Dövlətin dil siyasətində yeni mərhələ

post-img

Azərbaycan Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında, eləcə də 5 yanvar 2026-cı ildə televiziya jurnalistlərinə müsahibəsində elmin müasir inkişaf çağırışlarını kompleks şəkildə təhlil etmişdir.

Dövlət başçısının çıxışlarında qloballaşma şəraitində elmi potensialın gücləndirilməsi, innovasiyayönümlü inkişaf modelinin formalaşdırılması və elmi nəticələrin praktik tətbiq imkanlarının genişləndirilməsi kimi məsələlər xüsusi vurğulanmışdır. Həmin görüşlər Azərbaycan elmi tarixində əlamətdar hadisə kimi dəyərləndirilə bilər. Yubileyin dövlət səviyyəsində qeyd olunması ölkədə elmin institusional və sistemli inkişafına verilən yüksək siyasi qiymətin göstəricisi olmaqla yanaşı, elm siyasətinin milli prioritetlər sırasında mühüm yer tutduğunu da təsdiqləyir.

Qeyd olunan tədbirlər yalnız yubiley xarakteri daşımamış, eyni zamanda, elmin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi konseptual platforma funksiyasını yerinə yetirmişdir. Azərbaycan Prezidenti elmi ictimaiyyətə ehtiramını ifadə etməklə yanaşı, elmin ölkənin davamlı və dayanıqlı inkişaf strategiyasında tutduğu yerə dair konseptual yanaşma ortaya qoymuşdur. Çıxışda elm sahəsinin milli inkişaf prioritetləri ilə əlaqələndirilməsi, bilik iqtisadiyyatının formalaşdırılması və elmi nəticələrin praktik müstəviyə transferi kimi məsələlər xüsusi vurğulanmışdır.

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasını Azərbaycanın elmi irsinin qorunması, sistemləşdirilməsi və yeni biliklərin istehsalı baxımından fundamental əhəmiyyətə malik milli təşkilati resurs kimi səciyyələndirmişdir. Bu yanaşma Akademiyanın yalnız tarixi-mədəni missiyasını deyil, həm də müasir dövrdə innovativ inkişafın təmin edilməsində oynadığı rolu ön plana çıxarmışdır.

Yubiley tədbiri sırf xatirə xarakteri daşımamış, eyni zamanda, elmin milli inkişaf modelində prioritet istiqamət kimi müəyyənləşdirildiyini təsdiqləyən siyasi məzmunlu platforma funksiyasını yerinə yetirmişdir. Dövlət başçısının qeyd olunan görüşlərdə dil siyasəti ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyət, xüsusilə də dilçilik sahəsi üçün konseptual istiqamət müəyyənləşdirən tezislər kimi çıxış etmişdir. Prezident İlham Əliyev dilçilik sahəsində prioritetlərin yenidən nəzərdən keçirilməsi, müasir qloballaşma şəraitində ana dilinin funksional imkanlarının genişləndirilməsi və elmi potensialın milli inkişaf strategiyası ilə uzlaşdırılması məsələlərini ön plana çəkmişdir. Bu baxımdan, Prezidentin çıxışını elmin və xüsusilə dil siyasətinin gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji konseptual çərçivə kimi dəyərləndirmək mümkündür. Çünki burada bir tərəfdən elmi ictimaiyyət qarşısında duran aktual vəzifələr konkretləşdirilir, digər tərəfdən isə, dövlətin ana dilinə göstərdiyi davamlı və sistemli dəstəyin əsas istiqamətləri aydın şəkildə ifadə olunur.

Dövlət başçısı Azərbaycan dilinin zəngin tarixi köklərə malik olduğunu və geniş coğrafiyada milyonlarla insan üçün ana dili funksiyasını yerinə yetirdiyini vurğulamış, eyni zamanda, ədəbi dil normalarının qorunmasının müstəqil dövlətin məsuliyyəti olduğunu bildirmişdir. Onun fikrincə, ana dili hər bir xalqın milli mənsubiyyətini müəyyənləşdirən fundamental amildir və bu sahədə ictimai həmrəylik xüsusi əhəmiyyət daşıyır. Çıxışda xüsusilə vurğulanmışdır ki, Azərbaycan dilinin saflığının qorunması yalnız elmi qurumların deyil, bütövlükdə cəmiyyətin və hər bir vətəndaşın vəzifəsidir. Prezident qeyd etmişdir ki, beynəlxalq leksik fondun mövcudluğu təbii olsa da, Azərbaycan dilində mövcud olan milli leksik vahidlərin əsassız şəkildə xarici sözlərlə əvəzlənməsi qəbuledilməzdir. Bu mövqe dilin tarixi-mədəni identiklik funksiyasının qorunması baxımından prinsipial yanaşmanı ifadə edir.

Dövlət başçısının nitqi dil siyasətinin yalnız normativ-linqvistik məsələ deyil, həm də milli təhlükəsizlik, mədəni suverenlik və ideoloji bütövlük kontekstində qiymətləndirilməli olduğunu göstərən konseptual çərçivə təqdim edir. Müasir mərhələdə alınma sözlərdən yerli-yersiz və nəzarətsiz istifadə məsələsi dil siyasətinin aktual problemlərindən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev bu kontekstdə Azərbaycan ziyalılarını, şair və yazıçıları, bütövlükdə yaradıcı və intellektual çevrələri ana dilinin qorunması istiqamətində fəal mövqe nümayiş etdirməyə çağırmışdır. Bu çağırış dil məsələsinin yalnız linqvistik deyil, həm də ictimai-mədəni məsuliyyət daşıyan sahə kimi dərk edildiyini göstərir.

Dövlət başçısı çıxışında vurğulamışdır ki, bəzi ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dil normalarının zəifləməsi müşahidə olunur; dil daha çox məişət ünsiyyəti çərçivəsində işlədilir və xarici leksik vahidlərin təsiri güclənir. Bu hal ədəbi dilin funksional imkanlarının daralmasına və normativ sistemin aşınmasına gətirib çıxara bilər. Prezidentin fikrincə, dilin qorunması istiqamətində ardıcıl və sistemli tədbirlər görülmədiyi təqdirdə, uzunmüddətli perspektivdə milli-mədəni identiklik risk altına düşə bilər.

Çıxışda xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycan xalqı tarix boyu ana dilini qoruyub saxlamış, nəsillərarası dil kontinuitetini təmin etmişdir və bu, mühüm mədəni nailiyyət kimi dəyərləndirilməlidir. Dövlət başçısının mövqeyinə görə, dilin yad təsirlər qarşısında davamlılığının təmin olunması xalqın milli özünüdərk səviyyəsinin göstəricisidir. Prezidentin yanaşmasında xarici leksik vahidlərin əsassız şəkildə və ekvivalent mövcud olduğu halda istifadəsi dilin zənginləşməsi deyil, əksinə, onun daxili strukturunun və semantik bütövlüyünün zəifləməsi kimi qiymətləndirilir. Bu fikir dilin yalnız kommunikativ vasitə deyil, eyni zamanda, milli kimliyin, mədəni yaddaşın və dövlətçilik ənənəsinin daşıyıcısı olması tezisinə əsaslanır. Çıxışda dilin qorunması məsələsi mədəni təhlükəsizlik və milli suverenlik kontekstində təqdim olunur; ana dilinin funksional və normativ bütövlüyünün saxlanılması isə milli varlığın davamlılığının əsas şərtlərindən biri kimi dəyərləndirilir.

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını hər bir vətəndaşın mənəvi və ictimai vəzifəsi kimi dəyərləndirərək cəmiyyəti bu istiqamətdə həmrəy fəaliyyətə çağırır. Bununla yanaşı, dövlət başçısı dil məsələsinə qapalı və təcridolma mövqedən yanaşmır, əksinə, dillərarası inteqrasiyanın və beynəlxalq leksik mübadilənin mədəni inkişafın təbii komponenti olduğunu vurğulayır. Onun fikrincə, beynəlxalq elmi dövriyyədən və ümumbəşəri terminoloji sistemdən gələn anlayışlarla tarixi-siyasi təsirlər nəticəsində formalaşmış təsadüfi və nəzarətsiz alınmalar arasında prinsipial fərq qoyulmalıdır.

Müasir mərhələdə elmi-texniki nailiyyətlər, qlobal informasiya axını, intensiv istehsalat prosesləri və dünya ölkələri ilə əməkdaşlıq beynəlxalq termin və nomenklaturanın milli sərhədləri aşaraq yayılmasını şərtləndirir. Şərq və Qərb ölkələri ilə ictimai-siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin genişlənməsi şəraitində Azərbaycan dili müxtəlif tipoloji sistemlərə malik dillərlə davamlı təmasda olur. Bu təmas nəticəsində leksik mübadilə qaçılmaz xarakter daşıyır və müəyyən mənada dilin funksional imkanlarını genişləndirir.

Lakin alınma prosesinin tənzimlənməsi elmi əsaslara söykənməli və dilin milli səciyyəsini, struktur bütövlüyünü və semantik özünəməxsusluğunu qorumağa yönəlməlidir. Bu baxımdan söz və terminlərin qəbulu tarixilik prinsipi əsasında, xalqın keçdiyi ictimai-mədəni mərhələlər və formalaşmış dil ənənəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Alınma hadisəsinin mahiyyəti yalnız linqvistik deyil, həm də milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq anlayışları ilə sıx bağlıdır. Azərbaycan milli xarakteri və dil kimliyi məhz bu anlayışların qarşılıqlı əlaqəsi fonunda formalaşır və aydın görünür. Linqvistik əlaqələrin forması dillərin qarşılıqlı təsir mexanizmləri, fonetik sistemi və qrammatik quruluşu ilə müəyyənləşirsə, həmin əlaqələrin səbəbləri və intensivliyi mədəni, sosial və elmi-texniki inkişaf amilləri ilə şərtlənir. Buna görə də dil siyasəti balanslı yanaşma tələb edir: bir tərəfdən beynəlxalq elmi inteqrasiyanı təmin etmək, digər tərəfdən isə milli dilin daxili inkişaf potensialını qoruyub saxlamaq.

Cənab Prezident İlham Əliyev dil siyasətinin həyata keçirilməsində məsuliyyətin yalnız alimlərin üzərinə düşmədiyini, eyni zamanda, mədəniyyət xadimlərinin, yazıçı və şairlərin, jurnalistlərin və ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin də bu prosesdə fəal iştirak etməli olduqlarını vurğulamışdır. Dövlət başçısının fikrincə, Azərbaycan dilinin saflığının qorunması ümummilli məsuliyyət daşıyan vəzifədir və bu istiqamətdə həm dövlət institutları, həm də vətəndaş cəmiyyəti subyektləri sistemli şəkildə fəaliyyət göstərməlidirlər. Prezident qeyd etmişdir ki, dilin yad leksik təsirlərdən qorunması məsələsi bir neçə il əvvəl dövlət səviyyəsində gündəmə gətirilmiş və ötən dövr ərzində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmişdir. O, bildirmişdir ki, dil siyasəti məsələləri şəxsi nəzarətində olacaq və bu sahədə ardıcıl monitorinq və tənzimləmə tədbirləri davam etdiriləcəkdir. Dövlət başçısının Azərbaycan alimlərinə ünvanladığı çağırış isə elmi ictimaiyyətin normativ dil siyasətinin formalaşdırılmasında və tətbiqində daha fəal mövqe tutmasının vacibliyini göstərir.

Bu çağırışa cavab olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin saflığının qorunması və elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə bir sıra fundamental layihələrin icrasına başlanılmışdır. İlk dəfə olaraq milli dil korpusunun yaradılması istiqamətində sistemli iş aparılır, eyni zamanda, beynəlxalq terminoloji vahidlərin elmi prinsiplər əsasında tənzimlənməsini təmin etmək məqsədilə “Beynəlmiləl terminlər lüğəti”nin tərtibi həyata keçirilir.

Bu təşəbbüslər dil planlaşdırılması və terminoloji siyasətin təşkilati müstəviyə keçirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər və dövlətin müəyyən etdiyi strateji istiqamətlərlə elmi qurumların fəaliyyətinin uzlaşdırılmasını nümayiş etdirir.

Ləman HƏSƏNOVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutu terminologiya şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru

Sosial həyat