Onlar Bakıdan nəyisə tələb etmək haqqını üç il yeddi ay bundan əvvəl itiriblər
Radikal sağçıların Avroparlamentə seçkilərdə “parlaq” qələbəsindən sonra daxildə siyasi “hərarəti” kifayət qədər yüksəlmiş qitənin qocaman dövlətlərindən biri də Almaniyadır. İndi Avropanın bu böyük ölkəsi daxili siyasi çəkişmələrlə yanaşı, separatçı hayların iştirakçısı olduğu anti-Azərbaycan mitinqlərinə də evsahibliyi edir.
Söhbət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bonn şəhərində keçirilən sessiyanın iştirakçıları qarşısında alman–erməni şurasının sədri Conatan Şbankenperkin qaldırdığı təxribatçı təşəbbüsdən gedir. Onun başçılıq etdiyi kampaniyada Bakıda, guya, qanunsuz saxlanılan “Artsax”ın hərbi-siyasi rəhbərliyinin və bütün erməni məhbusların sərbəst buraxılması” tələb olunur.
Bu barədə erməni mediasına danışan Conatan Şbankenperk təşkil etdikləri aksiyalar və “gələcək tədbirlər” barədə danışıb: “Biz bu aksiyaları kifayət qədər qısa müddətdə təşkil etdik. İki tədbir keçirdik. Birincisi bazar ertəsi, iclas başlananda oldu. Aksiyaya 20-yə yaxın iştirakçı qoşulub. İkinci aksiya cümə günü, iyunun 7-də baş verdi. Orada 30-a yaxın erməni iştirak edirdi. Biz çox sayda nümayəndə heyəti ilə söhbət edə bildik və onlara Azərbaycanın gördüyü işlər barədə məlumat verdik. 800-ə yaxın vərəqə payladıq və onlardan soruşduq ki, nümayəndə heyətləri bizim tələbimizi qaldıracaqmı? Mitinqdə Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlərin fotoları nümayiş etdirilib”.
Daha sonra ermənipərəst Şbankenperk özü də fərqinə varmadan Bonn sessiyasına gələn xarici nümayəndələr arasında apardıqları işin çox şübhəli və maraqlı xarakterini faş edib: “Biz nümayəndələri bu məsələləri qaldırmağa təşviq etməliyik. Bu, təkcə erməni məsələsi deyil. Bu, ciddi insan haqları məsələsidir. COP29 sammitinin insan haqlarını pozan ölkədə keçirilməsi qəbuledilməzdir”.
Xarici ölkələrin təmsiçilərini hansı formada “təşviq etməyə” hazırlaşdıqlarını açıqlamayan alman–erməni şurası sədrinin buna necə nail olacaqları heç kəsə sirr deyil. Bundan ötrü, onun özü başda olmaqla, anti-Azərbaycan düşərgəsinin haradan idarə olunduğu və hansı qaynaqlardan qidalandığı gün kimi aydındır. Əlbəttə, “mənzil-qərargahları” yaxınlıqdakı Fransada yerləşən erməni lobbi-diaspor sponsorlarından.
Bonnun mərkəzində təşkil etdikləri azsaylı mitinqdə Bakı həbsxanasında cəzasını gözləyən “filantrop Ruben Vardanyan”ın portretini əllərində tutanların buraya hansı marağın hesabına gətirildiklərini də təxmin etmək çətin deyil.
Hayların Avropada kök atmış separatçı-revanşist təmayüllü daşnak tör-töküntülərinin son etiraz aksiyaları olacaq belə nümayişlər yolu ilə daha heç nəyə nail ola bilməyəcəkləri onların özlərinə də aydındır. Sadəcə olaraq, anlamaq istəmədikləri reallıq və həqiqət ondan ibarətdir ki, ayağa qaldırmağa çalışdıqları beynəlxalq ictimaiyyət artıq kimin kim olduğunu dərk edir və o, avantürist hayların və onların züytutanlarının vay-şivəninə deyil, Bakıdan səslənən qlobal çağırışlara reaksiya verir. Vaxtilə Qarabağda dinc əhaliyə, eləcə də hərbçilərimizə qarşı törətdikləri cinayətlərinə görə həbs olunmuş separatçıların azadlığa buraxılması məsələsinə gəldikdə isə, burada hər şey gün kimi aydındır. Azərbaycan hakimiyyəti məhkəmə hökmlərini gözləyən həmin separatçıların sıralarını seyrəltmək deyil, yalnız artırmaq barədə düşünə bilər.
İmran Bədirxanlı
XQ