Gürcüstan hökuməti mərkəzi idarəçiliyi qismən Kutaisiyə köçürmək barədə düşünür
Gürcüstan hakimiyyəti yeni “hökumət şəhəri” inşa etməyi planlaşdırır. Mərkəzi hökumət qurumlarının əksəriyyəti bu şəhərdə yerləşəcək. Bununla yanaşı, “paytaxtın tam köçürülməsi” nəzərdə tutulmur. Rəsmi məlumatlardan aydın olur ki, “yeni paytaxt” Tbilisinin inzibati ərazisi daxilində, yəni ya şəhər kənarında, ya da onun rayonlarından birində yaradılacaq. Baş nazir İrakli Kobaxidze Bələdiyyə İnkişaf Fonduna layihənin işlənməsi və smetasının hazırlanması barədə tapşırıq verib. Məqsəd idarəetmənin səmərəliliyini artırmaq, Tbilisinin daha daşıya bilmədiyi inzibati və nəqliyyat yükündən azad etməkdir.
Məlumatda bildirilir ki, son illər Tbilisidə sürətli tikinti bumu və nəqliyyat sıxlığı müşahidə olunur. Nazirliklər və idarələr şəhər boyunca səpələnib, köhnə və yararsız binalarda fəaliyyət göstərir. Bu isə idarələrarası əlaqə və gündəlik iş rejimini çətinləşdirir. Yeni “hökumət şəhəri” bu problemlərin mərkəzləşdirilmiş və daha müasir həll yolu kimi görülür. Onu da qeyd edək ki, Gürcüstanda dövlət qurumlarının paytaxtdan köçürülməsi cəhdləri əvvəl də olub. Sabiq prezident Mixail Saakaşvili vaxtilə parlamenti Tbilisidən Kutaisiyə, Konstitusiya Məhkəməsini isə Batumiyə köçürmüşdü. Amma bu addımlar uğursuz oldu. Çünki parlamentin Kutaisidə yerləşməsi baha başa gəldi və səmərəsiz sayıldı. Nəticədə 2019-cu ildə parlament geri – Tbilisiyə qaytarıldı.
***
Bəs Bakıda bu sahədə vəziyyət necədir?
Son illər paytaxt Bakı sürətli inkişaf və böyümə dövrünü yaşayır. Şəhər həm iqtisadi, həm də mədəni sahələrdə ölkənin lokomotivi rolunu oynayır. Bakı yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın ən böyük və dinamik şəhərlərindən biridir. Bununla yanaşı, sürətli böyümə və şəhərin müasir tələblərə uyğunlaşması bir sıra struktural və sosial məsələləri gündəmə gətirib. Artıq infrastrukturlar ciddi problemlər yaradır. Bu, şəhərin nəqliyyat şəbəkəsinin böyüməyə uyğun olmamasından irəli gəlir. Yollarda tıxaclar, xüsusilə səhər və axşam saatlarında ciddi problemlər yaradır.
Eyni zamanda, bir çox nazirlik və idarələr köhnə binalarda yerləşir. Onların saxlanması və təmiri dövlət büdcəsinə əlavə xərclər gətirir. Paytaxtda əhalinin sürətli artımı şəhərin əsas problemlərdən biridir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvarın 1-nə paytaxtda yaşayan əhalini sayı 2 milyon 344 min 888 nəfər olub. Amma bu rəqəm yalnız rəsmi qeydiyyatda olanları əhatə edir. Bakıda qeydiyyatsız və müvəqqəti yaşayan əhalinin sayı daha çoxdur. Demoqrafik tədqiqatlar və ekspertlər tərəfindən aparılan qiymətləndirmələrə əsasən, paytaxtda əhalinin sayı rəsmi rəqəmlərdən daha çox, təxminən 3–3,5 milyon arasındadır.
Paytaxtda həyata keçirilən iri tikinti layihələri, infrastruktur inkişafı və digər iqtisadi fəaliyyətlər yeni iş yerlərinin yaranmasına səbəb olur. Bu, şəhərə işçi qüvvəsi axınını artırır. Xüsusilə, qeyri-işgüzar və qeyri-rəsmi işlərə cəlb edilən şəxslər də nəzərə alınarsa, əhali sayı rəsmi rəqəmlərdən daha çoxdur. Təhsil sahəsində də ciddi artım müşahidə olunur. Bakıdakı universitetlərə hər il minlərlə yeni tələbə qəbul olunur. Təhsil almaq məqsədilə paytaxta gələn gənclər gələcək həyatını məhz burada qurmağa çalışır və geri qayıtmırlar. Bu, Bakının demoqrafiyasında dəyişikliklərə, şəhərin yüklənməsinə səbəb olur.
***
Bəli, Bakı yalnız iş imkanları, təhsillə deyil, həm də mədəniyyət və səhiyyə sahələrindəki inkişafla da diqqət çəkir. Bu, xüsusilə təhsil və səhiyyə xidmətlərinə daha asan çıxış istəyən ailələr üçün vacib amildir. Bakı bu baxımdan da problem yaşayır. Yəni, əhali artımı Bakının urbanistik və infrastruktur problemlərini dərinləşdirir.
Yerli ekspertlərin bir çoxu problemi köklü surətdə həll etmək üçün paytaxtın köçürülməsini təklif edirlər. Yeni paytaxt kimi Gəncə, Yevlax, Kürdəmir, Xankəndinin adını çəkənlər var. Lakin bu təkliflərin reallaşması üçün həmin şəhərlərin infrastrukturu və digər inkişaf göstəriciləri tələblərə cavab vermir. Paytaxtın köçürülməsi yalnız şəhərin adının dəyişdirilməsi ilə bağlı deyil. O, bütün ölkə iqtisadiyyatı və idarəetmə strukturları ilə əlaqədar ciddi dəyişikliklər tələb edir. Məsələn, paytaxtın köçürülməsi, yeni şəhərin inkişafını sürətləndirmək üçün çoxlu sərmayə və vaxt tələb olunur. Azərbaycanın iqtisadi vəziyyəti bu cür dəyişikliklərə imkan verirmi? İlkin hesablamalara görə, paytaxtın köçürülməsi üçün ən azı 40–50 milyard dollar vəsait lazımdır. Bu gün ölkənin hərbi gücünün artırılması və azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi külli miqdarda maliyyə vəsaiti tələb olunur. Deməli, indiki şəraitdə paytaxtın köçürülməsi qeyri-realdır.
Mövzu il bağlı iqtisadçı Əli Mustafayev XQ-yə bildirdi ki, son illər paytaxtın köçürülməsi məsələsi müzakirə olunan əsas mövzulardan biridir: “Bakı şəhəri artıq yalnız ölkənin iqtisadi mərkəzi deyil, həm də idarəetmə və sosial xidmətlər baxımından çox böyük yük daşıyır. Lakin yeni paytaxtın qurulması məsələsi ciddi iqtisadi və infrastruktur məsələlərini gündəmə gətirir. İndiki şəraitdə paytaxtın köçürülməsi mümkün deyil. Buna baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafını təmin etmək üçün Bakıda sıxlığı azaltmaq və regionların inkişafını gücləndirmək lazımdır. Bunun üçün də iqtisadi islahatlar həyata keçirilməlidir. Yeni sənaye müəssisələri yaradılmalı, kənd təsərrüfatının inkişafına önəm verilməlidir. Yeni emal müəssisələri, aqroparklar yaradılmalıdır ki, yerli sakinlər işlə təmin olunsunlar. Təhsil sahəsi, xüsusilə universitetlərin və digər təhsil müəssisələrinin regionlara köçürülməsi gənclərin daha yaxşı təhsil imkanları əldə etməsini təmin edər. Bu, həm də yerli əmək bazarının inkişafını təşviq edər və bölgələrdə işsizliyi aradan qaldırardı. Eyni zamanda, energetika kimi sahələrin regionlara yönəldilməsi, yerli iqtisadiyyatı gücləndirər və bölgələrdə yeni iş yerlərinin yaranmasına səbəb olardı.
Sosial xidmətlər sahəsindəki islahatlar çox vacibdir. Bölgələrə sərmayə yatırımı və infrastrukturun təkmilləşdirilməsi, bu şəhərlərdə iqtisadi canlanma yaratmaqla əhalinin Bakıdan kənara köçməsinə şərait yaratmaq olar. Bir məsələyə də toxunmaq istəyirəm. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, vətəndaşların öz ata-baba torpaqlarına qayıdışı da paytaxtın yükünü azaldacaq. Azərbaycan üçün uzunmüddətli inkişaf strategiyası olaraq Bakının sıxlığını azaltmaq və regionları gücləndirmək önəmlidir”.
Memar Cahid Həsənov məsələ ilə bağlı açıqlamalarının birində deyib ki, Bakı yükü daşıya bilməyəcək qədər dolub: “Binalar bir-birinə sıx şəkildə yerləşir. Şəhərin viziual görünüşü, amfiteatrı, panoraması pozulur. Mənim memar kimi təklifim budur ki, tədris ocaqlarının, yataqxanaların əksəriyyəti Bakının mərkəzi rayonlarından kənara – bölgələrə çıxarılsın”.
Maraqlı təklifdir. Hər halda, Tbilisi kimi, Bakını da artıq yükdən qismən azaltmaq barədə düşünməyin vaxtı çatıb.
Pünhan ƏFƏNDİYEV
XQ