III məqalə
Multiregional kontekst
Dünyanın tanınmış diplomatları və politoloqlarının Yaxın Şərqin, Qafqazın və Mərkəzi Asiyanın coğrafi mövqelərinə görə geosiyasi əhəmiyyəti ilə bağlı qiymətlədirmələri olduqca maraqlıdır. Yaxın Şərq həmişə dünya siyasətinin ən aktual mövzularından biri olmuşdur. Hətta, bu coğrafiyada geosiyasi üstünlüyə malik olan dövlət və ya dövlətlər qrupunun bütövlükdə dünyaya hökm edə biləcəyi fikri mövcuddur.
Müasir politoloji araşdırmalarda Yaxın Şərqin dünya siyasi proseslərinə ciddi təsirindən bəhs edilir. Bu aspektdə də ayrıca, Cənubi Qafqaz və Mərkəzi Asiyaya olan təsirlər analiz olunur. Onu vurğulayaq ki, H.Makkinder Yaxın Şərqi “marjinal region” adlandırmışdı, lakin tarixi proseslər göstərir ki, hazırda bu regionda baş verən geosiyasi, siyasi və hərbi proseslər Qafqaz və Mərkəzi Asiya istiqamətində çox təsirlidir.
Cənubi Qafqaza gəldikdə isə həm H.Makkinder, həm də ondan sonra gələn Qərb politoloqları və diplomatları bu məkanı xüsusi qiymətləndirmişlər. Onlar Cənubi Qafqazı “dünyanın geosiyasi mərkəzləri”ndən biri adlandırmışlar. Z.Bzejinski isə ayrıca Azərbaycanı “Şərqlə Qərb arasında əsas geosiyasi körpü” kimi tərif etmişdir. H.Kissincerin də mövqeyi buna bənzərdir. İndi Qərbdə hazırlanan elə bir geosiyasi konsepsiya yoxdur ki, Cənubi Qafqazı yüksək qiymətləndirməsin. Özü də onların hər birində Cənubi Qafqaz multiregional kontekst-
də təqdim edilir.
Mərkəzi Asiyaya gəldikdə isə, indi bu regionda böyük güclərin mübarizəsi yeni kəskinlik və gərginlik səviyyəsinə yüksəlməkdədir. ABŞ–Rusiya–Çin geosiyasi rəqabət üçbucağında proseslər kifayət qədər intensiv gedir. Maraqlıdır ki, bu mübarizədə də Mərkəzi Asiyanın multiregional kontekstdə təqdimatı üstünlük təşkil edir. Həmin region, bir qayda olaraq, Asiya, Qafqaz və Yaxın Şərq qarşılıqlı əlaqəsində nəzərdə tutulur. Eyni zamanda. Qərb geosiyasi məkanı ilə münasibətlər aspektində də Mərkəzi Asiyanın aktuallığı artmışdır.
Belə çıxır ki, həm tarixən, həm də müasir mərhələdə türk dövlətlərinin yerləşdiyi coğrafiya, həmin məkanda aparılan geosiyasət və digər aspektlər nəzəri təlimlərdə multiregional kontekstə malikdir. Bizim baxdığımız politoloji məsələ kontekstində bu o deməkdir ki, indiki mərhələdə Cənubi Qafqazın geosiyasətinə multiregional aspektdən kənar baxmaq bütövlükdə XXI əsrin çağırışlarına uyğun deyildir. Buna görə də TDT özlüyündə türk dövlətlərini əhatə etsə də, geosiyasət, əməkdaşlıq və təhlükəsizlik baxımından multiregional mahiyyətlidir. Bu cür “təbii multiregionallıq” avtomatik olaraq TDT-yə həmin prizmada yanaşmağı tələb edir.
TDT-nin multiregional özəllikləri
Türk Dövlətləri Təşkilatı haqqında indi çox sayda araşdırmalar aparılır. Onların hər birinin əhəmiyyəti vardır. Bununla yanaşı, TDT-nin multiregional mahiyyəti politoloji aspektdə aydınlaşdırılmalıdır. Həm də milli ideya konteksti onun əsas faktorlarından biri olmalıdır. Səbəbləri aktual və maraqlıdır.
Azərbaycan üçün TDT-nin multiregionallığının mərkəzində Ulu öndərin konseptual müəyyən edərək reallaşdırdığı Naxçıvan sinerjisi–Azərbaycan sinerjisi və ümumtürk sinerjisi transformasiyaları dayanır. Öncədən Azərbaycan dövlətçiliyi müstəqillik aspektində konkret Azərbaycan–Cənubi Qafqaz–Türk dünyası bağlantısı nəzərə alınaraq diqqətdə saxanılmışdır. Bu o deməkdir ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafı yalnız milli və ya regional miqyasda deyil, həm də multiregional miqyasda məzmunlaşdırılmışdır. Bu mənada, multiregionallıq faktoru milli ideyada təbii olaraq yer almaqdadır.
Ayrıca, dövlət quruculuğu sinerjisinin transformasiyaları ilə regionlararası əlaqələrin inkişafı arasında başqa aspektdə də bağlantıların qurulması lazım gəlir. Həmin bağlantılar Azərbaycanın hər bir türk dövləti ilə ayrıca və bütövlükdə, TDT daxilində əməkdaşlıq modelinin uyğunlaşdırılmasını təmin etməlidir. Çünki XXI əsrin təcrübəsi göstərir ki, başqa halda əməkdaşlıq qalıcı olmur – hər bir iştirakçının maraqları həm maksimum təmin ediməlidir, həm də onlar arasında qarşılıqlı anlam olmalıdır.
Bu iki səviyyənin real təmin olunması milli ideyanın məzmunu ilə sıx bağlıdır. Məsələn, hər hansı TDT üzvünün milli ideyası digər türk dövlətlərinin milli ideyalarının strateji hədəfləri ilə ziddiyyət təşkil etməməlidir. Əks halda, proses hansısa məqamda qırılacaqdır.
Konkret həyatda milli ideyalar arasında ziddiyyətsiz mühit yaratmaq başqa aktual məsələdir. Deməli, Azərbaycan üçün yeni tarixi mərhələdə milli ideyanın multiregional konteksti ciddi strateji məna kəsb edir. Burada aktual hesab etdiyimiz bir neçə məqamı vurğulamaq olar.
Hər şeydən öncə, regional təşkilatlanma ilə multiregional miqyasda fəaliyyət arasında daxili əlaqələrin əhəmiyyəti artır. Yəni Azərbaycan Cənubi Qafqazın lideri olaraq TDT-də həm də yerləşdiyi regionun maraqlarına uyğun iştirak etməlidir. Buna görə də, məsələn, Qafqaz evi formatının işlək olması lazımdır. Və yaxud “3+3” formatı real təhlükəsizlik platforması kimi fəaliyyət göstərməlidir. Bu növ regional təşkilatlanma iki cəhətdən Azərbaycana TDT-də daha fəal olmağa imkan yaradır.
Birincisi, Azərbaycan hər bir türk dövləti üçün də əhəmiyyəti olan Cənubi Qafqazın sabit, etibarlı və təhlükəsiz məkan olmasını təmin edir. Bu təminat Mərkəzi Asiya ilə Avropa arasında etibarlı geosiyasi körpü rolunu oynamağa ciddi töhfə verər.
İkincisi, Azərbaycan Cənubi Qafqazın lideri kimi, region dövlətlərini əməkdaşlıq və təhlükəsizlik kontekstlərində həm də istiqamətləndirmiş olur. Onlar əmin olurlar ki, türk dövlətləri ilə əməkdaşlıq milli təhlükəsizlikləri və perspektivli qalıcı inkişafları üçün çox vacibdir. Bu faktorun strateji aspektdə çox sayda dövlətin
TDT-yə münasibətinin yeniləşməsinə güclü təkan verəcəkdir. Həm də geosiyasi rəqabətin getdikcə gücləndiyi bir mərhələdə TDT-nin şansını daha da artıracaqdır.
Belə çıxır ki, Azərbaycan Prezidentinin postmüharibə dövründə TDT-nin gücləndirilməsi ilə bağlı vurğuladığı fikrin ciddi nəzəri və praktiki əsasları vardır. Söhbət faktiki olaraq müstəqil Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələdə elə transformasiyasından gedir ki, həm regional, həm də multiregional miqyaslarda Azərbaycan Respublikası dövləti həlledici güclərdən birinə çevrilsin. Əlbəttə, bu, kifayət qədər mürəkkəb və çətin vəzifədir, lakin qarşıya qoyulan istənilən vəzifənin uğurla öhdəsindən gələ bilmək qüdrətini Azərbacyan Prezidenti dəfələrlə sübut etmişdir. Milli ideya kontekstində Azərbaycan multiregionalizminin də uğurlu olacağına şübhə yoxdur. Bu prosesin ilkin əlamətləri artıq özünü göstərir.
Azərbaycan multiregionalizminin siyasi-diplomatik təzahürləri bir neçə faktda ifadəsini tapmışdır. Onlardan birincisi Ermənistanla sülh müqaviləsinin imzalanma prosesinin yeni əlamətləri ilə bağlıdır. Azərbaycan Prezidenti bu məsələni Zəngəzur dəhlizi ilə daha sıx əlaqələndirməyə nail olmuşdur. Bu zaman Zəngəzur dəhlizi Orta dəhlizin mühüm bir punktu statusunda təqdim edilir. Azərbaycan tərəfindən məsələnin qoyuluşu belədir: “Zəngəzur dəhlizi ya açılacaq, ya da mütləq açılacaq”!
Maraqlıdır ki, artıq Qərb və Rusiya da bu gedişatla razılaşırlar. Rusiya xüsusilə Ermənistan rəsmilərinin Zəngəzur dəhlizinə nəzarəti avropalıların edə biləcəyinə eyham vurmasından sonra mövqeyini daha da qətiləşdirmişdir.
ABŞ-yə gəldikdə isə C.Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubdan görünür ki, Vaşinqton rəsmi Bakının təşəbbüsünə dəstək verir. Brüsseli də qane etməyən hər hansı məqam yoxdur. Zəngəzur dəhlizinə nəzarət məsələsində Aİ-nin Rusiya ilə ziddiyətini isə onlar özləri həll etməlidirlər. Bu məsələdə Azərbaycan həmişə beynəlxalq hüququn və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır.
Digər fakt Prezident İlham Əliyevin Misir və sonra Türkiyə səfərlərinin məzmununda ifadə edilmişdir. Azərbaycan Prezidenti multiregional miqyasda Cənubi Qafqazdan tutmuş Fələstinə qədər geniş məkanda olan məsələlərin həllinin aktiv iştirakçısıdır. Türkiyə Prezidentinin azərbaycanlı həmkarını Ankara Hava Limanında qarşılaması və orada müzakirələr aparması İlham Əliyevin xarici siyasətdə multiregionalizmi uğurla reallaşdırmasının təsdiqlərindən biridir. Həmin bağlılıqda Rusiya rəhbərliyinin Azərbaycan və Türkiyə ilə əlaqəli yeni müsbət fikirlər söyləməsini unutmaq olmaz!
Bunlar onu ifadə edir ki, Azərbaycan xarici siyasətdə multiregionalizmi reallaşdırmaq istiqamətində əhəmiyyətli addımlarını atmaqdadır. Bu addımlar Çin, Cənubi Qafqaz, Rusiya, Türkiyə, Yaxın Şərq arasında etibarın, sülhün və əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti həmin bağlılıqda artıq əsas liderlərdən biri kimi fəaliyyət göstərir. Bu da TDT kontekstində digər bir məsələnin aktuallaşdığını əks etdirir.
Belə görünür ki, Azərbaycanın multiregional siyasəti TDT üçün struktur və funksional aspektlərdə yeni məsələləri aktuallaşdırmışdır. Konkret olaraq, TDT stukrutlaşmasının yeni səviyyəsinə keçməlidir. Burada çevik, aktiv və geniş funksional imkanlara malik olmaq şərtləri mütləq ödənməlidir. Çünki Azərbaycan multiregionalizmi indi elə səviyyədədir ki, hər bir türk dövlətinin də xarici siyasətdə fəal olmasını tələb edir. Söhbət, bütövlükdə, Türk dünyasının sabitliyi, təhlükəsizliyi və əməkdaşlığından gedirsə, başqa yol yoxdur. Həm türk dövlətləri ayrıca həm də bir təşkilat olaraq TDT bu tələblər səviyyəsində fəaliyyət göstərməlidir. Buna görə də yaxın perspektivdə TDT-də strukturlaşma və funksionallaşmada yenilikləri gözləmək olar.
Bu da, öz növbəsində, milli ideyada yeni məzmun çalarlarının aydınlaşa bilməsini mümkün saymağa imkan verir. TDT multiregional təşkilat kimi özünün yeni səviyyəsinə yüksəlsə, sonrakı mərhələdə qlobal miqyasda türk dövlətlərinin rolunun artması təmin olunacaqdır. Təbii ki, bu proses konkret dinamikaya malikdir və hadisələri qabaqlamaq olmaz.
Lakin indidən aydındır ki, TDT-nin multiregional mahiyyətli təşkilat kimi yeni təşkilatlanma səviyyəsinə yüksəlməsi ilə başqa bir təşkilatın – Qoşulamama Hərəkatının regionlararası kontekstdə fəaliyyətinin əhəmiyyəti çoxalacaqdır. Azərbaycan üçün məsələ həm də ona görə əhəmiyyətlidir ki, ölkəmiz bu təşkilata sədrliyi müddətində ciddi uğurlar qazanmışdır. Hazırda məhz Qoşulmama Hərəkatı daxilində Azəraycanın yeni müstəmləkəçiliyə və ksenofobiyaya qarşı mübarizə təşəbbüsü ciddi dəstək görür. Həmin kontesktdə Qoşulmama Hərəkatının TDT ilə münasibətləri məsələsi daha da aktuallaşır.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru