Bəri başdan deyək ki, Akop indi özünü erməni adlandıran hayların ənənəvi, çox istifadə edilən adlarından biridir. “Harop” isə 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın edən, erməni dövlətinin belini qıran, hay ideoloqlarının “dilini kəsən” Azərbaycan Ordusunun arsenalında özünəlayiq yer tutmuş İsrail silahının adıdır. Bu pilotsuz uçuş aparatı Ermənistan hərbi sənayesinə necə od qoyubsa, onu təkcə erməni zabitləri və əsgərləri bilirlər.
Yadımdadır, “Harop” və “Bayraktar” işğal altındakı Azərbaycan ərazilərində dislokasiya olunmuş Ernənistan hərbi birləşmələrini yerlə-yeksan edəndə erməni politoloq və tarixçiləri “Xolokost ( faşistlərin yəhudilərə qarşı törətdikləri soyqırımı– İ.M.) olmayıb!”, “Dünyanı Xolokostla aldatmaq olmaz!” – kimi cəfəng və uydurma bəyanatlar verərək, Təl-Əvivə təzyiq göstərməyə başlamışdılar. Alınmadı. İsrail Azərbaycana silah satmağı dayandırmadı və “Harop” Xocalı qatillərinə, on minlərlə azərbaycanlının qanını içənlərə “qan uddurmaqda” davam etdi. Elə ona görə də, bu qədim Azərbaycan ərazisi olan Ermənistandakı çoxəsrlik tarixə malik yəhudi sinaqoqu hücumlara məruz qalır.
Yeri gəlmişkən, türk xalqlarında “Ərənlər döyüşü üçdən deyiblər” kimi bir məsəl var. Təbii ki, ərən qüdrətli, qoçaq kişi deməkdir. Ermənilərdə həmin qüdrət, qoçaqlıq olmadığına görə onlar döyüşü üç dəfəyə tamamlaya bilmirlər. Yəni ötən ilin oktyabrından bəri bu ölkədəki yəhudi sinaqoqu artıq dördüncü dəfədir ki, hücuma, terrora, təxribata məruz qalır. Lap on dörd dəfə “qaşınsalar”da, xeyri olmayacaq. Ermənistan dövləti Azərbaycan əsgərinin əlindən elə bir sarsıdıcı zərbə alıb ki, onlar indi İsraillə “qoz-qoz” oynamaq iqtidarında deyillər.
Amma, “vərdişə müalicə yoxdur” deyiblər. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, naməlum şəxslər iyunun 11-nə keçən gecə Yerevanda sinaqoqa hücum ediblər. Ermənistanın yəhudi icmasının nümayəndələrinin “Teleqram” kanallarında yaydığı fotoşəkillərdə daşla qırılan pəncərə və şüşə parçaları görünür. Əlavə edilir ki, dini mərkəzə qəsdən ziyan vurmaqla hücum faktı ilə bağlı cinayət işi açılıb.
Beynəlxalq mətbuat yazır ki, İsrail mediası bütün bunlara görə hakimiyyətin reaksiyasının olmamasından narahatdır. Həmin media orqanlarında ravvinlər və israillilərin sosial şəbəkələrdə təhdid olunması halları xatırladılır. Qeyd edilir ki, binaya od vurmağa çalışan canilər hələ də tapılmayıb.
Ermənistan mətbuatı isə bu vandallıq aktı barədə susaraq “İsraillə “Hizbullah” bir-birinin obyektlərini bombalayır” kimi mənbəyi və müəllifinin mövqeyi məlum olmayan xəbərlərlə oxucunun başını qatmaqla məşğuldur. Əslində, onlardan bundan başqa heç nə gözləməyinə dəyməz. Çünki Ermənistanın və ermənilərin konkret mövqeyi heç zaman olmayıb, indi də yoxdur.
İ. MƏMMƏDCANOĞLU