Tehranın reallığın qəbulundan doğan nikbinliyi

post-img

Zəngəzurun təhlükəsiz marşrut olduğunu izah etmək isə İrəvanın boynuna düşür

Tramp–Əliyev–Paşinyan paktı hələ də beynəlxalq gündəmin əsas mövzusudur. Qərbin analitik mərkəzləri və Cənubi Qafqaz regionu üzrə ekspertlər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur üzərindən “Tramp marşrutu” (TRİPP) layihəsinin həyata keçirilməsinə dair əldə edilmiş razılaşmaları ətraflı və qızğın şəkildə müzakirə və şərh edirlər. Bu zaman bütün debat və müzakirələrdə hamı Vaşinqton bəyannamələrini təqdir edir, onların dayanıqlı sülhə və əməkdaşlığa geniş yol açdığı birmənalı şəkildə önə çəkilir.

Nə gizlədək, Azərbaycan üçün bu marşrutla bağlı rəsmi Tehranın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki cənub qonşumuz bu mövzu müzakirə predmetinə çevrildiyi 2020-ci ilin noyabrından etibarən ona qarşı çıxmış, hətta layihənin qarşısına özünün “qırmızı xəttini” çəkdiyini bəyan etmişdi.

“Zəngəzur müzakirəsi başlayanda düşünürdük ki, əsas ideya Ermənistanın Sünik (Zəngəzur-red.) vilayətini ələ keçirmək və Naxçıvanla Azərbaycanın materik ərazisi arasında ərazi əlaqəsi yaratmaqdır. Yəni, ideya bu vilayəti ələ keçirmək idi və biz o zaman ciddi narahatlığımızı bildirdik”.

Bunu IRNA agentliyinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi söyləyib. Vaşinqtonda iki ölkə arasında əldə edilən razılaşmaların miqyasının hələ tam aydın olmadığına diqqət çəkən İranın baş diplomatı bu barədə İrəvanın onları kifayət qədər məlumatlandırdığını deməyi də unutmur: “Amma zahirdə nə görünürsə odur və ermənilər bizə bunları dedilər; Ermənistanın baş naziri Nikol Paşinyan bizim Prezidentimizə zəng etdi, onların xarici işlər naziri mənə zəng etdi, xarici işlər nazirinin müavinini Tehrana göndərdilər. Hamısı bizə hərtərəfli izahat verdilər. Həm baş verənlər, həm də baş verməli olanlar barədə. Buna “regionda geosiyasi dəyişikliklər” deyilirdi. Tamamilə fərqli şeylərdir. Mən demirəm ki, indi baş verəcəklər narahatlıq doğurmur, çünki bizim bəzi narahatlıqlarımız var”.

Bəs Əraqçinin narahatlığı nədən ibarət imiş? Onun dediyinə görə, guya, əvvəllər Azərbaycanı Naxçıvanla birləşdirəcək və İrəvanın deyil, Bakının nəzarəti altında olacaq 5-10 kilometr enində dəhlizin yaradılmasından danışılırdı. Bundan ciddi geosiyasi narahatlıq keçirdiklərini dilə gətirən nazir Əraqçi müsahibəsində rəsmi Tehranın o zaman hətta silahlı qüvvələrini sərhədin yaxınlığında yerləşdirdiyini də etiraf edib. Yəni, bu ərazidə təhlükəsizliyini təmin etməkdən ötrü hərbi mövcudluq yaradan İran hakimiyyəti sonra əmin olub ki, belə ideyalardan söhbət gedə bilməz. Tehranı buna əmin edən digər amil Bakının tutduğu şəffaf və konstruktiv mövqe, eləcə də Prezident Məsud Pezeşkianın son dörd ayda Azərbaycana iki səfərində nümayiş etdirilən əsl dostluq və səmimi qonşuluq münasibətləri oldu.

IRNA-ya müsahibəsində “İndi bütün bu ideya və layihələr Ermənistanda qeydiyyatdan keçmiş və onun qanunları və yurisdiksiyası altında ABŞ şirkəti tərəfindən çəkilən strateji yola çevrilib. Bəli, bu yol Ermənistanın suverenliyi altındadır” – deyən Əraqçi heç bir Amerika qoşununun İranın sərhədində yerləşməyəcəyinə və bu zaman Tehranın müəyyən etdiyi bütün qırmızı xətlərə hörmətlə yanaşılacağına əminliyini ifadə edib: “Bu, sadəcə, ABŞ-ın özəl mühəndislik şirkətidir. Yəni, təhlükəsizlik şirkəti deyil, hərbi şirkət deyil. Orada Amerikanın güc strukturu, qüvvələri yoxdur və yolun təhlükəsizliyini Ermənistan özü təmin edir. Üstəlik, ABŞ-ın özəl mühafizə şirkətlərinin belə ölkəyə girməsinə icazə verilməyəcək”.

Nəhayət, müsahibənin sonunda İranın xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin imzaladıqları birgə Bəyannaməyə də münasibət bildirib. Əraqçi həmin sənəddə göstərilən prinsiplərin – regionda sərhədlərin dəyişilməzliyinin, bölgənin bütün ölkələrinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin Tehranın mövqeyi ilə üst-üstə düşdüyünü bildirib.

Məgər Əraqçinin bu gün dediyini Bakı hələ dörd il bundan əvvəl demirdi: “Əvvəldən bizim mövqeyimiz ondan ibarət idi ki, Qafqazda hansı addımlar atılsa da, regionun sərhədləri dəyişməməlidir. Bizim üçün vacib idi ki, Ermənistanın və heç bir başqa ölkənin suverenliyinə zərbə vurulmasın”.

***

Yeri gəlmişkən, qlobal geosiyasi prosesləri izləyən “Canadian Geopolitical Monitor” mərkəzinin hesabatında qeyd olunur ki, Zəngəzur dəhlizinə (TRİPP) dair imzalanmış sənəd hüquqi cəhətdən məcburi müqavilə sayılmasa da, Cənubi Qafqazda otuz ildən artıq davam edən münaqişəyə son qoymaq yolunda ən əhəmiyyətli uğura çevrilib. “Bu addım regiondakı geosiyasi vəziyyəti dəyişə və güc balansını Moskvadan uzaqlaşdıra, Vaşinqtona Cənubi Qafqazda görünməmiş təsir mövqeləri qazandıra bilər”, – analitik materialda deyilir.

Kanadalı analitiklərin fikrincə, Ermənistan üçün bu sövdələşmə Amerika sərmayəsinin görünməmiş miqyası deməkdir və onun ərazisindən Qərbin nəzarətində olan, buna görə də daha təhlükəsiz tranzitə zəmanət verir. Paşinyanın təsdiq etdiyi kimi, TRIPP marşrutu yeni xarici sərmayə dalğasını cəlb edərək ölkənin təhlükəsizlik sisteminin yeni elementinə çevriləcək.

Bu layihə Azərbaycan üçün İran və ya Rusiya tranzitindən asılılığı aradan qaldıraraq Naxçıvan və Türkiyə ilə birbaşa əlaqəni təmin edir. Bu fikirləri önə çəkən müəlliflər hesabatda vurğulayırlar ki, bu dəhliz, sadəcə, iqtisadi layihə deyil; onun yerləşməsi və idarə olunması ABŞ-ı strateji əhəmiyyətli regionda yeni logistik baza ilə təmin edir. Bu marşrut işə düşdükdən sonra Rusiyanın ABŞ-ın mövcudluğunu məhdudlaşdırmağa çalışdığı bir ərazidə Qərb təsirinin vizual simvoluna çevriləcək.

“Ağ Evdə avqustun 8-də baş verən hadisələr ABŞ-ın Cənubi Qafqaz siyasətində böyük dəyişiklikdən xəbər verir. Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə görüşü uzunmüddətli öhdəliklərə və ən əsası, Vaşinqtonun regional proseslərdə fəal iştirakına səbəb olub”, – hesabat müəllifləri vurğulayırlar.

Kanadalı analitiklər hesab edirlər ki, ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşma Moskva üçün geosiyasi məğlubiyyət deməkdir. Onlar məqalədə qeyd edirlər ki, Vaşinqton Rusiyanın regionda zəifləyən mövqelərindən və həm Bakının, həm də İrəvanın Moskvadan asılılığını azaltmaq istəyindən yararlanaraq Cənubi Qafqazda yaranmış təsir boşluğunu tez bir zamanda doldura bildi.

İrana gəldikdə isə, aydın məsələdir ki, rəsmi Tehran Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin gözlənilməsi barədə danışarkən bölgəyə, xüsusilə onun sərhəd zonasına üçüncü dövlətin silahlı kontingentinin (oxu – NATO -red.) ayaq açmasından çox narahat idi. Göründüyü kimi, bu əbəs narahatlıq aradan qalxdıqdan sonra İranın xarici işlər naziri Zəngəzur dəhlizinin (TRİPP) bölgənin bütün ölkələrinin inkişafına töhfə verəcəyi barədə pozitiv fikirlər söyləyir. Biz Tehranın mövqeyində müşahidə edilən bu yumşalmanı Bakının yaratdığı reallığı qəbul etməsindən doğan diplomatik nikbinlik hesab edə bilərik.

İmran BƏDİRXANLI
XQ



Siyasət