Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. Spiker Sahibə Qafaqova əvvəlcə Milli Məclis nümayəndə heyətinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransında iştirakı, səfər çərçivəsində keçirilən görüşlər və Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin oxunması barədə məlumat verib.
Gündəliyin birinci məsələsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verərək cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaranmış əlavə dəyərin 38,2 milyard manat, iqtisadi artım tempinin 4,3 faiz təşkil etdiyini diqqətə çatdırıb. O, artımın tamamilə qeyri neft – qaz sektoru hesabına təmin edildiyini və bu dövrdə iqtisadiyyatın bu sahəsində 24,2 milyard manatlıq məhsul istehsal olunduğunu bildirib. Dövlət büdcəsinin gəlirləri proqnozdan əlavə 1 milyard 115,1 milyon manat olub, xərclər isə 123,6 faiz icra olunub. İxracın miqdarı isə idxala nisbətən 2,5 milyard dollar çoxdur. Qeyd edilib ki, yenidən baxılacaq 2024-cü il icmal büdcənin əsas parametrlərinə dair icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyini təqdim edib. Sədr bununla yanaşı, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinə dair Hesablama Palatasının rəylərini də diqqətə çatdırıb. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra S.Qafarova iyun ayında Milli Məclisin növbədənkənar sessiyanın çağrılacağını bildirib. O vurğulayıb ki, ali qanunverici orqan Prezident İlham Əliyevin Andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində Azərbaycan dövlətinin yeni dövrün tələblərindən irəli gələn vəzifələrini müəyyən edib və Milli Məclis yaz sessiyasındakı fəaliyyətini həmin vəzifələrə və onlardan irəli gələn tələblər səviyyəsində qurmağa çalışıb. Spiker həmçinin deyib ki, sessiya ərzində parlamentin 13 iclası keçirilib, 61 qanun qəbul edilib. Yəni, 2 yeni qanun qəbul olunub, 50 qanunda dəyişiklik aparılıb, 9 beynəlxalq müqavilə təsdiq olunub.