Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dost ölkənin mədəniyyət naziri Azodbek Nazarbekov Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Görüşdə Azodbek Nazarbekov Adil Kərimlini salamlayıb, Özbəkistanda baş tutan Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyəti haqqında danışıb, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupunun Daşkəndə gəlməsindən məmnunluq ifadə edib.
Nazir vurğuylayıb ki, özbək xalqı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə həmişə məhəbbətlə yanaşıb.
Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və ikitərəfli görüşə görə təşəkkürünü bildirib, Azərbaycan incəsənət ustalarının Özbəkistana böyük sevgi və sayqı ilə gəldiklərini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul etməsi Özbəkistan dövlət başçısının Azərbaycan xalqına, bu ölkə ilə münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin təzahürüdür.
Görüşdə Özbəkistan Prezidenti tərəfindən Azərbaycanla birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı dövlət başçısının görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklifi səsləndirilib və bu haqda müzakirə aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi olub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd