Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın yaydığı məlumata görə, ölkəmizin payızlıq əkin sahələrinin 13 faizində biçin başa çatıb.
Məlumata görə, bu günə qədər 131 min 814 hektar sahədə biçin aparılıb. Sahələrdən 373 min 897 ton arpa, 7 min 905 ton buğda yığılıb. Arpa sahələrinin 31 faizində, buğda sahələrinin isə 0,4 faizində biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28,9 sentner, buğda üzrə isə 31,8 sentner təşkil edir.
İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib. Ümumilikdə “Aqroservis” bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
“Aqroservis”in kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə də arpa biçininə başlanılıb. Rayonun Şorsu, Kiçik Dəhnə, Böyük Dəhnə, Şəkikənd, Cumakənd, Suçma və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda ilk günlər 2 min 768 hektar sahənin arpası biçilib, 7 min 225 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerə çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, cari mövsümdə Şəkidə 58 min 236,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 112 ədəd taxılbiçən kombayn, 90 ədəd küləşpresləyən aqreqat, 334 ədəd şum traktoru, 150-dən çox yük maşını, 100-dək traktor yedəyi və digər texnikalar, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunub. Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan 50-dən çox kombaynın dislokasiya olunması da nəzərdə tutulub.
Yeri gəlmişkən, ölkədə əvvəlki dövrlərdə olduğu kimi, cari mövsümdə də taxıl biçininə ciddi hazırlıq işləri görülüb. Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC tərəfindən mexanizatorlarla görüşlər təşkil edilib. İlk görüş Yevlax və Şəki rayonlarında keçirilib. Tədbirdə cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək üçün zəruri tapşırıqlar verilib. Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib.
Ənənəvi təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombaynlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı onların bilik və bacarıqlarının artırılması olub.
Qeyd edək ki, ötən 20 il ərzində ölkədə taxılçılığın inkişafı diqqət mərkəzində saxlanılıb. Bu sahədə mühüm islahatlar həyata keçirilib. Əhalinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın, o cümlədən buğda istehsalının sürətli inkişafı ilə əlaqədar müxtəlif normativ-hüquqi aktlar imzalanıb, bu məsələyə dövlət proqramları və hökumət strategiyalarında da geniş yer verilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli fərmanı əsasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsi yaradılıb. Bu quruma ölkəni strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlılığını gerçəkləşdirmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində mühüm vəzifələr tapşırılıb.
Bütün bunlarla bərabər, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.
Aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığının təmin edilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Aqrar Sığorta Fondu təsis edilib və “Aqrar sığorta haqqında” Qanun qəbul olunub. Bununla da taxılçılıq məhsullarının sığortalanmasına başlanılıb.
İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına məxsus ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi məsələsinə də xüsusi önəm verilib. Vətən müharibəsi parlaq qələbəmizlə başa çatandan sonra Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri məhz düşməndən təmizlənən torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi olub. Bunun üçün 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi nəzərdə tutulub.
Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ