Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 15-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonunun Yuxarı Yeməzli kəndindən məcburi köçkün düşdüyünü bildirib. O, polis əməkdaşı olan qardaşı İsmayıl İsmayılovun 1993-cü il oktyabrın 25-də digər 6 polislə birlikdə Cəbrayıl rayonunun Dərzili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb, qardaşı İlham Quliyev qətlə yetirilib. İdris Mirzalıyevisə Zəngilan rayonundan məcburi köçkün düşdüyünü, Zəngilanda və Tərtərdə yaralandığını bildirib. Xavər Şükürova 1993-cü ilin oktyabr ayında Zəngilan rayonunun Havalı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün düşdüyünü deyib.
Məleykə Hüseynova Zəngilan 1993-cü ilin oktyabrında rayon işğal edilərkən Araz çayından keçərək xilas olub, qardaşı isə itkin düşüb. Ülkər İsgəndərova 1993-cü il oktyabrın 29-da Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib. Ramal Məmmədov 2020-ci ildə artilleriya atəşi nəticəsində yaralandığını deyib.Tamilə Süleymanova 1993-cü il oktyabrın 30-da Zəngilan işğal ediləndə Araz çayından keçərək xilas olub. Nazilə Hüseynova 1993-cü il avqustun 23-də Füzuli rayonunun Qaraxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.
Vəfalı Qədirov 2017-ci il fevralın 2-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə yarası aldığını söyləyib. Zərərçəkmiş Ələmdar Mədətov 7 nəfər ailə üzvü ilə birlikdə 1993-cü ildə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib. Kəmalə Yusifova minanın partlaması nəticəsində ağır yaralanıb, ayağı amputasiya olub. Ceyhun Quliyev ifadəsində 1993-cü ildə Zəngilandan məcburi köçkün düşdüyünü deyib.
İİbadət Süleymanov və İsgəndər İsgəndərov 1993-cü ilin oktyabrında Zəngilan rayonundan məcburi köçkün düşdüklərini söyləyiblər. Zülfü Həsənəliyev Zəngilanın işğalı zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə, o cümlədən qadınlara və qocalara qarşı amansız davrandığını bildirib. Nəbi Nağıyev Zəngilanda qardaşının şəhid olduğunu söyləyib.
Xanoğlan Süleymanov Zəngilanda qardaşının azyaşlı övladı Sadiq Süleymanovun və qardaşı Baloğlan qətlə yetirildiyini bildirib. Eldar Novruzov 1992-ci ilin sentyabr ayında Zəngilan rayonunun Malatkeşin kəndində yaşadığı evə mərmi düşdüyünü bildirib. Vidadi Orucov Zəngilan rayonunun Məmmədbəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib. Rasim Camalov, Raci İsmayılov, Barat Xanlarov, Əşrəf İbadov Zəngilandan məcburi köçkün düşdüklərini söyləyiblər. Abış Məhərrəmov, Mahir Xəlilov və Habil Nuriyev Araz çayından keçərək xilas olduqlarını bildiriblər.
Rövşən Abdullayev bildirib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb, özü və digər azərbaycanlılar işgəncələrə məruz qalıblar. Elbrus Hacıyev, Elbrus Abbasov və Adil Quluyev Laçın rayonunu tərk etmək məcburiyyətində qaldıqlarını deyiblər. Soltan Məmmədov 1993-cü ilin avqust ayında Füzuli rayonunun Qərvənd kəndindən məcburi köçkün düşdüyünü söyləyib. Bildirib ki, hücumlar zamanı doğmaları şəhid olub. Vaqif Hüseynov Füzuli rayonunun Merdinli kəndindən məcburi köçkün düşdüyünü, Anar Məmmədov minanın partlaması nəticəsində sol qolunu itirdiyini bildirib, Səməd Əhmədov Füzuli rayonunda xəsarət aldığını deyiblər.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.
XQ