2024-cü ilin yanvar–may ayları ərzində pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 74 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-may aylarında 8 milyon 169,2 milyon manat təşkil edib.
SOCAR – 601 yanacaqdoldurma məntəqəsi
SOCAR indiyədək Azərbaycanda və xarici ölkələrdə “SOCAR” brendi ilə 601 yanacaqdoldurma məntəqəsi açıb.
SOCAR-dan verilən məlumata əsasən, respublikamızda Dövlət Neft Şirkətinin 60 yanacaqdoldurma məntəqəsi və 13 neft bazası var. Qalan 541 yanacaqdoldurma məntəqəsi isə 6 ölkədə fəaliyyət göstərir. Eyni zamanda, Gürcüstanda “SOCAR” brendi ilə istifadədə olan 107 yanacaqdoldurma məntəqəsinin 15-də elektromobillər üçün enerji doldurma məntəqələri var. Şirkət Türkiyədə 14, Ukraynada 56, Rumıniyada 75 yanacaqdoldurma məntəqəsi açıb.
İsveçrə və Avstriyada “SOCAR” brendi altında 289 yanacaqdoldurma məntəqəsi və 8 elektromobil enerji doldurma məntəqəsi fəaliyyət göstərir.
3 ölkənin birgə dəmir yolu
müəssisəsi yaradılır
Yaxın günlərdə Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yollarının birgə müəssisəsi açılacaq. “Azərbaycan Dəmir Yolları”, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” və “Gürcüstan Dəmir Yolları”nın birgə yaratdığı “Middle Corridor Multimodal Ltd.” şirkəti artıq fəaliyyətə başlamaq üzrədir.
ADY-nin kommersiya departamentinin müdiri Məmməd Həmidov mediaya məlumatında “Translogistica Caspian” sərgisi çərçivəsində keçirilən “Orta Dəhliz: perspektivlər və çağırışlar” adlı panel müzakirələrində bildirib ki, müəssisənin fəaliyyəti nəticəsində 2025-ci ilin əvvəlinə yük axınının yaranacağı gözlənilir: “Orta Dəhlizdə multimodal xidmətin inkişafı üçün 3 ölkənin dəmiryolçuları səylərini birləşdiriblər. Bu fəaliyyət “bir pəncərə” prinsipi ilə xidmətlərin göstərilməsinə şərait yaradacaq. Həmçinin yüklərin çatdırılma müddətinə zəmanət veriləcək”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ