Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh prosesinin gedişinə toxunub. Onun dilə gətirdiyi fikirlərdə iki başlıca məqam var. Birincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq xətti. İkincisi isə bu məsələdə ATƏT-in boynuna məsuliyyət qoymaq. Birincidən başlayaq.
A.Mirzoyan bildirib ki, Alma-Ata Bəyannaməsinin prinsipləri Azərbaycanla müzakirə olunan sülh müqaviləsində təsbit edilsə, bu, uzun müddətdir davam edən münaqişəyə son qoya və Cənubi Qafqazda sabit sülhü bərqərar edə bilər. “Mən həmkarıma Cənubi Qafqazdakı mövcud vəziyyəti, Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsində baş verən hadisələri, o cümlədən, Almatıda (Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşü – red.) aparılan danışıqların təfərrüatlarını təqdim etdim. Bu kontekstdə aprelin 19-da iki ölkənin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərəfindən təsdiq edilmiş razılaşmanı vurğuladım ki, delimitasiya prosesinin siyasi əsası 1991-ci il Alma-Ata Bəyannaməsi olmalıdır”.
Bəli, Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq xətti yürüdən Ermənistan iqtidarı, o cümlədən, XİN rəhbəri A.Mirzoyan, ilk növbədə, ölkəsinin otuz ilə yaxın müddətdə həmin sənədə əhəmiyyət vermədiyini, işğalçılıq siyasəti yürütdüyünü nəzərə almır. Nəzərə almır ki, vaxtilə Ermənistan danışıqlar prosesini dalana dirədiyi üçün 44 günlük müharibə baş verdi. İndi heç nə olmamış kimi davranmaq, o cümlədən, həmin müharibənin ölkəsi üçün daha acınacaqlı nəticələr doğurmasının qarşısını almış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə etinasız yanaşmaq yolverilməzdir.
Digər yandan, Mirzoyan Alma-Ata Bəyannaməsinin prinsiplərinin sülh prosesində keçərliliyi ilə bağlı 2022-ci ilin Praqa sammitini qabardır. O sammiti ki, orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər. Həmin görüşdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Əlbəttə, o zaman Qarabağ amili bir o qədər qabarıq deyildi. Rəsmi İrəvan tərəfindən Qarabağın Azərbaycan kimi tanınması məsələsi 2023-cü ilin mayında ölkə liderlərinin Brüsseldəki görüşündən sonra aktuallaşmağa başlamışdı. Ancaq erməni iqtidarı bir tərəfdən Brüsseldə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, digər yandan isə bölgənin erməni əhalisi üçün beynəlxalq təminat məsələsini qaldırmağa başladı. Nəticə etibarilə Ş.Mişelin vasitəçilik missiyası iflasa uğradı. Paşinyan isə 2023-cü il sentyabrın əvvəlində yerli televiziyaya müsahibəsində bildirdi ki, Qarabağın özünün seçilmiş hakimiyyəti var. Beləliklə, Ermənistanın bölgəni Azərbaycan ərazisi kimi tanımasının heç bir əhəmiyyəti qalmadı. Buna görə Bakı lokal xarakterli antiterror tədbirləri həyata keçirərək Qarabağa tam nəzarəti, suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Deməli, Mirzoyan unutmamalıdır ki, təmsil olunduğu hakimiyyət heç vaxt konstruktiv davranmayıb və hazırda onun sırf sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Alma-Ata prinsiplərini ehkamlaşdırmaq xətti mənəvi baxımdan düzgün deyil. Əlbəttə, siyasi nöqteyi-nəzərdən də sırf sözügedən sənədin üzərində dayanmaq yolverilməzdir. Həm də ona görə ki, delimitasiya və demarkasiya məsələləri özlüyündə mürəkkəb prosesdir. Onu yalnız bir sənədə istinadən gerçəkləşdirmək ədalətli yanaşma sayıla bilməz.
Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Ancaq bu zaman ölkəmizin müəyyənləşdirdiyi prinsiplər əsas götürülməlidir. Böyük ölçüdə İrəvanın həmin saziş üzərinə deyəcək heç bir sözü olmamalıdır. Çünki hazırda rəsmi İrəvan uzun müddətdir davam edən münaqişəni aradan qaldırmaq istəməyən, davamlı sülhə maneçilik törədən tərəf ampluasındadır, onun hansısa “xoş avazlı zəngulələr vurması” anlaşılmır. Elə isə Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə keçirdiyi mətbuat konfransında daha nələri dilə gətirdiyinə diqqət yetirək.
Bəli, Mirzoyan da Paşinyan kimi “Dünyanın kəsişməsi” təşəbbüsünüdən söz açır. Qəribə vəziyyət yaranır. Ermənistan Azərbaycanla sülh müqaviləsindən danışanda regional kommunikasiyaların açılması amilini önə çəkir, ancaq nədənsə həmin məsələnin üçtərəfli Bəyanat məntiqindən irəli gəldiyini qəbul etmir. Sual yaranır: “Dünyanın kəsişməsi” təşəbbüsü qaldırılırsa, o zaman nəyə görə Naxçıvana maneəsiz yol məntiqi, daha dəqiq desək, “Zəngəzur dəhlizi” ideyası bir kənara qoyulur? Sadə məntiq də onu deyir ki, “Zəngəzur dəhlizi” yoxdursa, “Dünyanın kəsişməsi” də ola bilməz. Deməli, indiki şərtlərlə sülh müqaviləsi regional kommunikasiyaların əvvəlki qaydada blokda saxlanılması şərti ilə imzalanmalıdır. Hər halda, İrəvan başqa yol qoymur. Bu durumda Ermənistanın əvvəllərdə olduğu kimi, təcriddə qalacağını isə ölkənin rəhbərliyi özü düşünməlidir. Düşünməli və nəticə çıxarmalıdır. Mirzoyanın, eləcə də digər erməni rəsmilərinin sözlərindən belə çıxır ki, dünya birliyi Azərbaycana bu məsələdə təzyiq göstərməlidir. Əlbəttə, məsələyə belə yanaşma qəbul edilə bilməz.
***
Gələk yazımızın ikinci hissəsinə. Yəni, Mirzoyanın Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq üçün ATƏT-in boynuna məsuliyyət qoymaq istəməsinə. Əslində, burada söhbət yalnız sözügedən qurumun boynuna məsuliyyət qoymaqdan getmir. Ermənistan rəhbərliyi, ümumən, dünyadan Azərbaycanla sülh gündəliyi baxımından yardım istəyir. Yardım istəyir ki, özünə sərfəli nəticələr əldə etsin və ATƏT də bu baxımdan istisna deyil. Ona görə Mirzoyan bildirir ki, geosiyasi proseslər kontekstində ATƏT ciddi çağırışlarla üzləşir və bu çağırışlar təşkilatın alətlərindən və bütün mexanizmlərindən səmərəli istifadə etməklə, qurumun məsuliyyət zonasında mövcud olan problemlərin həllini bütün iştirakçı dövlətlərdən tələb edir: “Cənubi Qafqaz da ciddi problemlərlə üz-üzədir və onlar, öz növbəsində, dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi əsas prinsipləri pozur. Bunlar birbaşa ATƏT-in mandatı ilə bağlı olan çağırışlardır və strukturun məqsədyönlü iştirakının vacibliyini vurğulayır”, – deyə Mirzoyan əlavə edib.
Göründüyü kimi, A.Mirzoyan əslində, ATƏT-i erməni avantürası üçün alətə çevirmək əzmini ortaya qoyur. Ola bilər, vaxtilə mövcud olmuş Minsk qrupunun yenidən fəaliyyət göstərməsi də ağlından keçir. Ondan, bütövlükdə erməni iqtidarından hər şey gözləmək mümkündür... Belə davranış reallıqları nəzərə almamaq, sülh prosesinə əlavə elementlər qatmaq cəhdidir.
Rəsmi İrəvanın təmsilçiləri mütləq şəkildə düşünməlidirlər ki, indiki durumda heç bir kənar oyunçu onun Azərbaycanla sülh prosesinə töhfə vermək iqtidarında deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də Şuşaya köçmüş sakinlərlə görüşündə tam aydın və dəqiq şəkildə izah etdi. Yaxşı olar ki, Ermənistan rəhbərliyi siyasətini dövlətimizin başçısının bildirdiyi fikirləri əsas götürməklə qursun, hansısa kənar motivlər axtarmağa girişməsin. Çünki hazırkı sülh şərtləri indiki dövr üçün qüvvədədir. Bu şərtlərin yerinə yetirilmədiyi hər an Ermənistan üçün zaman itkisidir.
Ə.RÜSTƏMOV
XQ