Ermənistanda radikal müxalifətin baş nazir Nikol Paşinyana qarşı etirazları davam edir. Revanşistlər erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın çağırışı əsasında mayın 31-də yenidən İrəvan küçələrinə çıxıblar.
Qeyd edək ki, B.Qalstanyan hər gün axşamçağı İrəvandakı Müqəddəs Anna kilsəsinin həyətində gün ərzində həyata keçirdikləri tədbirlər barədə tərəfdarlarına və mətbuat nümayəndələrinə məlumat verir, həmçinin ertəsi günün planlarını açıqlayır. Mayın 30-da keçirilən belə ənənəvi görüşdə “Srbazan” bildirmişdi ki, qondarma “Vətən naminə Tavuş” hərəkatı mayın 31-də Ermənistan xarici işlər nazirliyinin binasına doğru yürüş edəcək. Buna səbəb kimi isə nazirliyin Bakı və Ankaradan İrəvanın ünvanına yönələn ittihamlara (?) cavab verməməsini göstərib.
Dünən səhər saatlarında XİN-in binasına gələn etirazçıların rəhbəri Qalstanyan nazir Ararat Mirzoyanı aşağı düşməyə və Azərbaycan və Türkiyədən Ermənistanla bağlı verilən son bəyanatlara cavab verməyə çağırıb. Nazirlik binası yaxınlığında keçirilən mitinqdə Qalstanyan Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks-təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bildirib.
O, həmçinin qeyd edib ki, Mirzoyanı şəxsən tanıyır. Qalstanyan 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə baş vermiş hadisələri xatırladıb. Qeyd edək ki, həmin gecə müharibənin başa çatmasını şərtləndirən üçtərəfli bəyanat imzalandıqdan sonra qəzəblənmiş kütlə İrəvanda parlament binasına soxularaq talançılıq edib. Həmin vaxt parlamentin sədri postunu tutan A.Mirzoyanın özü də hücuma məruz qalıb, o, şiddətlə döyülüb. Bunu nəzərdə tutan Qalstanyan vurğulayıb ki, Mirzoyan “baş nazir Paşinyanın siyasətinin ilk qurbanı” olub.
“Siz Xocalı hadisələri və dövlətimizlə bağlı digər açıqlamalara cavab verəcəksinizmi? Cəsarətiniz varmı? BMT kürsüsündən üzləşdiyiniz tənqidləri nə ilə izah edirsiniz?” – deyə Qalstanyan bildirib.
Baqrat mayın 9-da keçirilən mitinqdə Paşinyana istefa verməsi üçün bir saat vaxt verdiyi kimi, dünən Mirzoyana da bir saat vaxt verib. Ancaq, təbii ki, Mirzoyan nə etirazçılarla görüşə gedib, nə də istefa verib. Bir saat tamam olduqdan sonra Qalstanyan qadınlara geri çəkilmələri üçün göstəriş verib. Sonra o, tərəfdarlarına nazirliyin binasını tutmağı tapşırıb. Bu anda vəziyyət qəfildən gərginləşib. Etirazçılar arasında açıq-aşkar aqressiv əhval-ruhiyyəli təxribatçılar olublar.
Polis etirazçılara XİN-in binasının xüsusi mühafizə olunan obyekt olduğuna dair xəbərdarlıq edib və kütlənin qarşısını almağa çalışıb. Binanın qarşısına əlavə polis qüvvələri cəlb olunub. Polis etirazçıları saxlamağa başlayıb. Saxlanılanlar arasında deputat Qarnik Danielyan da olub.
Ermənistan polisi baş verən toqquşmalar zamanı 26 etirazçının saxlanıldığı barədə məlumat yayıb. Toqquşmada 3 polis əməkdaşı xəsarət alıb. Bundan sonra B.Qalstanyan aksiyanın başa çatdığını elan edib.
Bundan sonra “Vətən naminə Tavuş” hərəkatının nümayəndələri və tərəfdarları Sayat-Nova küçəsi, Maştots prospekti və Amiryan küçələri ilə yürüş edərək, baş prokurorluq binasına gəliblər. Burada keçirilən aksiyada çıxış edən keşiş deyib ki, prokurorluq bütün bu dövr ərzində dövlətə xidmət etməli idi, amma baş prokuror yalnız Ermənistanın baş nazirinə hesabat təqdim edir. Onun nə mənəvi, nə də hüquqi mənada bunu etməyə haqqı yoxdur.
Ermənistan mediası isə daxili işlər nazirliyi rəhbərinin istefaya getmək istəyi barədə məlumat yayıb. “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, nazir Vahe Kazaryan bir neçə dəfə istefa verməyə cəhd edib, lakin N.Paşinyanın təkidi ilə bunu etməyib: “Ancaq Paşinyanın da onu əvəz etməyə meyilli olmasına dair xəbərlər var. Hətta Kazaryana dövlət təhlükəsizliyi xidmətinin rəhbəri vəzifəsini tutmağı təklif ediblər ki, bu da istefaya bərabərdir”.
Media hakim “Mülki müqavilə” partiyası deputatlarının kilsənin əldə etdiyi gəlirlərin və əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırladığına dair də məlumat yayıb. Deputat Tsovinar Vardanyan bildirib ki, layihə hələ hazır deyil, lakin bu istiqamətdə iş aparılır: “Kilsə vergi ödəyicisidir, lakin söhbətin nədən getdiyini anlamaq lazımdır. Ola bilsin kilsə işçiləri gəlir vergisi ödəyirlər, bu, yaxşıdır. Amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı araşdırırlar”.
Bu arada B.Qalstanyanın “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanla görüşməsinə dair məlumat yayılıb. Sarukyanın mətbuat katibi İveta Tonoyan bununla bağlı “Facebook” səhifəsində yazıb: “Bu gün “Telegram” kanallarından birində məlumat yayılıb ki, Qaqik Sarukyanla Baqrat Qalstanyan arasında görüş baş tutub. Qeyd edilib ki, Sarukyan bəzi səbəblər göstərərək, Qalstanyanın hərəkata qoşulmaq xahişini rədd edib. Bildirirəm ki, həmin məlumatın birinci hissəsi istisna olmaqla, qalan hissəsi uydurmadır və reallığa uyğun deyil. Sarukyan, həqiqətən də, Qalstanyanı öz evində, ailəsinin nahar süfrəsində qonaq edib”.
Tonoyanın sözlərinə görə, görüşdə siyasi məsələlər müzakirə edilməyib: “Məlum olduğu kimi, erməni qonaqpərvərliyi qaydalarına görə, evdə qonaqla işgüzar müzakirə aparmaq, hətta siyasi məsələlər haqqında söhbət etmək adət deyil. Baqrat Srbazan bir neçə gün əvvəl Qaqik Sarukyana təbii fəlakətdən zərər çəkmiş yaşayış məntəqələrinə yardım əlini uzatmaq xahişi ilə müraciət etmişdir. Sarukyan dərhal müsbət cavab vermiş və dəstəyin göstərilməsi prosesini təşkil etmək üçün dərhal xeyriyyə fondunun əməkdaşlarına göstəriş verəcəyini vurğulamışdır”.
Baş nazir Nikol Paşinyan isə müxalifətin mitinqləri fonunda ölkədə daxili siyasi böhranın olmadığını bildirib. “Ermənistanda daxili siyasi böhran yoxdur”, – deyən Paşinyan jurnalistlərə açıqlamasında onu da bildirib ki, dövlət orqanları öz funksiyaları çərçivəsində işləyirlər.
Ermənistanda bir aydan çoxdur davam edən etiraz aksiyalarını Rusiya ilə əlaqələndirənlər də az deyil. Hərçənd ki, ona rəhbərlik edən B.Qalstanyan 10 ildən çox Kanadada yaşayıb işləyib. “Srbazan” Kanada vətəndaşlığına da malikdir. Bu kimi halların mövcudluğuna baxmayaraq, Rusiya amili son vaxtlar daha tez-tez səslənir. Mayın 30-da “Armenian Report” saytında yerləşdirilmiş “Qərb QHT-ləri Ermənistanda rusiyayönlü müxalifətə çiyin-çiyni veriblər” sərlövhəli analitik yazıda bildirilib ki, hər bir Qərb QHT-sinin arxasında bu və ya digər dövlət qurumlarının – ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin, Fransanın DGSE, Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyat strukturlarının dayandığı hamıya çoxdan məlumdur. Qeyd edilib ki, Qərb QHT-lərinin hamısı kuratorlarının əmrlərini yerinə yetirirlər: “Məqsədləri Paşinyana təzyiq etməkdir ki, onların bu və ya digər göstərişlərini yerinə yetirsin. Beləliklə, burada hər şey çox aydındır”.
Yazıda deyilir: “Qərbin “dostundan” düşməninə çevrilmək nə dərəcədə asandır? Burada cavab göz qabağındadır. Bunun üçün sadəcə olaraq, ölkədə qanunun aliliyini və onun suverenliyini ciddi şəkildə qorumaq lazımdır. Bunu etməyə başlayan kimi dərhal qınaq obyektinə çevrilirsən. Bunun bariz nümunəsi qonşu Gürcüstandır ki, onun hakimiyyəti xarici agentlər haqqında qanun qəbul etdiyinə görə Qərbin kəskin tənqid obyektinə çevrilib. Sonra Tbilisiyə Dövlət Departamenti hücum etdi. Brüsseldə ölkənin Avropa İttifaqı üzvlüyünə namizədliyinə baxılmasının təxirə salınması barədə danışmağa başladılar və bu zaman Qərb QHT-ləri də “təşvişə” düşdülər. Görünür, Ermənistan üçün də bu “kədərli aqibətdən” qaçmaq mümkün deyil”.
Qeyd olunur ki, erməni KİV-ində dərc olunan məlumatlara görə, bir sıra Qərb QHT-ləri “polisin İrəvanda müxalifət fəallarına qarşı zorakı hərəkətlərini pisləyiblər”. Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, “Beynəlxalq Şəffaflıq”, Hüquqların Sərhədsiz Müdafiəsi, Hüququn İnkişafı və Müdafiəsi Fondu və Demokratiyanın İnkişafı Fondu tərəfindən imzalanmış birgə bəyanatda deyilir: “Onların fikrincə, mayın 27-də keçirilən aksiyalar zamanı polisin hərəkətləri iştirakçıların kütləvi saxlanılması, bəzilərinə qarşı zorakılıq və qanunsuz güc tətbiqi halları ilə müşayiət olunub. Təşkilatlar prokurorluq və istintaq komitəsindən hər bir faktla bağlı müstəqil və səmərəli araşdırma aparmağı, həmçinin qanunu pozan bütün polis əməkdaşlarını məsuliyyətə almağı tələb edirlər”.
Bildirilir ki, bu bəyanatda suveren dövlətin daxili işlərinə kobud müdaxilə var. Qeyd edilir ki, sıralarında sabiq hakimiyyət təmsilçilərinin, daşnakların və kilsənin cəmləşdiyi barışmaz müxalifətdən olan destruktiv qüvvələr tərəfindən sarsıdılmış Ermənistanda indi çətin vəziyyət yaranıb. İstər 2018-ci, istərsə də 2021-ci ildə seçkilərdə uduzan sabiqlər və daşnaklar kütləvi xalq dəstəyinin olmaması səbəbindən qanuni yolla hakimiyyətə qayıda bilməyəcəklərini başa düşürlər. Beləliklə, onlar Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesində əhalinin narazılığından istifadə edərək, iğtişaşlar törədirlər. Halbuki, delimitasiya və demarkasiya olmadan, təbii ki, Ermənistanda sülhdən, dinc inkişafdan və sabitlikdən söhbət gedə bilməz. Amma müxalifət bu prinsipdən çıxış edir: Ölkə üçün nə qədər pisdirsə, legitim hakimiyyəti devirmək şansı da bir o qədər yüksəkdir. Beləliklə, onlar qiyam qaldırırlar və iğtişaş salırlar. Mayın 27-si də burada istisna deyil.
Müəllif Tevos Arşakyanın yazdığı kimi, Qərb QHT-ləri hakimiyyətin hərəkətlərini pisləyərkən, nədənsə qeyd etməyi unudurlar ki, etirazçlar arasında kütləni asayiş qüvvələrinə qarşı aqressiv hərəkətlərə təhrik edən çox sayda təxribatçı olub. Buna görə də, polis güc yoluna əl atıb. Amma erməni polisinin peşəkarlığı sayəsində müxalifətin genişmiqyaslı təxribatının qarşısını almaq mümkün olub. Əgər bu, Sarkisyanın, hətta Koçaryanın dövründə baş versəydi, hər şey daha pis olardı. Əminəm ki, Robik və Serjik öz başkəsənlərini tərəddüd etmədən meydana buraxar və onlara silahdan istifadəni, öldürücü gücün tətbiqini əmr edərdilər. İndiki hakimiyyət sadəcə olaraq, təxribatçıların dağıdılmasına göstəriş verib. Onların qollarını burublar, xüsusilə aqressiv olanları bir neçə dəfə dəyənəklə vurublar – Qərb QHT-lərinin səs-küy saldığı “zorakılıq” budur.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov “XQ”yə açıqlamasında bildirdi ki, B.Qalstanyanın arxasınca az adam getmir. Bunu etiraf etmək lazımdır. Ancaq keşiş, onu dəstəkləyən kilsə və bütövlükdə, revanşistlər hakimiyyəti devirmək üçün kifayət qədər tərəfdar toplaya bilmirlər. Onların konkret proqramı da yoxdur: “Hətta, iş o yerə çatıb ki, xarizmatik lider də tapa bilmirlər. Belə bir vəziyyətdə Baqratın özünün baş nazir vəzifəsinə namizədliyi irəli sürülür. Bu isə gülünc durumdur”.
Politoloq qeyd etdi ki, Ermənistanda hakimiyyətdən narazı dairələr olsalar da, Paşinyan iqtidarını belə asanlıqla devirmək mümkün olmayacaq. Ancaq bunu da qəbul etmək lazımdır ki, Baqrat və tərəfdarları ölkədə sabitliyi pozur, daxili vəziyyəti gərginləşdirirlər. Bu isə özlüyündə hakimiyyətin fəaliyyətinə çətinlik törədən amillərdəndir.
Səxavət HƏMİD
XQ