Ermənistan ictimaiyyəti buna görə məhkəməni deyil, baş naziri təqsirləndirir
Bəri başdan deyək ki, məsələnin siyasi çalardan məhrum olmadığı məlumdur. Axı, mübarizəsinin ana xətti hakimiyyətdəki Qarabağ klanına qarşı olan Nikol Paşinyanın 2018-ci ildə “xalq inqilabı” nəticəsində Serj Sarkisyanı kürsüsündən devirəndə cəmiyyətə verdiyi ilk vədlərindən biri korrupsiyalaşmış məmurları təmizləmək idi. Az sonra İrəvanda ən yüksək postlara yiyələnmiş məhz Qarabağ klanının üzvləri barədə qaldırılan cinayət işləri, ardınca məhkəmə dinləmələri yeni baş nazirin vədinə xilaf çıxmadığından xəbər verirdi. Amma eks-prezident Serj Sarkisyanın büdcəni talaması, bir qrup şəxslə əlbir olub dövlət vəsaitini külli miqdarda mənimsəməsi təkzibolunmaz sübutlarla ortaya qoyulsa da, naməlum səbəbdən məhkəmə araşdırması acı bağırsaq kimi uzandı, sonda cinayətkarların azadlıqda qalması ilə nəticələndi.
İrəvan şəhər məhkəməsi sabiq prezident Serj Sarkisyanı, “Flash Oil” şirkətinin sahibi Barseq Beqlaryanı və Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Departamentinin keçmiş rəhbəri Gevorq Arutyunyanı 1,3 milyon dollar dövlət vəsaitini mənimsəməkdə təqsirkar saymadığı barədə qərar çıxarıb. Məhkəmə, sadəcə, bununla kifayətlənməyib, həm də mütəşəkkil cinayətkar dəstənin bütün üzvlərinin həbsinin qeyri-mümkünlüyünü “cinayət təqibi müddətinin başa çatması” ilə əsaslandırıb.
Sosial şəbəkə xeyli müddətdir ki, məhkəmənin məlum hökmünü eninə-uzununa dartışdırmaqla məşğuldur. Bəli, törətdiyi dövləti cinayətin sübutları göz qabağında olsa da, Serj Sarkisyana bəraət verilib. 2019-cu ildə açılmış cinayət işində adları keçən təqsirləndirilən şəxslərə qarşı beş il bundan əvvəl irəli sürülmüş ittihama görə, Serj Sarkisyanın təşkilatçılığı, Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə Ermənistan hökumətinin ehtiyat fondundan 15 milyon 391 min 765 litr yanacaq 2013-cü il yanvarın 25-dən fevralın 7-dək Serqo Karapetyan tərəfindən israf edilib. G.Arutyunyanın məhkəməyə verdiyi ifadəsinə görə, dövlət dəstəyi proqramlarının həyata keçirilməsi zamanı dizel yanacağına xüsusilə böyük miqdarda – 489.160.310 dram (1 milyon 266 min ABŞ dolları) subsidiya ayrılıbmış.
Serj Sarkisyan nə beş il əvvəl, nə də indi ona qarşı irəli sürülən ittihamları qəbul edib. Onun vəkilləri hamısı bir ağızdan məhkəmə prosesini Hayastanın siyasi rəhbərliyinin sifarişinin nəticəsi kimi dəyərləndiriblər.
ARAYIŞ: Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilədək ölkəyə rəhbərlik edib. Ona qarşı Cinayət Məcəlləsinin 38 -179-cu maddələri (mənimsəmə və israfçılıq) üzrə ittiham irəli sürülüb. Oğru dövlət başçısının ölkədən çıxışına qadağa qoyulub.
* * *
Ermənistan KİV-nin yaydığı məlumatda deyilir ki, indi prokurorluq məhkəmənin hökmündən yuxarı instansiyaya şikayət verməyə hazırlaşır. Amma sosial şəbəkədə olayla bağlı paylaşımlarda Sarkisyanın bütün hallarda azadlıqda qalacağı qeyd olunur. Şəbəkə istifadəçilərindən biri yazır ki, “hətta yuxarı instansiya məhkəməsi adları hallanan keçmiş məmurları təqsirli hesab etsə belə, onların oğurladıqları iddia olunan vəsaiti geri qaytarmaları və yaxud həbsxana cəzası alacaqları ehtimalı azdır”. Digər bir istifadəçi soydaşının qənaətini dəstəkləyərək, bəyan edib: “Bu, o deməkdir ki, Nikol Paşinyan son altı ildə torpaq paylamaqdan başqa, sözün əsl mənasında, heç nəyə nail olmayıb”.
“Nikol Sarkisyanı həbsxanaya göndərmək istəmir. Çünki Serj onun qarşıdakı seçki kampaniyasında ən böyük “sərvəti”dir. Amma bu zaman əsl müxalifətin lideri Varujan Avetisyan həbsxanada çürüyür”. İzləyicilərlə politoloji fikirlərini bu cür bölüşən sosial istifadəçi baş nazirlə bağlı mülahizəsinin ardınca sual edir: “Bunun səbəbini bilmək istəyirsiniz?”. Sualına özü də cavab verir: “Çünki onun Serjə və tərəfdarlarına qarşı bütün sübutları məhv edən Kremlin gizli agentləri var. İntəhası, Paşinyan hakimiyyətə gələndə demişdi ki, dövlətdən, əhalidən oğurluq edən korrupsioner oğruların hamısını zindana atacağam. Üstündən altı il keçdi, Serj Sarkisyan, Robert Koçaryan kimi cinayətkarlar hələ də azadlıqda gəzirlər (və bundan sonra da gəzəcəklər). Əslində, Paşinyan özü də indi korrupsioner məmura çevrilib. Ona görə həbsdə olmalıdır. Allah bilir bu hökmü çıxartdırmaqdan ötrü hakimə, prokurora nə qədər rüşvət verib...”.
* * *
Beləliklə, erməni sosial şəbəkələri Qarabağ klanına güzəştə getdiyi iddia olunan baş nazir Nikol Paşinyanın özünü rüşvətxorluqda ittiham edirlər. Sosial ittihamçılardan birinin mövzu ilə bağlı paylaşımı maraq doğurur: “Axı, Paşinyan başımıza çıxmış Qarabağ ermənilərinin bütün bu korrupsiya şəbəkəsini ifşa edən jurnalist olub. Düşünürdüm ki, onun özünün milyardı var, pula ehtiyacı olmayan vicdanlı və istedadlı jurnalistdir. Baş nazir kürsüsünə oturan kimi bizi korrupsiya girdabından qurtaracaq. Amma, deyəsən, bunu zarafat elədim. Bu da bizim media, tərtəmiz zibildir. Gərək adını dəyişək...”.
Serj Sarkisyanın məhkəmə olayının Paşinyana qarşı düşünülmüş ssenarinin bir qolu olduğunu istisna etməyərək, onu da xatırladaq ki, indiki vəziyyətdə kənardan idarə olunan keşişlərin başçılıq etdiyi “istefa” aksiyalarının sosial şəbəkəyə çıxarılması təmayülü hiss olunmaqdadır.
P.S. Beş il əvvəl Serj Sarkisyanın Ermənistan tibb mərkəzinin baş həkimi vəzifəsindən azad edilmiş qudası Ara Minasyanın barəsində beynəlxalq axtarış elan edilib. İrəvan şəhər məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb. A.Minasyanın istintaqdan gizlənməsi və yerinin məlum olmaması səbəbindən barəsində beynəlxalq axtarış elan olunub. O, ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadədə, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında, böyük məbləğdə maliyyə vəsaitinin israfında və mənimsənilməsində təqsirli bilinir. Minasyan dövlətə 1,9 milyon ABŞ dolları həcmində ziyan vurub, 152 min dolları isə şəxsən mənimsəyib.
İ.HƏSƏNQALA
XQ