Bu yol yüklərin Şərqdən Qərbə çatdırılmasını 2-3 dəfə qısaldır
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Avazada (Türkmənistan) keçirilən iclasda Orta Dəhlizdən sürətli və təhlükəsiz marşrut kimi fəal istifadənin dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli töhfə verdiyini bildirib. O, dənizə çıxışın olmaması səbəbindən ticarətdə əlavə xərclər yarandığını, ixracatçıların mənfəətinin azaldığını və dənizə çıxışı olmayan ölkələrin beynəlxalq bazarlarda fəaliyyətinin çətinləşdiyini diqqətə çatdırıb.
Bu baxımdan Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən Türkiyə multimodal nəqliyyat dəhlizlərini inkişaf etdirərək, qlobal logistika əlaqələrinin strateji mərkəzinə çevrilir və əsas rol oynayır. Xəzər dənizi üzərindən keçən Şərq –Qərb Orta Dəhlizi beynəlxalq ticarətdə səmərəli və məhsuldar alternativ kimi nəzərdən keçirilir.
Ə.Uraloğlu daha sonra vurğulayıb ki, Orta Dəhlizin sürətli və təhlükəsiz nəqliyyat marşrutuna çevrilməsi istiqamətində icra olunan layihələr sayəsində bu gün dənizə çıxışı olmayan ölkələrin dayanıqlı inkişafı əhəmiyyətli dərəcədə gerçəkləşir. Bundan əlavə, gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi ticarət axınlarının həcmini artırır.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, eləcə də Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Bu marşrut, eyni zamanda, Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yola malik olması ilə diqqət çəkir.
Yeri gəlmişkən, Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin yaydığı məlumata əsasən, qardaş ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ənvər İskurt İstanbulda keçirilən Avropaya qatarların yola salınması və qarşılanması mərasimində bildirib ki, Xəzər dənizindəki hava şəraiti və uzunmüddətli gömrük prosedurları səbəbindən Orta Dəhlizlə yükdaşıma əvvəllər 20 gündən çox vaxt aparırdı. Hazırda çatdırılma müddətinin 15 günə endirilməsi Çin, Türkiyə və Avropa üçün mühüm addımdır. Növbəti hədəf isə Alatavla Qars arasındakı marşrut üzrə çatdırılma müddətini 10 günə endirməkdir.
Qeyd edək ki, müasir dövrdə qlobal ticarət marşrutlarının təhlükəsizliyi və səmərəliliyi geosiyasi sabitlik qədər strateji əhəmiyyət daşıyır. Dünyada və regionda baş verən geosiyasi dəyişikliklər, xüsusilə Qırmızı və Qara dənizlərdə, Süveyş kanalında mövcud olan gərginliklər beynəlxalq yük daşımalarının istiqamətinə və logistika zəncirlərinə ciddi təsir göstərir. Bu fonda Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) özünün qısa, təhlükəsiz və səmərəli xüsusiyyətləri ilə xüsusi ön plana çıxır.
Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa ölkələrini birləşdirən çoxşaxəli logistika sistemidir. 2014-cü ildən fəaliyyət göstərən bu marşrut Şərq ilə Qərb arasında yüklərin daşınmasında ən optimal alternativ hesab olunur. Dəhlizin əsas üstünlüyü onun həm məsafə, həm də vaxt baxımından səmərəliliyidir. Ənənəvi dəniz marşrutları ilə müqayisədə yükün Çindən Avropaya çatdırılma müddəti 2-3 dəfə qısalır.
Ümumiyyətlə, dəhliz təkcə ticarət marşrutu deyil, həm də Avrasiya məkanında yerləşən dövlətlər üçün iqtisadi inteqrasiyanın mühüm vasitəsidir. Xüsusilə Mərkəzi Asiya ölkələri üçün dünya bazarlarına çıxış imkanlarının genişlənməsi baxımından əvəzsiz əhəmiyyət kəsb edir. Azərbaycanın unikal coğrafi mövqeyi isə ölkəmizi bu layihənin ayrılmaz hissəsinə çevirir. Qərblə Şərqin, Şimal ilə Cənubun kəsişməsində yerləşən respublikamız tarixən karvan yollarının, İpək Yolunun üzərində olub. Bu gün isə həmin tarixi rol müasir infrastruktur və texnologiyalar vasitəsilə yeni məzmun qazanır.
Bakı – Tbilisi – Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilmiş dəmir yolu və avtomobil magistralları Azərbaycanın tranzit potensialını dəfələrlə artırıb. Bunun nəticəsində ölkəmiz Orta Dəhlizdə yüklərin fasiləsiz, operativ və təhlükəsiz daşınmasını gerçəkləşdirən əsas həlqələrdən birinə çevrilib.
Son illərdə beynəlxalq ticarət marşrutlarının etibarlılığı ciddi sınaqlarla üzləşib. Qırmızı dənizdəki təhlükəsizlik problemləri, Süveyş kanalında baş verən böhranlar, Qara dənizdəki geosiyasi gərginlik dünya ticarətində alternativ yolların əhəmiyyətini daha da artırıb. Bu baxımdan Orta Dəhliz yalnız alternativ deyil, bəzən yeganə səmərəli seçim kimi önə çıxaraq diqqət mərkəzində saxlanılıb.
Beləliklə, Azərbaycanın da daxil olduğu marşrutun üstünlükləri bunlardır:
– Çindən Avropaya yüklərin çatdırılma müddəti orta hesabla 12-15 günə endirilir;
– dəhliz münaqişə risklərinin minimal olduğu sabit regionlardan keçməklə təhlükəsizliyi gerçəkləşdirir;
– dəhlizdə dəmir yolu, avtomobil və dəniz nəqliyyatı inteqrasiya olunmaqla çoxmodal daşımalar reallaşır.
Qeyd edək ki, Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi inteqrasiyanın mühüm vasitəsinə çevrilir. Layihə üzvü olan dövlətlər arasında ticarət, logistika, gömrük prosedurları, rəqəmsal daşımalar sahəsində əməkdaşlıq dərinləşir. Eyni zamanda, respublikamız Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə iki mühüm beynəlxalq marşrutun sinerjisini yaradır. Bununla da Azərbaycan beynəlxalq aləmdə təkcə tranzit ölkə deyil, həm də logistika və ticarət mərkəzi kimi tanınır.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
2013-cü ildə ilk qatarın xəttə buraxılmasından indiyədək Çin – Avropa dəmir yolu xəttinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 20 mindən çox qatar keçib. 20 mininci qatar Şimali Çində, Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Erenhot dəmir yolu limanından yola salınıb. Həmin qatarların 10 mini son 3 ilin payına düşüb. Xatırladaq ki, bu marşrutla 10 mininci qatar 2022-ci ildə yola salınmışdı. Hazırda ekspress 73 marşrut üzrə fəaliyyət göstərir, Almaniya və Polşa da daxil olmaqla 10-dan çox ölkədə 70-dən artıq logistika mərkəzini birləşdirir və Çinin 24 vilayətində 60-dan çox şəhəri əhatə edir.
Yeri gəlmişkən, Türkiyənin logistika şirkəti olan “Pasifik Eurasia”nın baş direktoru Fatih Erdoğan iyulun sonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən Türkiyəyə 2 yük qatarının yola salınmasını şərh edərkən bildirib ki, Orta Dəhliz artıq, sadəcə, bir ideya deyil. O, addım-addım gerçəyə çevrilir. Onun sözlərinə görə, ənənəvi dəniz marşrutları ilə müqayisədə Orta Dəhliz təkcə daha qısa yol təqdim etmir, həm də idarəetmə imkanlarını artırır. Bu qatarlar təkcə konteyner daşımır, həm də baxış, etimad, strategiya və ortaq gələcək daşıyır.
Qeyd edim ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. Marşrut Çindən başlayan bu nəqliyyat marşrutu Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərini qət edib Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.