“Mavi yanacağ”ın Avropaya ixracı 10 faizdən çox artıb
Cari ilin 5 ayı ərzində respublikamızda 3,5 faiz artımla 20,9 milyard kubmetr “mavi yanacaq” hasil edilib. Ümumi hasilatın 5,4 milyard kubmetri “Azəri–Çıraq–Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron” və 3,2 milyard kubmetri SOCAR-ın payına düşüb.
Energetika Nazirliyindən aldığımız məlumatda bildirilir ki, cari ilin 5 ayı ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri–Çıraq–Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari il iyunun 1-dək “Azəri–Çıraq–Günəşli”dən 221,8 milyard kubmetr, “Şahdəniz”dən isə 220,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 157 milyard kubmetri ixraca yönəldilib.
AÇG yatağının fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə – “Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin təməli qoyulub. Bundan 23 il sonra, 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişlə yataqların 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.
Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) qoşulub. Həmin şirkətlər tərəfindən qısa bir vaxt ərzində işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradılıb. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub. Yeri gəlmişkən, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.
İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyənləşdirilib.
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Saziş Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən imzalanıb. Sənədə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olunub. Beləliklə, həmin tarix ölkəmizin həyatına çox əlamətdar bir gün kimi yazılıb, “Azəri–Çıraq–Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanılıb.
Sazişin bir hissəsi olaraq SOCAR-ın “Azəri–Çıraq–Günəşli” yatağındakı iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəkləri qərara alınıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi nəzərdə tutulub. Bununla da ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faiz hesablanıb ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaratmaq demək idi.
“BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2024-cü ilin birinci rübündə isə “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 719 milyon dollar, əsaslı məsrəflərinə isə 201 milyon dollar xərclənib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub.
Məlumatda bildirilir ki, həmin dövr ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.
Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü təxminən 79,5 milyon (ildə 29 milyard kubmetr) kubmetr təşkil edir. Bu ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platformalardan, ümumilikdə, təqribən 7 milyard kubmetr qaz və 1 milyon ton kondensat çıxarılıb.
Məlum olduğu kimi, layihə səhmdarlarının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb.
Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Belə ki, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilatda artım başlanıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları tərəfindən yatağın qərb-cənub cinahı da işlənməyə daxil edilib.
Azərbaycanda hasil edilən qaz həcminin bundan sonra da artacağı gözlənilir. Bu, “Abşeron” yatağında qaz hasilatının 2024-cü ilin sonuna kimi pik həddə çatacağı proqnozuna əsaslanır. SOCAR-dan məlumatına görə, Xəzər dənizindəki “Abşeron” yatağından cari il ərzində qaz hasilatının 1,5 milyard kubmetr və 523 min ton kondensat hasil ediləcəyi gözlənilir. Ümumilikdə, bu yataqdan hasilat başlanandan bu il mayın 1-nə kimi 1,2 milyard kubmetr qaz və 484 min ton kondensat hasil edilib.
Energetika Nazirliyinin məlumatında isə bildirilir ki, 2023-cü ildə “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edilib. Belə ki, 2024-cü ildə bu yataqdan qaz hasilatı 87,5 faiz, kondensat hasilatı 74,3 faiz artacaq.
Qeyd edək ki, 2023-cü il iyulun 10-da “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan edilib. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub. Xatırladaq ki, ilkin mərhələdə yataqdan ildə təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.
Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.
Sonda xatırladaq ki, ölkənin qaz hasilatında artım qeydə alınması “mavi yanacağ”ın Avropaya ixracına müsbət təsir göstərib. Energetika Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-may aylarında ölkəmiz Avropaya 5,3 milyard kubmetr təbii qaz (2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyard kubmetr və ya 10,4 faiz çox) ixrac edib. Ümumilikdə isə ötən 5 ay ərzində Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetrə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox) çatıb.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə yüksəlib.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ