“SOCAR-Türkiyə”yə böhtan atanların qəsdi Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmaqdır
Anti–Azərbaycan cəbhəsində birləşmiş qaragüruhun növbəti cəhdinin də, əvvəlkilər kimi, iflasa uğrayacağı indidən gün kimi aydındır. Birincisi, ona görə ki, dünyada yüz illərin sınağından çıxaraq monolitləşmiş Türkiyə–Azərbaycan qardaşlığını sarsıtmağa qadir güc və ya güclər mövcud deyil. İkincisi isə Azərbaycanın “SOCAR–Türkiyə” şirkəti vasitəsilə İsrailə xam neft satması barədə iddialar heç bir əsasa söykənməyən dezinformasiya və yalandır. Bölgədə enerji daşıyıcılarının həm istehsalçıları, həm də istehlakçıları çox yaxşı bilirlər ki, SOCAR İsrailə neft satmır.
Sadəcə olaraq, Azərbaycanın bölgədə artan nüfuzunu, əldə etdiyi uğurlarını qısqanan, iki qardaş ölkə arasında getdikcə daha da güclənən münasibətlərə ləkə salmaq istəyən bədxahlarıımızın düşündükləri “ssenariyə” əsasən, bu dəfə hədəf “SOCAR–Türkiyə” şirkəti seçilib. Kənardan idarə olunan bəzi təxribatçı qruplar şirkətin İsrail hökuməti ilə, guya, xam neft üzrə ticarət sövdələşməsinin olduğu barədə həqiqətdən uzaq ittihamlar irəli sürərək sosial media üzərindən feyk paylaşımlar edirlər.
Dünənki düşmənlər bu gün bir səngərdə?
Yaranmış vəziyyətlə bağlı yaydığı açıqlamasında “SOCAR–Türkiyə” şirkəti İstanbuldakı mərkəzi ofisə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı “Bursaqaz” ofisinin binasına qarşı həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsinin əməkdaşların həyatı üçün təhlükə yaratdığını ictimaiyyətin diqqətinə çatdlırıb. Şirkətin Türkiyə və Azərbaycan xalqının ortaq maraqları və rifahı naminə fəaliyyətini davam etdirəcəyi bildirilən bəyanatında “SOCAR Türkiyə” olaraq iki ölkə arasında güclü qardaşlıq və dostluq bağlarının, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqlarının uyğun şəkildə formalaşacağına inam ifadə olunur.
“Türkiyədə fəaliyyətə başladığımız 16 il ərzində təxminən 18,3 milyard ABŞ dolları həcmində olan sərmayə ilə fərqli şəhərlərdə beş min altı yüz birbaşa, on mindən çox bilavasitə işçi ilə neft və təbii qaz sahəsində fəaliyyət göstərən qrup şirkətlərimiz və həyata keçirdiyimiz “Star” NEZ, TANAP kimi strateji meqalayihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupuyuq”, – “SOCAR–Türkiyə” şirkətinin bəyanatında deyilir.
“SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil. Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycanın əldə etdiyi uğurlar təkcə okeanın o tayındakı bəlli gücləri deyil, elə bəzi qonşularımızı da narahat edir. Uğurlarımız hər iki tərəfdəki bədxahlarımızın yuxusunu ərşə çəkir. Həmin qara qüvvələr Azərbaycana vahid cəbhədən hücum etməkdən də çəkinmirlər”. Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, mayın 31-də və iyunun 2-də bir qrup Fələstin tərəfdarının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbuldakı ofisinin qarşısında bu ölkənin İsrailə neft satmasına etiraz olaraq keçirdiyi aksiyanın məqsədi Azərbaycan–Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə, qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.
Deputat bu məsələdə başqa bir reallığın da üzə çıxdığını vurğuladı: “Maraqlıdır ki, başqa vaxtı bir-birinə qənim kəsilən, bir-birini cinə, terrorçuya bənzədən güclər, hətta ölkələr Azərbaycana hücum məsələsində dost-qardaş olur, eyni cəbhədə addım atırlar. Türkiyədə kök salmış və xaricdən dəstəklənən qruplaşmalar əsassız iddialarla cəmiyyəti aldadır və çirkin aksiyalar keçirirlər. Okeanın o tayından idarə edilən media resursları isə bu aksiyanı can-başla tirajlayırlar. Halbuki hətta bu aksiyada iddia edilənlər əsaslı olsaydı belə, okeanın o tayındakılar müttəfiqləri olan İsraili dəstəkləməli, bu aksiyanı tirajlamamalıydılar. Ancaq biz bunun əksini görürük. Səbəb aydındır. Söhbət Azərbaycana qarşı hücumlardan gedəndə dünənə kimi bir-birini ittiham edənlər bu gün eyni cəbhədən boylanırlar”.
SOCAR-ın İstanbul ofisinə basqının təşkilatlatçıları və qardaş ölkədə Azərbaycana qarşı düşmənçiliyin yayılmasına çalışan bir qrup şəxsin adları məlum olub. Türkiyə elektron mediasının yaydığı xəbərlərdə deyilir ki, həmin şəxslər Əhməd Furkan Polatkan, Məhəmməd Acar və Ruken Arslandır.
Saxta “müsəlman təəssübkeşliyi”
Əlbəttə, dini hisslərlə oynamaq, ona istinadla ictimai rəylə manipulyasiya etmək təzə üsul deyil. Xüsusilə, Yaxın Şərq kimi həssas bir bölgədə bu amildən yararlanmağa çalışanların riyakarlığı göz qabağındadır. “Hədəfə çatmaq üçün bütün vasitələrin məqbul olduğunu” arsenalına daxil edən anti–Azərbaycan, anti–Türkiyə, mahiyyəti etibarilə, anti–İslami qüvvələrin növbəti cəhdləri də fiaskoya uğrayacaq.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov mövzu ilə bağlı “XQ”-yə verdiyi açıqlamasında qeyd etdi ki, SOCAR-ın İstanbul ofisinə hücum aksiyası xaricdən idarə olunan prosesdir: “Bu “etiraz”ın təşkilatçılarının başlıca məqsədi Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək, həm də İslam ölkəsi olaraq bizi müsəlman dünyasında gözdən salmaqdır. Əslində, bu çirkin ssenarinin müəllifləri dərk etmirlər ki, Azərbaycanın neft və qazı heç də İsrailə göndərilmir. Bakı özünün enerji daşıyıcılarını treyderlərə, yəni ortadakı vasitəçilərə satır. Artıq xammalın, yaxud emal olunmuş məhsulun müxtəlif ölkələrə paylanması onların funksiyasına daxildir. Bu elementar ticari prosesi bədxahlarımız ya başa düşmürlər, ya da qəsdən belə təxribatlara əl atırlar. Sağlam düşüncəli insanların hamısı yaxşı anlayır ki, bu etirazlar müəyyən ssenarinin tərkib hissəsidir. Deməli, Fələstinin bəhanə gətirildiyi məlum etirazlar, “müsəlman təəssübkeşləri”nin mediada qopardıqları haray–həşir heç bir fakta söykənmir və həqiqətdən uzaqdır”.
Tanınmış politoloq bir məsələni də xüsusi olaraq vurğuladı ki, Azərbaycan Təl–Əvivdə səfirliyini açanda, bununla paralel olaraq Fələstin muxtariyyatının Ramallah şəhərində də özünün diplomatik nümayəndəliyini təsis edib: “Yəni hamı bilir ki, Azərbaycan Fələstin xalqının maraqlarını başa düşür və həmişə onun yanında olub”.
“Enerjisi” tükənənlərin son cəhdləri
Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu çirkin hücumu təşkil edənlərin, planlaşdıranların və icraçılarının əsas məqsədi Fələstinə dəstək deyil, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə kölgə salmaqdır. Əgər söhbətin vurğusu neft satışı üzərindədirsə, sözümüzə onu da əlavə edək ki, hazırda bir neçə ərəb dövləti enerji sahəsində İsraillə yaxından əməkdaşlıq edir. Amma təxribatçı qüvvələr nədənsə həmin ölkələrin adlarını hallandırmır.
Fələstin xalqına dəstəyə gəldikdə isə Azərbaycan hakimiyyəti bu məsələdə öz mövqeyini birmənalı şəkildə ortaya qoyub. Rəsmi Bakı Qəzzada silahlı qarşıdurmanın, qan tökülməsinin, dinc insanların öldürülməsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Yaxın Şərq böhranında Fələstinin dövlət kimi tanınması üçün konkret mövqe nümayiş etdirən Türkiyə bununla bağlı dünyaya çağırışlar edən və ən ciddi addımları atan ölkə sayılır. Məhz bu kontekstdən yanaşanda kənardan idarə olunan qüvvələrin “müsəlman həmrəyliyi” donu geyindirməyə çalışdıqları təxribat cəhdi “ürək bulandırmaq” niyyətindən o yana keçə bilməz. Hamar divara palçıq yapışmadığı kimi, Azərbaycana qarşı da anti–müsəlman böhtanları kimi ehkamlar keçməyəcək.
Bəli, SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrin sırasında, təbii olaraq, qardaş Türkiyə birinci yerdə gəlir. Həyata keçirdiyi beynəlxalq layihələrin həcminə görə dünyanın ən nüfuzlu şirkətlərinın yanında yer alan SOCAR qardaş Türkiyədə də geniş şəbəkəyə malikdir. Bu gün Azərbaycan–Türkiyə qardaşlığı, dostluğu özünün təsdiqini sözdə deyil, əməldə tapdığı üçün bütün dünyanın diqqət mərkəzindədir. Sadəcə olaraq, tərəfdaşlarımız bu uğurlu birliyə sevindikləri kimi, bədxahlarımız da paxıllıqdan ona kölgə salmaqdan ötrü hər fürsətdən yararlanmağa çalışırlar. Fəqət onların bugünədək baş vurduqları bütün cəhdlər heç bir fayda vermədiyi kimi, bu da havaya sovrulmuş pullar, hədər yerə işlənmiş enerji demək olacaq. Amma burada söhbət karbohidrogendən deyil, xarici enerjidən gedir...
İmran BƏDİRXANLI
XQ