Azərbaycan mövzusuna həsr olunmuş çıxışları bu topluya əlavə olunub. 620 səhifəlik bu nəşr Qərbi Azərbaycanı öyrənmək istəyən hər kəs üçün dəyərli mənbədir. Hər il keçiriləcək festival-konqresdə ötən aksiyanın materialları kitab şəklində iştirakçı və məruzəçilərə təqdim ediləcək.

Təqdimatda Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri Əziz Ələkbərli, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Əməkdar elm xadimi Fərrux Rüstəmov yeni nəşrlərin Qərbi Azərbaycana qayıdış hərəkatına elmi töhfə olduğunu söylədilər.

Festival-konqres iştirakçıları ”Xalq qəzeti” üçün qısa açıqlamalarında təəssüratlarını belə ifadə etdilər: 

Alı Alıyev Qərbi Azərbaycanın ərələyəz mahalının İstisu İcmasının sədri:

– Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi möhtəşəm tədbirdir və burada keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Festivalın birinci günü Batabat yaylağında olduq, Qərbi Azərbaycanın 11 mahalına məxsus çadırlar qurulmuşdu. Burada təşkil olunan folklor və etnoqrafik, eləcə də, milli mətbəx nümunələrimiz tədbirə məxsusi bir gözəllik və dəyər qatırdı. Xüsusilə burada Qərbi Azərbaycana məxsus toy mərasiminin təşkil olunması, müxtəlif folklor nümunələrinn təqdimatı yaddaşımızda böyük izlər buraxdı. 

Naxçıvan Dövlət Universitetində keçirilən panel iclasında da bu bölgəmizə aid folklor nümunələrindən danışdıq. Hamımız bilirik ki, folklor xalqmızın qan yaddaşıdır. Babalarımızın, nənələrimizin söylədikləri hər şey folklorumuzda öz əksini tapır.   Bütün bunlar onu göstərir ki, Qərbi Azərbaycan hər birimizin qəlbində yaşayır və Qarabağa qayıdışımız kimi, inşallah Qərbi Azərbaycana qaydışımız da baş tutacaq.

Əpoş Əliyev, AMEA Folklor İnstitutunun folklor şöbəsinin elmi işçisi:

 – Naxçıvanda Qərbi Azərbaycan festival-konqresinin keçirilməsi mühüm hadisədir. Naxçıvan həm də Şərqin qapısıdır. Buradan baxanda biz artıq Qərbi Azərbaycan mahallarını görürük. Bu gün qarşımıza qoyduğumuz məqsəd sülh yolu ilə torpaqlarımıza qayıdışdır. Bütün Qərbi azərbaycanlıların da ən böyük arzusu doğma ata-baba yurdlarına qayıtmaqdır. Buna görə də bu gün Azərbaycanımızın qədim diyarı olan Naxçıvanda bir çox tanınmış insanlarımızın, o cümlədən elm adamlarımızın belə bir möhtəşəm konfrasda iştirak etməsi həmvətənlərimizin yurd yerlərinə qayıtmaq inamını daha da gücləndirir. 

Prezident İlham Əliyevin dediyi kimi, əminik ki, sülh şəraitində, öz avtomobillərimizlə ata-baba ocağımız olan yurd yerlərimizə qayıdacağıq, oradakı məzarları, tarixi abidələrimizi ziyarət edəcəyik. Festival-konqresin təşkili üçün muxtar respublika rəhbərliyinə, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması rəhbərliyinə təşəkkür edirik. 

Bu gün  “Qərbi Azərbaycana qayıdış” festival-konqresi mədəni-kütləvi tədbirlərlə davam edəcək, mükafatlandırma və bağlanış mərasimi olacaq.

Tahir AYDINOĞLU

Səbuhi HƏSƏNOV

XQ

NAXÇIVAN 







Sosial həyat