Revanşistlərin əlləri boşda qalıb

post-img

Onlar nə Qərbdən dəstək ala bilirlər, nə də Rusiyadan

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə hökumət əley­hinə keçirilən etiraz aksiyaları davam edir. Dünən səhər “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları ölkənin istintaq komitəsinin binasına doğru yürüş edib­lər. Etirazçılar saat 10:00-da paytaxtın Ərəbkir rayonundakı Surb Xaç kilsəsinin həyətinə toplaşdıqdan sonra piyada istintaq komitəsinə yollanıblar.

Etirazçılar bildiriblər ki, onların bu ünvana gəlmələri təsadüfi deyil. Ma­yın 31-də xarici işlər nazirliyinin binası qarşısında polislə qarşıdurma zamanı hərəkatın 29 fəalı saxlanılıb. Onların barəsində Ermənistan Cinayət Məcəl­ləsinin 327-ci (“Kütləvi iğtişaşlarda işti­rak”) maddəsi ilə cinayət işi başlanılıb. İğtişaşçılar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar istintaq təcridxanasına yerləşdiri­liblər. Bundan əlavə, asayiş keşikçiləri ilə əlbəyaxa dava zamanı bir neçə eti­razçı yaralanıb və xəstəxanaya aparılıb.

Ancaq etirazçılar binaya tam yaxın­laşa bilməyiblər. Onları burada çoxlu polis əməkdaşı, o cümlədən xüsusi təyinatlılar (qırmızı beretlilər) əhatəyə alıblar. Aksiya yerli xəbər portalları tərə­findən canlı yayımlanıb.

İstintaq komitəsinin qarşısına topla­şan etirazçılar gözlənildiyi kimi, mayın 31-də XİN-in binası yaxınlığında saxla­nılanların azadlığa buraxılmasını tələb ediblər. Burada onları polis əməkdaş­larından ibarət “canlı sədd” qarşılayıb. Etirazçılar daha sonra İrəvanın polis rəi­si Aram Ovannisyanla görüşməyi tələb ediblər. Ancaq bu tələb yerinə yetirilmə­yib. Əvəzində İrəvan polisinin rəis müa­vini Edqar Petrosyan onlarla görüşüb. Rəis müavini deyib ki, Ovannisyanla görüşmək üçün ərizə yazıb, ona cavab verilməsini gözləmək lazımdır.

Daha sonra etirazçılar həbs olunan­lara dəstək əlaməti olaraq, bir-birini zən­cirlə bağlayıblar. Aksiya iştirakçıları sə­lahiyyətli şəxslər onları qəbul etməyincə ərazidən getməyəcəklərini açıqlayıblar.

Hərəkatın rəhbəri B.Qalstanyan isə istintaq komitəsinin rəhbəri ilə görüş tələb edib. O, mitinqlərində polisin sayı­nın həddən çox olmasından hiddətlənib, eyni zamanda, tərəfdarlarını hüquq-mü­hafizə orqanlarının əməkdaşlarını təhqir etməməyə çağırıb. Baqrat hərəkatı təm­sil edən şəxslərin səfirlik və beynəlxalq təşkilatların ofislərinə baş çəkəcəklərini, diplomatlarla görüşəcəklərini də açıqla­yıb.

Ancaq ərazidən getməyəcəklərini bəyan edənlər də daxil omaqla bir qədər sonra bütün iştirakçılar Ermənistan is­tintaq komitəsinin həndəvərini tərk edib­lər. Onlar Abovyan küçəsindəki Müqəd­dəs Anna kilsəsinə gediblər. Hərəkat liderinin sözlərinə görə, etirazçılar öz tələblərini irəli sürüblər və sona qədər onların yerinə yetirilməsinə nail olmağa çalışacaqlar.

Onu da bildirək ki, iyunun 1-də tərəf­darları ilə birlikdə Gümrüyə avtomobillə yürüş edən arxiyepiskop Teatr meyda­nında böyük mitinq keçirib. Mitinqdə er­məni apostol kilsəsinin Şörəyel (Şirak) yeparxiyasının rəhbəri, arxiyepiskop Mi­kael Acapaxyan da iştirak edib.

Arxiyepiskop bildirib ki, yaxın gün­lərdə Böyük Qarakilsəyə (Vanadzor), Basarkeçərə (Vardenis) və Zəngəzura (Sünik) da səfər etməyi planlaşdırır: “Təhlükə Tavuşdan Mığrıya (Meghri) qədər uzanır. Çünki qeyri-qanuni, kons­titusiyaya zidd cinayət (Azərbaycanla sərhədin delimitasiya və demarkasiya­sını nəzərdə tutur–S.H.) Tavuşla məh­dudlaşmayacaq”.

Qeyd edək ki, Ermənistan radikal müxalifətinin hazırkı etiraz hərəkatının lideri baş nazir Nikol Paşinyana qar­şı siyasi ritorikasını sərtləşdirir. Eyni zamanda, etirazçılarla polis arasında qarşıdurma da şiddətlənir. Mayın 31-də xarici işlər nazirliyinin binası qarşısında baş verənlər bunun əyani göstəricisidir. İyunun 1-də də polislə qarşıdurma za­manı çox sayda insanın saxlanıldığı və yaralandığı məlumdur.

Eyni zamanda, Ermənistan paytax­tının küçə və meydanlarında nümayiş­çilərin sayının artmasından danışmağa dəyməz. Görünür, hakimiyyət Qalstan­yanın “müqəddəs inqilabını” öz nəzarəti altında saxlamaqda çətinlik çəkmir və əvvəlki dövrlərdə olduğu kimi, etiraz dalğalarının səngiyib sönməsini gözlə­yir. Öz növbəsində bunu hər vasitə ilə etirazçı kütləni motivasiya etməyə, gər­ginliyin səviyyəsini saxlamağa və Paşin­yana qarşı ritorikanı sərtləşdirməyə çalı­şan B.Qalstanyan da yaxşı başa düşür.

Qalstanyanın başçılıq etdiyi dəstələrdən biri qeyd etdiyimiz kimi, avtomobillə İrəvandan Gümrüyə yürüş edib. Axşama yaxın isə keşişin Gümrü­də mədəni tədbirdə iştirak edəcəyi və etiraz aksiyası keçirəcəyi açıqlanmışdı.

Maraqlıdır ki, təxminən eyni vaxtda Paşinyanın həyat yoldaşı Anna Akop­yan da Gümrüyə gedib. O, şəhərdə xey­riyyə konsertində iştirak edib. Bununla da şəhər əhalisinin bir hissəsini etiraz nümayişlərində iştirakdan yayındırıb. Bir sözlə, Qalstanyan Ermənistanda növbəti “məxməri inqilab” üçün kifayət qədər narazı insanları səfərbər edə bil­məsə də, “srbazan” açıq şəkildə məğ­lubiyyətini etiraf etmək niyyətində deyil.

Onu da bildirək ki, Ermənistanda davam edən etirazlar fonunda rəsmi Moskva da gözlənilmədən ritorikasını dəyişib. Erməni ekspertlər bildirirlər ki, görünür, Rusiyanın siyasi dairələri Pa­şinyanı devirmək mümkün olmadığını anladıqları üçün onunla əməkdaşlıq et­mək yolunu tutublar. İyunun 1-də Rusi­yanın həm prezidenti, həm də baş naziri N.Paşinyanı doğum günü münasibətilə təbrik ediblər. Qeyd edilir ki, Kremldən birbaşa dəstəyin olmaması da erməni müxalifət tərəfdarlarının motivasiyasını azaldır.

Paşinyanı açıq-aşkar dəstəkləyən, nümayişçilərin məqsədlərinin Avropa dəyərlərindən nə qədər uzaq olduğu­nu anlayan, buna görə də Ermənistan müxalifətinin etiraz hərəkatına biganə qalan Qərb dövlətləri və strukturlarının dəstəyinin olmaması da arxiyepiskop Qalstanyanın xeyrinə deyil. Avropa İtti­faqında hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında sərhədin bir his­səsinin delimitasiyası və Qazax rayonu­nun 4 kəndinin qaytarılmasından sonra başlayan etiraz aksiyaları Paşinyanın mövqeyini nəinki zəiflədə, hətta onu iste­fa verməyə məcbur edə bilər. Məsələn, Avropa Xarici Əlaqələr Şurasının nəşri yazır ki, Aİ-dən dəstək mesajları olma­dıqda, baş nazir Paşinyanın mövqeyi zəifləyə bilər. “Genişlənmiş Avropa” proqramının direktoru Mari Dyumulen hesab edir ki, Aİ apreldə 270 milyon avro ayırdığı islahatları həyata keçirə bilməsi üçün Paşinyan hökumətinə açıq dəstək siqnalları göndərməlidir. Dyu­mulenin sözlərinə görə, müxalifətin baş nazirin impiçmenti üçün lazımi səsləri toplamaqda çətinlik çəkməsinə baxma­yaraq, Paşinyanın mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “XQ”-yə açıqlamasında bildirdi ki, hazırda Ermənistan cəmiyyəti nümayəndələrinin iki seçimi var. Birin­ci seçim radikal müxalifətin arxasınca getməkdir. Onun sözlərinə görə, bu isə Azərbaycanla yeni müharibə deməkdir: “Radikallar və erməni keşiş Baqrat deyir ki, Azərbaycanla danışıqlar dayandırıl­malı, proses yenidən sıfır nöqtəsindən başlamalıdır. Bu isə mümkün deyil. Çünki sərhədlərin bir hissəsi müəyyən­ləşib, dirəklər basdırılıb, kəndlərimizin bir qismi qaytarılıb. Radikalların və keşi­şin məntiqinə görə, dirəklər basdırıldığı yerlərdən çıxarılmalıdır. Bu da avtoma­tik müharibənin başlanmasına rəvac verəcək”.

E.Şahinoğlu qeyd etdi ki, ikinci se­çim isə Ermənistan cəmiyyətinin baş nazirin arxasınca getməsi, Azərbaycan­la danışıqların intensivləşməsidir. Hiss olunur ki, cəmiyyət Nikol Paşinyana üs­tünlük verir, radikallara dəstək nümayiş etdirmir: “Başa düşürlər ki, radikallara dəstək yenə də müharibə deməkdir. Erməni xalqı İkinci Qarabağ müharibə­sinin nəticəsini görüb. Onlar müəyyən qədər dərslərini alıblar. Hələ ki, Paşin­yana dəstək kifayət qədərdir”.

Politoloq bildirdi ki, radikalların etiraz aksiyaları getdikcə səngiyir. Erməni cə­miyyəti yola Paşinyanla davam etmək istəyir: “Ancaq Paşinyan da sülh danı­şıqlarını sürətləndirməlidir. Əgər noyabr ayınadək sülh müqaviləsinin imzalan­masını istəyirsə, bəzi iddialarından əl çəkməlidir. Əsas iddiası isə odur ki, sülh müqaviləsində 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə istinad yer al­malıdır. Bizim mövqeyimiz isə belədir ki, sərhədlər harada mümkündürsə, orada Alma-Ata Bəyannaməsinə görə, harada mümkün deyilsə, orada qarşılıqlı razı­laşma əsasında müəyyənləşdiriləcək. Ermənistan bu israrından əl çəksə, sülh müqaviləsini, hətta noyabradək, yay ay­larında da imzalamaq mümkündür”.

E.Şahinoğlu qeyd etdi ki, Ermə­nistandakı radikallar bu yaxınlaradək Rusiyaya güvənirdilər. Amma bir neçə gün öncə prezident Vladimir Putin və baş nazir Mixail Mişustin başda olmaq­la Rusiya rəsmiləri Paşinyanı doğum günü münasibətilə təbrik etdilər: “Bu, əslində, Rusiyanın da radikalların haki­miyyətə gəlmək imkanlarının çox aşağı səviyyədə olduğunu anlaması demək­dir. Rusiya keşiş Baqratın, Koçaryanın və Sarkisyanın hakimiyyətə gəlmək im­kanlarının yüksək olduğunu görsəydi, dəstək artırıla bilərdi. Amma onların er­məni cəmiyyətində nüfuzunun çox aşa­ğı olduğunu Rusiyada da görürlər. Ona görə Moskvada qərar veriblər ki, hələlik Paşinyanla bütün körpülər yandırılma­sın və yola onunla davam etsinlər”.

Müsahibimiz onu da bildirdi ki, bu arada Paşinyan da Kollektiv Təhlükə­sizlik Müqaviləsi Təşkilatı ilə bağlı qə­rarlarında bir qədər ehtiyatlı olacaq: “Hərçənd ki, ermənilərin baş naziri bu təşkilatla yollarını ayıracaqlarını, onun heç bir faydasının olmadığını demişdi. Amma Paşinyan da hələ ki, müəyyən qədər gözləmə mövqeyinə keçib. Avra­siya İqtisadi İttifaqından çıxmayacaqla­rını isə Nikol açıq-aşkar bildirir. Çünki Ermənistanın bu təşkilatdan əldə etdiyi faydalar var. Bu təşkilat çərçivəsində Rusiya ilə ticari-iqtisadi əlaqələrdən Ha­yastan kifayət qədər çox faydalanır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri sonda qeyd etdi ki, bizim üçün önəmli olan birbaşa danışıqların davam etməsi, real nəticələr əldə etməyimizdir. Bizim vasitəçilərə ehtiyacımız yoxdur. Əldə edilmiş müsbət nəticələr məhz vasitəçilər olmadan əldə edilib və bu, uğurlu gedişatdır. Üstəlik, sülh sazişinin imzalanması ehtimalı artarsa, sənədin imzalanması üçün xüsusi məkana eh­tiyac duyulmur. Düzdür, bu, Gürcüstan və ya Qazaxıstan ərazisi də ola bilər. Amma politoloqun fikrincə, ən münasib yer elə sərhəd bölgəsi ola bilər. Tərəf­lər sərhədin müəyyənləşmiş hissəsində sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş la­yihəsini imzalaya bilərlər.

Səxavət HƏMİD
XQ



Siyasət