Gücün sərt leksikonu və Prezidentin Şuşa mesajları

post-img

Prezident İlham Əliyevin Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı səsləndirdiyi fi­kirlərə bir neçə cəhətdən diqqət yetirmək lazımdır. Əlbəttə, ilk növbədə, həmin fikirlərin dərin mesaj yükünün olduğuynu vurğulamalıyıq. Yazımız da əsasən bu barədədir. Ancaq digər əlaqəli məqamlara da toxunacağıq. 

***

Bəli, XX yüzillikdə ermənilərə hə­mişə vədlər verilib. Əslində, bu, daha əvvəlin söhbətidir. Məsələ ondadır ki, erməni amilindən istifadə 1830-cu il­dən başlayıb. Yəni, ermənilərin Cənubi Qafqaza köçürülməsindən. Bunu çar Rusiyası edib. İstəyib ki, müsəlman­lar yaşayan coğrafiyada xristian bufer zonası yaratsın. Tədricən ermənilərin Osmanlı imperiyasına qarşı alət kimi istifadəsi planları da işə düşüb. Bu dəfə Qərb erməni amilindən istifadəyə girişib və dünyada hayların təşkilatlan­ması prosesi başlanıb. Onların “Daş­naksütyun” və “Hnçak” kimi millətçi ter­ror təşkilatlarının formalaşdırılmasına dəstək göstərilib. Məsələ barədə Rusi­yanın Van və Ərzurumdakı baş konsu­lu olmuş Mayevski də özünün XIX əs­rin sonlarına aid olan xatirələrində söz açıb. Mayevski onu da vurğulayıb ki, “Şərq məsələsi”nin davamı kimi, “Yu­nan məsələsi”nə üstünlük verilməyə başlanandan sonra “Erməni məsələsi” təxirə salınmış, ancaq proses tam sıra­dan çıxmamışdı. 

Bir müddət sahibsiz qalan ermə­nilərə sahiblik baxımından Qərb və Rusiya arasında rəqabət yaranıb. Han­sı tərəf onlara nəyi çox vəd edəcək, məsələ böyük ölçüdə bu olub. Ona qə­dər isə ermənilərə Azərbaycanın İrəvan şəhəri paytaxt olmaqla, öz dövlətlərini yaratmaq imkanı tanınıb. Bu, Qərb üçün sərfəli idi. Elə Rusiya da erməni qövmünə mükafat qismində dövlətin yaranmasına etiraz etmədi. Bolşevik­lərin hakimiyyətə gəlişi ilə həmin qövm üçün yeni səhifə açıldı. SSRİ-nin qurul­masından sonra sovet Azərbaycanının torpaqları hesabına Ermənistan SSR üçün, belə demək mümkünsə, ərazi hə­diyyələri dövrü başlandı. Əslində, So­vetlər Birliyinin rəhbərliyi bununla vax­tilə çar Rusiyanın müsəlmanlar arasına “xristian pazı” siyasətini daha dolğun şəkildə reallaşdırdı. 

Amma bu da son olmadı. Çünki ermənilərin “qlobal xidmətləri” yüksək qiymətləndirilirdi. SSRİ rəhbərliyi hə­min “xidmətlərin” qarşılığını vermək istəyirdi. Azərbaycan torpaqlarında er­mənilərə pay məntiqi elə bu səbəbdən gündəmə gəlmişdi. Proses 1969-cu ilin mayınadək davam etmişdi. Yalnız ulu öndər Heydər Əliyevin respublikamı­za rəhbərliyə gəlişindən sonra torpaq hədiyyələrinə ara verilmişdi. Bunadək isə yəni 1923-cü ildə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vi­layəti yaradılmışdı. Deməli, daha böyük hədiyyə naminə baza formalaşdırıl­mışdı. Yeri gəlmişkən, Heydər Əliyevin rəhbərliyi illərində də erməni millətçiləri Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində cəhdlər göstərmişdilər. Əlbəttə, bu cəhdlərin hamısı iflasa uğ­ramışdı. 

Nəhayət, Ulu öndərin SSRİ-dəki ha­kimiyyət olimpindən uzaqlaşdırılmasın­dan sonra erməni millətçilərinin Qara­bağ avantürasına start verilmişdi. Sovet rəhbərliyi bu avantüraya səssiz qalmış­dısa, imperiyanın süqutundan sonra məsələ ilə bağlı Rusiya və Qərb arasın­da, belə demək mümkünsə, ortaq razı­lıq əldə edilmişdi. Təxminən belə – Qa­rabağ Ermənistanın olmalıdır. ATƏT-in artıq canını tapşırmış Minsk qrupu möv­cud istiqamətdə durmadan çalışmışdı. Prezident İlham Əliyev məhz buna görə də Şuşa sakinləri ilə görüşündə deyir: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın, bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar– Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa”.

Lakin zaman dəyişib. Azərbaycan dövləti bütün oyunları pozub, ədalə­ti bərpa edib, haqsızlıqlar qarşısına sədd çəkib. Bunu öz gücü və iradəsi hesabına gerçəkləşdirib. Ona görə də dövlətimizin başçısı son dərəcə qətiy­yətli şəkildə bildirir ki, Azərbaycanın iradəsindən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil və buna görə də: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya, onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasə­timiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. 

Bəli, neçə müddətdən sonra ABŞ səfirinin ilk dəfə Şuşaya ayaq basması qəribə idi. Bu, istər-istəməz sual doğu­rurdu. Birləşmiş Ştatlar nə üçün dörd il gözləmişdi. Axı biz bilirik ki, dünyanın müxtəlif ölkələrinin ali səviyyəli diplo­matlarının həm Şuşaya, həm də işğal­dan azad edilmiş digər bölgələrimizə səfərləri reallaşıb. Nəinki reallaşıb, bir növ, ənənə halını alıb. Görəsən, ABŞ səfiri nəyi gözləyirdi? Hər halda, Ame­rikanın Azərbaycandakı ali təmsilçisi elə-belədən Şuşaya yollanmazdı. Bura­da bir mesaj var. 

Prezident İlham Əliyev məhz belə subliminal mesajlar dilində danışma­mağı, səmimi davranmağı əsas götürür. Dövlətimizin başçısının fikirləri həm də bəzi qüvvələrin səmimiyyətdən uzaqlığı barədə düşünməyə əsas verir: “Əgər bu gün yenə də görsək ki, Ermənistan­da revanşistlər baş qaldırır, Fransa Er­mənistana öldürücü silahlar verir, o si­lahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda, hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qaba­ğımızda dura bilməz”.

ABŞ səfirinin Şuşaya səfəri və ölkə­nin Azərbaycan – Ermənistan münasi­bətlərinin nizamlamasına aid yada ötən il baş verən bir sıra olaylar düşür. Bu baxımdan Dövlət Departamenti rəhbə­rinin köməkçisi Ceyms Obraynın Naxçı­vana quru yolunun İrandan keçməsinə hiddət dolu münasibətini xatırlamalıyıq. Onun dediklərindən belə çıxmışdı ki, sözügedən yol Ermənistandan rəsmi İrəvanın istədiyi kimi keçməsə və alter­nativ olaraq Bakının seçdiyi İran varian­tı dəyərləndirilsə, o zaman Vaşinqton Azərbaycana münasibətini dəyişəcək. 

Qeyd edək ki, dövlətimiz bu gün də Naxçıvana yolun Ermənistan vasitə­silə olmasının tərəfdarıdır. Ancaq bu yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, hansı­sa sərhəd və gömrük nəzarəti olmadan. Ermənistan isə belə yanaşmanı özünün suverenliyinə qəsd kimi qiymətləndirir. Beləliklə, 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanata əsasən üzərinə götür­düyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Əslində, Obraynın və ümumən ABŞ-ın şəxsində kollektiv Qərbin də istədiyi budur – erməni varlığı üçün imtiyaz tanımaq, ona avantürizm şan­sı vermək. Azərbaycanın ən məlumatlı şəxsi – Prezident İlham Əliyev bu kimi niyyətlərdən xəbərdar olduğundan, sərt mesajlar səsləndirir. Daha doğrusu, mesaja mesajla cavab verir. Şuşa on­suz da bizim idi. Səfirin ora ayaq ba­saraq ölkəsinin bu qədim şəhərimizin bizə məxsusluğunu təsdiqləyirmiş kimi davranması mənasızdır. Cənab İlham Əliyevin təbirincə desək, bizə minnət qoymaq lazım deyil. 

Bizə heç kəs heç nəyi diktə edə bil­məz. İndi nə 1918-ci ildir, nə Sovetlər Birliyi dönəmidir, nə də 1991–1994-cü illər. Qarabağ danışıqları vasitəsilə bu bölgəni və digər işğal edilmiş torpaqları­mızı Ermənistana vermək üçün min cür hoqqaların çıxarıldığı zaman da geridə qalıb. Gələcəyə baxılmalıdır. Elə bir gələcəyə ki, orada Azərbaycanın daxili işlərinə müdaxilə meyli nəzərə çarpma­sın. Elə bir gələcəyə ki, orada Azərbay­canın Cənubi Qafqazdakı söz sahibi mövqeyi vurğulansın. Ona görə vurğu­lansın ki, bu vurğulanmada ilahi ədalət payı var. Bu gün Azərbaycanın çalışdığı məhz o ədalətin tam bərpasıdır. Möv­cud istiqamətdə təkcə çalışmırıq, eyni zamanda, tələb edirik. Ermənistandan sərhədin ədalətli şəkildə müəyyənləş­məsinə əks çıxmamağı gözləyirik. Bəs bunun qarşılığında nə görürük?

Görürük ki, Ermənistanda müəyyən qüvvələr vurnuxurlar. Baqratlar başda olmaqla revanşist-şovinistlər ortaya dü­şüb saxta vətənpərvərlik “zəngulələri vururlar”. Azərbaycanla delimitasiya və demarkasiya prosesini pozmağa səy göstərirlər. Yekunda onlar sülhə qar­şıdırlar. Azərbaycan Prezidenti Şuşa sakinləri ilə görüşündə belələrinin ca­vabını verdi. Həm də belələrini ortaya salanların. Mövcud xüsusda dövlətimi­zin başçısının vurğuladığı bir məqam var. Əslində, ölkəmizin lideri həmin məqamı əvvəllər də dilə gətirib. O za­man Ermənistan sülhə indiki qədər yaxın görünmürdü. Məhz həmin vaxt Prezident İlham Əliyev bildirmişdi ki, sərhədləri müəyyənləşdirmək istəmir­lərsə, onun haradan keçəcəyinə döv­lətimiz özü qərar verəcək. Dövlətimizin başçısı eyni fikri bir qədər də qətiyyətli şəkildə yenidən gündəmə gətirir: “İkin­ci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsi­nizsə, onda biz deyəcəyik, harada istə­yirik orada da sərhəd olacaq”. 

***

Ümumən, Azərbaycan liderinin fi­kirləri Cənubi Qafqazda sülh prosesini pozmaq, erməni avantürizmini diri sax­lamaq istəyənlərə demarş xətti, onla­rın siyasi menyusunu alt-üst etməkdir. Cənab İlham Əliyev dövlətimizin möv­cud istiqamətdə hər cür imkanlara sa­hibliyini vurğulayır. Bu vurğulama, eyni zamanda, həm Ermənistana, həm də onun havadarlarına ədalət prinsiplərinə münasibətdə əks mövqe tutmamaqla bağlı sərt xəbərdarlıqdır: “Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azər­baycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bun­dan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Biz də əmin olmaq istərdik ki, Ermə­nistan və havadarları Prezident İlham Əliyevin Şuşa mesajlarından nəticə çıxaracaqlar. Nəzərə alaq ki, dövləti­mizin başçısının mesajları dünya üçün kifayət qədər əhəmiyyətli sayılan, həs­saslığı ilə seçilən Cənubi Qafqaz regio­nunun gələcək inkişafı baxımından son dərəcə önəmlidir. Bu önəmlilik bütün beynəlxalq güclər tərəfindən tam şə­kildə dərk edilməlidir və buna hansısa alternativ yoxdur. Tarixən erməni avan­türizmi üzərində Cənubi Qafqazda oy­nanılan oyunlara da artıq yer yoxdur və bundan sonra heç ola bilməz.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət