COP29 hazırlığı: Təşkilat Komitəsinin 4-cü iclası

post-img

İyunun 3-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.

Azərbaycan Respublikası Prezidenti­nin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq so­nuncu iclasdan keçən müddətdə COP29 üzrə Tədbirlər Planının icrası istiqamətin­də görülmüş işlər barədə məlumat verib. 

Təşkilat Komitəsinin sədri bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbər­liyi ilə ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Samir Nuriyev vurğulayıb ki, Prezi­dent İlham Əliyevin müxtəlif çıxış və mü­sahibələrində açıqladığı vacib istiqamət­lər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyiş­mələri kontekstində üzləşdikləri problem­lərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq icti­maiyyət tərəfindən böyük rəğbətlə qarşı­lanıb.

Samir Nuriyev şəffaflığın və inklüziv­liyin təmin edilməsi məqsədilə keçən ay­lar ərzində COP29 komandası tərəfindən müxtəlif danışıqlar qrupları ilə çoxsaylı məhsuldar görüşlərin və məsləhətləş­mələrin keçirildiyini, onların mövqeyinin və COP29-dan gözləntilərinin öyrənil­diyini, Azərbaycanın müzakirə olunan mövzular ətrafında qlobal həmrəyliyin və konsensusun formalaşdırılması istiqamə­tində çalışdığını vurğulayıb.

Bu gün öz işinə başlayan Bonn İqlim Dəyişmələri Konfransına toxunan Təş­kilat Komitəsinin sədri bildirib ki, artıq ölkəmiz COP29 sədrliyinin fəal fazasına daxil olur və dövlət qurumları COP29-un uğurla keçirilməsi üçün səylərini daha da artırmalıdır. 

Vətəndaş cəmiyyətinin də proseslərə töhfə verdiyini qeyd edən Samir Nuriyev bu xüsusda, Afrikanın 130-dək QHT-si və İtaliyada G7 Vətəndaş Cəmiyyəti Sammi­tində iştirak edən bir sıra QHT-lər tərəfin­dən COP29-un ev sahibi kimi Azərbay­cana dəstək bəyanatlarının verilməsini xüsusi olaraq qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı ümumi gedişat və Bonn İqlim Dəyişmələri Konfransı barədə məlumat verib. Bildirib ki, konfrans çərçivəsində Azərbaycan tərəfindən COP29 sədrliyinin baxışı və təşəbbüsləri ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

Xarici işlər naziri Ceyhun Bayramov müxtəlif ölkələr və danışıqlar qrupları ilə keçirilən görüş və məsləhətləşmələr, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, COP29-da qəbul edilməsi nəzərdə tutu­lan sənədlərlə bağlı son vəziyyət barədə danışıb. 

Dövlət Neft Şirkətinin prezidenti Röv­şən Nəcəf SOCAR-ın yaşıl gündəliyi və fəaliyyət istiqamətlərində emissiyaların azaldılması barədə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iqlim fəaliyyətində qadınların rolu barədə danışıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov COP29 zamanı gömrük məsələlərinin tənzimlənməsi, nümayən­də heyətlərinə və onlara məxsus yüklərə münasibətdə sürətli gömrük rəsmiləş­dirilməsi prosedurlarının tətbiq edilməsi barədə çıxış edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mehmanxanalar və digər yerləş­mə yerləri, bu yaxınlarda istifadəyə veril­miş vahid onlayn rezervasiya platforması barədə məlumat verib. 

Milli Məclisin deputatı Könül Nurulla­yeva COP29-la bağlı parlament istiqamə­tində aparılan işlər, xüsusilə Parlamentlə­rarası İttifaqla əməkdaşlıq çərçivəsində keçiriləcək Parlament konfransı barədə danışıb. 

“Qadın, İnkişaf, Gələcək” İctimai Bir­liyinin sədri Gülşən Axundova qeyri-hö­kumət təşkilatlarının COP29-a töhfəsi barədə çıxış edib. 

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən iş­lərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.



Son xəbərlər