Göyçə soyqırımı Aşıq Ələsgər yaradıcılığında

post-img

Aşıq Ələsgər irsinin müasir araşdırıcılarından şair-tədqiqatçı Salman Qaralar 1918–1920-ci illərdə erməni daşnak quldurların Qərbi Azərbaycanda, xüsusən Göyçədə törətdikləri soyqırımı və deportasiyanın ünlü el ozanının yaradıcılığında dərin iz buraxdığını açıb göstərən geniş araşdırma aparıb. Tədqiqatın önəmli bir qismini oxuculara təqdim edirik.

Müəllif əvvəlcə 1993-cü il aprelin ilk günlərində Murovdağın qarlı aşırımını piyada aşıb Göygölə pənah gətirmiş zavallı kütlənin yaratdığı məşum mənzərəni təsvir edir:

– O gün gördüklərim nə idi, Allahım? Bir belə naləni, bir belə ahı, bir belə göz yaşlarını bu qara yer, bu mavi səma necə götürdü? Ağlayan kim, qışqırıb fəryad edən kim, öz doğmalarını qarışıq insan burulğanından axtarıb tapmağa çalışan kim. Səsdən-küydən qulaq tutulurdu, ana torpaq ayaqlar altda ovulur, əzilir, kül halına dönür, əsən küləyin təsiri ilə insanların başına sovrulurdu, gözlərinin, qulaqlarının, içinə dolurdu. Böyük bir kütlə vahimə içində fırlanırdı, fırtınaya düşmüş çör-çöp yığını kimi sağa-sola burulurdu...

İnsan itiyi olanlar itirdikləri adamları tapmaq ümidiylə gələn adamlara doğru qaçırdılar. Kədər, ümidsizlik dolu çağırış nidaları bu qarışıq fəryad xorunun içində aydın seçilirdi:

– Fərhad heyyy...

– Məmməd heyyy...

Murovdağ tərəfdən gələn şəxsi dövrəyə alırdılar, necə, hansı yolla qurtulduğunu soruşurdular. Özlərinin itkilərindən xəbər bilməyincə vaysınıb əllərinə, dizlərinə vururdular.

Sonra tədqiqatçı 1993-cü ildən 75 il əvvələ – 1918-ci ildə Qərbi Azərbaycanın hər yerində törədilmiş kütləvi qırğından canını qurtarıb oxşar mənzərələrlə Kəlbəcərə, digər bölgələrə sığınmış insanların bəlalı taleyindən söz açır:

– O zaman Azərbaycan müstəqil dövlət deyildi, Çar Rusiyasının ucqar bir əyaləti idi. Çar II Nikolay da taxtdan salınmış, Rusiyanı aclıq, yoxsulluq, vətəndaş müharibəsi bürümüşdü. Azərbaycanda da əhalinin böyük əksəriyyəti savadsız, dünyada və regionda gedən siyasi proseslərdən xəbərsiz idi. Bundan başqa, yoxsulluq, silah-sursat ehtiyatının olmaması, ayrı-ayrı bölgələrin bir-birindən xəbərsiz, məlumatsız olması da öz işini görmüşdü.

Tarixi mənbələrin verdiyi məlumata görə, 1917-ci ilin dekabrından 1918-ci lin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələri İrəvan, Eçmiədzin, Nor-Bəyazid qəzalarında 197 kəndi dağıtmış, əhalini öldürmüş və didərgin salmışlar. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə də bu qırğınları davam etdirmişlər. Naxçıvan, Gəncə və Zəngəzur vilayətlərində bu qırğın və talanların miqyası daha böyük olmuşdur.

Əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Göyçə mahalında olan qırğınlar haqqında, əhalinin sağ qalan hissəsinin öz yurd- yuvalarından qovulması haqqında, köçkün düşməsi haqqında da tutarlı tarixi faktlar azdır. Ancaq bu faciələrin bir qismi nə yaxşı ki, bədii sözün hesabına itib-batmayıb, aşıqların, nağılçıların dilində nəsildən-nəslə ötürülərək yaşamaq hüququ qazanıbdır.

Bir elə gələn fəlakət, bir yurdu gözləyən afət o elin sənətkarından, söz ustasından yan keçə bilməzdi. Dədə Ələsgərin əsərlərindən Göyçə mahalında yaşayan azərbaycanlıların öz yurd-yuvalarından qovulana–1918-ci ilə qədər də müəyyən çətinliklərlə üzləşdiyi məlum olur. I Dünya müharibəsinin törətdiyi qıtlıq, iqtisadi çətinlik kimi problemlərə ermənilərdən gələn milli zülm və ayrı-seçkilik də əlavə olunur. Qocaman sənətkar bir filosof uzaqgörənliyi ilə Göyçə mahalında iqtisadi çətinliklərin olduğunu, insanların həyat şəraitinin günbəgün pisləşdiyini bir sıra əsərlərində qeyd etdiyi kimi, “Bahalıq” şeirində də realistcəsinə təsvir etmişdir:

Görməmişdik səksən ildə
Bir belə yaman bahalıq...
Ələsgərin bu dərdini
Gedin, dərdbilənə deyin.

Qocaman sənətkar “Ələsgərin (əslində isə xalqın, millətin) dərdini” başbilənlərə, dərdbilənlərə deməklə xalqın bu acınacaqlı vəziyyətdən çıxış yollarını arayırdı. Ancaq heyiflər olsun ki, vəziyyət daha da pisləşdi. Göyçə mahalı öz yerindən yeridi, insanlar tərki- vətən oldular.

1918-ci ildə Aşıq Ələsgərin Göyçədən qaçqın düşən ailəsini Kəlbəcərdə Qanlıkəndin o vaxtki kişiləri Qalaboynu adlanan yerdə yerləşdirir. Qısa vaxtda onlar köməkləşib Aşıq Ələsgərə bir ev tikirlər. Kənd sakini Mərdanın çayın kənarında olan dəyirmanını işlətmək işini də Aşıq Ələsgərə həvalə edirlər. Aşıq Ələsgər həm bu dəyirmandan aldığı haqq ilə ailəsini dolandırır, həm də Qanlıkənd və İlyaslar (Ellazallar) arasında olan qan düşmənliyinin davam etməsinin qarşısını almış olur. Bu haqda “Dəyirmançı aşıq” dastan-rəvayətində belə deyilir: “Aşıq Ələsgərin Kəlbəcər tərəfdə dostları çox idi; Qanlıkənddən Mərdan oğlu Abbas, Dal, Usuf, Seyid Əziz...Bunlar bir neçə ulaq göndərdi, Aşıq Ələsgərgili köçürdüb apardılar.”

1981–1984-cü illərdə təyinatla Kəlbəcər rayonunun Qanlıkənd kəndində müəllim işləyəndə dəfələrlə tarixi Lev qalasına qalanın üst yanında gedib Qalaboynu adlanan yerdə Aşıq Ələsgərin evinin yerini ziyarət etmişdim. Düşünmüşdüm ki, ömrünün qocalıq çağında Aşıq Ələsgər o dağlara, o yamyaşıl budaqlara, üstünü xəzəl basmış bulaqlara nə qədər şeirlər söyləmişdir. Əfsus ki, budağın, bulağın, torpağın yaddaşına yazılanları oxuya bilmirik. Oxusaydıq, çox mətləblərdən hali olardıq.

Qocaman el sənətkarının gələcək haqqında arzusunun əksinə olan fələyin çərxinin - “çarxı-kəcmədarın” belə fırlanması aşığın qəlbində dərin yaralar açır, bu yaraların sağalacağına ümidi, inamı qalmır:

Dad sənin əlindən çarxı-kəcmədar,
Ürəyimdə yüz dərmansız yaram var.
Aşıq-dəyirmançı, ağa-çarvadar,
Sərraf gəlsin bu bazara, dolansın.

Səməd ağanın, Aşıq Nəcəfin öldürülməsi xəbərini alan Aşıq Ələsgər zodlu Həmid ağanın da çarvadarlıq etdiyini (atla yük daşıyıb muzd aldığını) görüb bu ağrı-acıları da misraların içinə hörmüşdü.

Zaman bəd gəlmişdi, dövranın çərxi tərsinə dönmüşdü. Pis də, yaxşı da olsa mərkəzi hökümət (çar hökuməti) yıxılmış, dərəbəylik yaranmışdı. Faktiki olmayan dövlətdən, başını itirmiş cəmiyyətdən əli üzülən qocaman sənətkar üzünü Allaha, peyğəmbərə tutur, “şahlar şahın”dan imdad istəyir:

Zalım cəllad nə giribdi qəsdinə,
Xəbər verin övladına, dostuna.
Şahlar şahı sayə salsın üstünə,
Ələsgərtək bəxti qara dolansın!

Bu misralar doğma Göyçə mahalından deportasiya olunmasından yana Aşıq Ələsgərin könül dünyasında açılan yaraları, real həyatdan, çəkdiyi sitəmlərdən bezdiyini və az qala tərki-dünya halına gəldiyini göstərir. Azərbaycanlıların ov tüfənglərinin olmadığı halda ermənilərin ruslardan əldə etdikləri tüfənglərlə, hətta toplarla silahlanması, xalqımıza qarşı genosid siyasətini həyata keçirməsi qocaman el sənətkarının əndişəsini daha da artırır.
Araşdırmaçı daha sonra qeyd edir ki, doğma türk obalarının, yurdlarının yağmalandığını, talan edildiyini görən qocaman el aşığı elsiz yaşamaqdansa eli ilə, obası ilə birgə hər cəfaya dözməyi, hətta ölməyi belə üstün tutur:

Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!

“Dağlar” rədifli qoşmasında Dədə Ələsgər elat camaatının səxavətli-əliaçıq olduğunu ağır məclislər qurduğunu, öz mal-dövlətini şülən çəkdiyini bildirir. Malını şülən çəkən igidlərin indi yurdunun boş qalması Aşığı qüssəyə, qəmə giriftar edir:

Hanı mərd iyidlər, boş qalıb yurdu?
Səxavətdə Eldar nurəlanurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar.

Şeirdə qəmgin, ümidsiz düşüncələrlə bərabər, mərdlik, cəsarət, hünər notlarının da olması Aşıq Ələsgərin Azərbaycan xalqının gələcəyinə, igid oğullarımızın düşməndən qisas alacağına inam bəslədiyinin əyani sübutudur:
Azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunmasına, var-dövlətlərinin talan edilməsinə, bir çox günahsız insanların qətlə yetirilməsinə həsr olunmuş “Dağlar” rədifli şeirində də işarələrlə, aforizmlərlə, eyhamlarla danışan Aşıq Ələsgər erməni, rus sözlərini işlətmir, ümumiləşmiş şəkildə “xaçpərəstlə düşdü bund inqilabı” deməklə kifayətlənir:

Gözəllər göysündən alırdı abı,
Dəhanda dadlıdır eşqin şərabı,
Xaçpərəstlə düşdü bunt inqilabı,
Onunçün bağlandı yolların dağlar

Salman Qaralar araşdırmasının sonunda göstərir ki, Aşıq Ələsgərin şeirlərinin bir çoxu itib-batmış, bir çoxu da müəyyən təhriflərə məruz qalmış, digər aşıq və şairlərlə bəzi şeirləri dəyişik salınmışdır. Ayrı-ayrı nəşrlərdə bəzi söz və ifadələr, hətta misralar belə kitabın redaktoru və ya tərtibçisinin zövqünə uyğun olaraq dəyişdirilmişdir:

– Aşıq Ələsgərin şeirlərini Sovetlər dönəmində toplandığını və nəşr edildiyini nəzərə alsaq, onun əsərlərində milli münasibətlərə, xalqımızın tarixi torpaqlarında, o cümlədən İrəvan xanlığı ərazisində ermənilərin məskunlaşdırılmasına, azərbaycanlıların sıxışdırılmasına və nəhayət deportasiya olunmasına aid nümunələrin az olmasını başa düşmək olar.

Tahir AYDINOĞLU
XQ

Sosial həyat