Fransada insan hüqüqlarına həqarət məntiqi
Avropanın göbəyində – Fransada polis zorakılığı tüğyan edir. Görəsən, beynəlxalq insan hüquqları təşkilatları hara baxırlar? Sualımız ritorikdir, çünki cavab məlumdur. Onlar ölkədə yaşanan dəhşət və məşəqqətləri görməzdən gəlirlər. Axı “fəaliyyət istiqamətləri” başqadır.
Söhbətimiz beynəlxalq insan hüquqları təşkilatlarının, o cümlədən, işi insan haqlarının qorunması olan beynəlxalq strukturların ikili yanaşması ilə bağlı deyil. Mövzumuz, ümumən, Fransada qeyri-insani rəftar halları barədədir. Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair “X” sosial şəbəkəsindəki paylaşımı əsnasında digər məqamlara, haqqında söz açdığımız tendensiyanın hansı nəticələr doğurmaq ehtimalına diqqət yetirəcəyik.
Əvvəla, onu deyək ki, hazırda Fransada yaşananlar bumeranq effektli olaylardır. Ölkə illərlə, hətta əsrlərlə yeritdiyi bu gün də davam etdirdiyi, zülmə və istibdada söykənmiş kolonial siyasətinin təzahür formalarını özündə hiss etməyə başlayıb. Buna, müəyyən mənada, ilahi ədalət də demək mümkündür. Hərçənd, sıravi fransızların bu ədalətin sərt təcəllisi ilə üzləşmələrinin acılarından təəssüflənirik. Azərbaycan XİN-in paylaşımı da, mahiyyətcə, təəssüfdən qaynaqlanır.
Bəli, Fransa vaxtilə koloniyalarda həyata keçirdiyi qeyri-insani davranışları indi öz daxilində yaşamaqdadır. Bu yaşantı ssenarisinin müəllifi isə Prezident Emmanuel Makrondur. Görünür, Makron özünün daxili siyasətindəki səriştəsizliyi sığortalamaq üçün başqa yol tapa bilmir, zora əl atır. Bəlkə də rəhbərlik etdiyi “İntibah” partiyasının Avropa Parlamentinə seçkilərdə uğradığı məğlubiyyətin heyfini sadə insanlardan çıxır. Qeyd edək ki, onun partiyası cəmi 14,7 faiz səs topladığı halda, rəqibi, milliyətçi Marin Le Penin “Milli birliy”i səslərin 31,5 faizinə sahib çıxıb. Həqiqətən, ortada Makronun adına son dərəcə rüsvayçı mənzərə var. Yaxşı olar ki, Fransa prezidenti partiyasını adını dəyişdirib “Tənəzzül” qoysun. Çünki qurumda “İntibah”lıq bir şey qalmayıb.
Makronun sayəsində Fransada demokratiyadan da əsər-əlamət qalmayıb. Şübhəsiz, onun prezidentliyi ölkədə nümayişlər və etirazlar dövrü kimi xatırlanacaq. Bunu tam əminliklə söyləmək mümkündür. Onu da qəti şəkildə demək olar ki, Makron yaşananlardan nəticə çıxarmaq istəmir. Əksinə, öz inadını davam etdirir. AP-yə seçkilərin acı nəticələrindən sonra özü istefa vermək əvəzinə, parlamenti buraxması və növbədənkənar seçkilər təyin etməsi bundan xəbər verir. Yeri gəlmişkən, Fransada seçkilərin birinci turu iyunun 30-na, ikinci tur isə iyulun 7-nə nəzərdə tutulub.
Qeyd edək ki, E.Makron, həmçinin baş nazir Qabriel Attalın rəhbərliyi ilə “İntibah” partiyası hökumətin istefasını da qəbul edib. Ancaq siyasi müşahidəçilər onun prezidentliyinin son aylarını qurban vermək aqibətindən xilas ola bilməyəcəyini vurğulayırlar. Yəni AP müstəvisindəki rüsvayçılığın prezident kürsüsünün itirilməsi ilə nəticələnəcəyini bildirənlər var. Görünür, hazırda Makron bunun qarşısını almaq üçün zor tətbiqinə üstünlük verir.
Azərbaycan XİN-in açıqladığı kimi, Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi narahatlıq doğuran ciddi məqamdır. Makron hakimiyyətdən getməmək üçün sərbəst toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiq edir ki, bu, tam qəbuledilməzdir.
Bəli, bütün bunlar Avropanın göbəyində baş verir. Hesab edirik ki, hazırkı Fransa rəhbərliyi “köhnə qitə”də demokratik dəyərlərə meydan oxuyur. Yazımızın əvvəlində insan hüquqları təşkilatlarının, prioritet vəzifəsi bu sahə olan qurumların məsələyə sərt münasibətinin vacibliyindən söz açmışdıq. Əlavə olaraq onu da bildirək ki, qitə dövlətlərinin özü də duruma həssas yanaşmalıdırlar. Çünki hazırkı Fransa demokratiya adına son dərəcə mənfi presedent yaradır. Bu presedenti görməzdən gəlmək yolverilməzdir. Axı istənilən ambisioz qüvvə hakimiyyətə yiyələnərək, söz və ifadə azadlığına, plüralizmə meydan oxumaq əzmini ortaya qoymaq üçün platformanın mövcudluğunu düşünə bilər. Nəzərə alaq ki, düşünənlər var. Bunu demək üçün AP-yə seçkilərin nəticələrinə diqqət yetirmək kifayətdir. Seçki millətçi partiyaları zirvəyə daşıdı. Vaxtilə nasional-sosializm də eyni formada təşəkkül tapmışdı. 1929-cu il dünya iqtisadi böhranı şəraitində səriştəsiz yanaşmaların nəticəsi idi ki, Avropa cəmiyyətində solçu və ekstremist ideyalar vüsət aldı. Bəşəriyyət bunun sonunun İkinci Dünya müharibəsinin timsalında hansı böyük fəlakəti doğurduğunu çox yaxşı gördü. İndi də görməlidir. Görməyə məhkumdur.
Sonda yenidən Fransa üzərinə qayıdaq. Azərbaycan XİN-in bildirdiyi kimi, ölkənin hökuməti vəziyyəti təcili olaraq de-eskalasiya etməlidir. Hətta bu, prezidentin istefası bahasına olsa belə. Nəzərə alınmalıdır ki, hakimiyyətdən getmək özü də bir siyasi etikadır. Makron isə bundan xalidir. Görünür, o, özünün “bonapartist” ideyalarının təsirindən çıxa bilmir. Napoleon Bonapart vaxtilə necə etirazçılara qarşı top atəşi açırdısa, indi Makron da təxminən eyni cür davranmağı üstün tutur.
R.ƏVƏZ
XQ