Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib.
Ötən illər ərzində ölkəmizin evsahibliyi etdiyi irimiqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaqlar. Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.
Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək, eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı şəkildə qoşulmaları üçün www.volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilib.
Platformada qeydiyyatdan keçərək onlayn anket formasını dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi və bu kimi digər müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. Yekun mərhələni uğurla tamamlayan namizədlər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən media, qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar. Qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə yarana biləcək suallarla bağlı müraciət etmək üçün Çağrı mərkəzi (+994 12 535 29 28) də könüllülərin xidmətindədir.
XQ