“Nikolyan kabusu”

post-img

Erməni əsilli fransız jurnalistin “Zvarnots”dakı aclıq aksiyasına sözardı

Əslində, o, kifayət qədər problemli və problem yaradan adamdır. Söhbət erməni əsilli fransız jurnalist Leo Nikolyandan gedir. Bu şəxsin 41 gün İrəvanın “Zvarnots” hava limanında aclıq aksiyası keçirməsi də problem idi, onun ötən il Fransanın Ermənistandakı səfirini Azərbaycanın xeyrinə işləməkdə, bunun müqabilində maddi təmənna güdməkdə günahlandırması da. Nikolyan onu da bildirmişdi ki, haqqında söz açdığı məsələ barədə erməni media orqanlarına danışmaq istəyib, lakin onlar baş nazir Nikol Paşinyanın təzyiq göstərmə ehtimalından qorxub, jurnalistə tribuna verməyiblər. 

Bəli, L.Nikolyan “Zvartnots”dakı aclıq aksiyasını başa vurub Fransaya dönüb. O, özünün “Facebook” səhifə­sindəki canlı yayımında deyib ki, artıq Parisdə evindədir. Jurnalist, həmiçinin ötən müddətdə şəxsinə dəstək olan hər kəsə təşəkkürünü bildirib. Nikol­yanın sözlərinə görə, Fransa haki­miyyəti onu məhv etmək istəyir. Çünki fəaliyyəti həqiqətləri üzə çıxarmağa yönəlib. Bu isə müxtəlif korrupsioner partiyaların ifşası deməkdir. Parisə çatan kimi silahlı polislə qarşılandığı­nı və nəzarətə götürüldüyünü deyən Nikolyan əlavə edib ki, mübarizəsi qa­nunidir və həyatının son gününə qə­dər davam edəcək.

Qeyd edək ki, L.Nikolyanın Ermə­nistana girişinə qadağa bu il aprelin 22-də qoyulmuşdu. Belə yanaşmanın nədən irəli gəldiyi və kimin qərarı ilə tətbiq edildiyi izah olunmamışdı. Bu səbəbdən jurnalist “Zvartnots” hava limanının neytral zonasında aclıq ak­siyasına başlamışdı. Aksiya müddə­tində, o, hava limanının əməkdaşları tərəfindən təzyiqlə üzləşmişdi. Sosi­al şəbəkələrdə hadisəni əks etdirən videogörüntülər yayılmışdı. Bildiril­mişdi ki, Ermənistan hakimiyyəti özü qəsdən təxribatlar törədir. Səbəb çox sadədir – Nikolyanı ölkədən deporta­siyası üçün bəhanə yaransın. Görün­düyü kimi, erməni hüquq-mühafizə orqanları bəhanə tapa bilmədilər. Yəni, jurnalist öz xoşu ilə Ermənistan­dan uzaqlaşdı. 

Onu da bildirək ki, Nikolyanın eh­timalına görə, Ermənistana buraxıl­mama səbəbi Voskepar mövzusunun işıqlandırılmasıdır. Nəzərə alaq ki, jurnalist 2024-cü ilin martında Tavuş ətrafında baş verən hadisələr zama­nı təxminən bir aya yaxın Voskepar­da yaşayıb, beynəlxalq media üçün videoçarxlar çəkib. Ancaq başqa məqamlar da istisna deyil. 

Məsələ burasındadır ki, qal­maqallı jurnalist bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makro­na qarşı, kifayət qədər ağır ittihamlar irəli sürməsi ilə də gündəmə gəlmiş­di. O, Makronun erməni terrorçuları ilə əlaqələrinin mövcudluğunu iddia etmişdi. Hətta məsələni bir qədər konkretləşdirmiş və terror təşkilatı kimi ASALA-nın adını çəkmişdi. Bil­dirmişdi ki, Makron da, ASALA da onu hədəfə götürüb. 

O da məlumdur ki, jurnalist fəaliy­yətinin Nikolyana baha başa gəldiyi vaxtlar olub. Məsələn, o, sırf Makronu tənqid etdiyi üçün təqiblərə məruz qa­lıb, habelə 52 saatlıq həbslə üzləşib. Bundan sonra L.Nikolyan Fransanı tərk edərək, bir müddət Dubayda və İstanbulda yaşayıb. Ən əsası isə jur­nalist deyib ki, Makron ona ASALA terrorçusu Ara Tumayanın və qohu­munun, habelə daşnak lideri Murad Papazyanın adlarını deyib. Görünür, Fransa prezidenti ad çəkməklə jurna­listi qorxutmaq istəyib. Təsadüfi deyil ki, məhz bundan sonra Nikolyana qar­şı təqiblər başlanıb.

Lakin Nikolyanın qalmaqalları sa­daladıqlarımızla bitmir. O, ötən il de­kabrın 4-də Bakıda saxlanılan fransız casusu Martin Rayanla bağlı maraqlı məqamları açıqlayıb. Jurnalistin söz­lərinə görə, Rayan Fransada vergilər və fərqli standartlarla bağlı mövcud olan bütün problemləri görərək başqa yerə getmək istəyib və Azərbaycan onun üçün cəlbedici olub. Ölkəmizə gəlib və burada biznes qurub, üstəlik işləri yaxşı gedib. Nikolyan bildirib ki, günlərin birində Fransa kəşfiyyat xid­mətinin təmsilçiləri M.Rayana baş çə­kiblər. Həmin şəxslər Fransanın Azər­baycandakı səfirliyinin diplomatları idilər və məqsədləri Rayanı casusluğa cəlb etmək olub. 

Biznesi qaydasında gedən Mar­tin “əməkdaşlıq təklifini” geri çevirib. Lakin gələnlər ona başqa çarəsinin olmadığını, əks halda valideynlərinin başına bədbəxt hadisənin gələcəyini deyiblər. Onlar, həmçinin bildiriblər ki, biznesmenin Fransadan Azərbayca­na göndərilən mallarının gömrükdən keçidini əngəlləyəcək, beləliklə şirkə­tini iflasa uğradacaqlar. Buna görə də Martin çarəsiz durumda qalıb, diplo­mat qiyafəli kəşfiyyatçıların tələbi ilə razılaşıb. Jurnalistin sözlərinə görə, Rayan Bakıdakı bir sıra restoranlara Fransadan gələn ərzaq məhsulları və sousların hazırlanması üçün müxtəlif inqridiyentlər çatdırırmış. Yəni onun yaratdığı şirkət bu işlə məşğul imiş. 

Əslində, Nikolyanın söylədikləri bir-birini tutur. Məsələ burasındadır ki, Rayanın həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyinin iki əmək­daşı Azərbaycan tərəfindən perso­na-non-qrata elan edilmişdi. Görünür, Martinlə görüşüb onu casusluğa cəlb edənlər elə bu şəxslərdir. O şəxslər ki, diplomatik toxunulmazlıqları ol­duğundan, həbsləri mümkün deyildi. Beləliklə, Nikolyan bildirmişdi ki, sadə iş adamı heç nədən Fransanın xarici siyasətinin qurbanı olub: “Hökuməti­mizin heç nə etməməsindən qəzəb­lənirəm. Ümid edirəm ki, yeni baş nazirimiz Qabriel Attal bu istiqamətdə hərəkət edəcək. Xarici işlər naziri Ket­rin Kolonna Azərbaycandan Fransa vətəndaşının azad edilməsini istəyib, baxmayaraq ki, nazirliyi və səfirliyi vasitəsilə bu adamı bu tələyə salan məhz o olub! Bu vəziyyətə görə mə­suliyyəti Fransa dövləti daşıyır. Biz Fransa vətəndaşını qorxutduq, ailə­sinə təzyiq etdik”.

Göründüyü kimi, L.Nikolyan, ki­fayət qədər, ciddi məsələləri qabar­dıb. Heç şübhəsiz, onun Ermənistana buraxılmamasının başlıca səbəbi elə həm də bunlardır. Yəni, söhbət yalnız jurnalistin Ermənistandakı fəaliyyə­tindən getmir. Belə qənaətə gəlmək mümkündür ki, ona mənfi münasibət, eyni zamanda, Fransaya xoş gəl­mək üçün göstərilib. Ancaq başqa bir məqam da var...

Sonda onu da bildirək ki, Nikol­yanın söylədikləri, əslində, Prezident E.Makron başda olmaqla, Fransa iqtidarının mürtəce, terrorçu, anti-de­mokratik mahiyyətini ortaya qoyur. Jurnalistin dediklərinə diqqət yetirən­də, elə sanırsan ki, onun təsvir etdiyi səhnələr Avropanın göbəyində deyil, hansısa geridə qalmış ölkədə yaşa­nır. Bu nəticəyə gələ bilərik ki, özünün də söylədiyi kimi, həqiqətən hazırda Nikolyanın həyatı ciddi təhlükədədir. Onu istənilən an fiziki cəhətdən məhv edə bilərlər. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət