İlk qadın gəmi kapitanı Şövkət Səlimova film qəhrəmanıdır
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bəstəkarlar İttifaqında Azərbaycanın ilk qadın gəmi kapitanı, Şövkət Səlimova haqqında “Şövkət” bədii filminin təqdimatı keçirildi.
Mərasimdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqi xadimlərinin cəmiyyətdəki rolundan və gənc bəstəkarların kino, teatr musiqisinə verdiyi töhfələrdən danışdı. İttifaqın bu sahədəki boşluğu doldurmaq üçün gördüyü işləri vurğulayan professor, gənc nəslin ustad sənətkarlara olan vəfa borcuna xüsusilə diqqət çəkdi. O, Azərbaycanın ilk qadın gəmi kapitanı, Əməkdar iqtisadçı Şövkət Səlimovanın zəngin həyat yolunu və Konservatoriyadakı fədakar fəaliyyətini xatırladaraq, onun nizam-intizamının və yüksək mənəviyyatının hər kəs üçün örnək olduğunu bildirdi:
– Biz mütəmadi olaraq müxtəlif mövzulara həsr edilmiş tədbirlər keçiririk. Məqsədimiz bəstəkar və musiqişünaslarımızın fəaliyyətini işıqlandırmaq, onların yaradıcılığını geniş ictimaiyyətə çatdırmaqdır. Təəssüflə qeyd etməliyik ki, müasir media məkanında musiqi xadimlərimizin yaradıcılığı və bu sahədəki aktual müzakirələr kifayət qədər işıqlandırılmır. Biz məhz bu boşluğu aradan qaldırmaq məqsədilə tez-tez bir araya gəlir, mühüm məsələləri diskussiya edir, mövzuya dair filmlər nümayiş etdirir və yeni əsərləri, bəstələri dinləyirik.
Gənclərin musiqi dünyagörüşü, sosial hadisələrə yanaşması və ustadlarına olan mənəvi bağlılığı bizimi üçün böyük əhəmiyyət kəsb edir. Vaxtilə biz də müəllimlərimizə sonsuz ehtiram və heyranlıqla yanaşmışıq. Bu gün mən gənc bəstəkarlarımızın təkcə musiqi bəstələmək deyil, həm də publisistik məqalələr də yazmalarını istəyirəm.
Müasir Azərbaycanda simfonik və səhnə musiqisi kimi çətin janrlar, sanki, diqqətdən kənarda qalıb. Təəssüf ki, orkestrlərimiz və ansambllarımız yeni yazılan əsərlərə kifayət qədər yer ayırmırlar. Hesab edirəm ki, hər yeni əsər diqqət mərkəzində olmalı, ifa və müzakirə edilməlidir. Biz öz imkanlarımız daxilində festivallarda və yubileylərdə bu musiqiləri səsləndirməyə çalışırıq.
Son illər gənclərimizin kino və teatr musiqisinə marağı artıb. Bu sahədə Turan Məmmədlinin, qazi bəstəkarımız Vüqar Məmmədzadənin və istedadlı gənc bəstəkar Tahir İbişovun adlarını çəkmək istərdim. Tahir həm bəstəkar, həm də bacarıqlı təşkilatçı və dirijordur. Onun Almaniyada Nəsiminin qəzəlləri əsasında hazırladığı layihə böyük rəğbətlə qarşılandı. Bu gün təqdim olunan “Şövkət” filminin musiqisi də məhz ona məxsusdur.
İttifaqımızda teatr, simfonik, kamera, uşaq musiqisi kimi müxtəlif bölmələr fəaliyyət göstərir və hər birinə tanınmış mütəxəssislər rəhbərlik edir. Bu ənənələr bizə ustad müəllimlərimizdən miras qalıb. Həmin unudulmaz şəxsiyyətlərdən biri də bu gün xatirəsini ehtiramla yad etdiyimiz Şövkət Səlimovadır.
Şövkət xanım hamımızın sevimli, lakin çox tələbkar müəllimi olub. O, yüksək nizam-intizamı və dərin savadı ilə seçilirdi. Azərbaycan tarixində ilk qadın gəmi kapitanı və iqtisad elmləri namizədi kimi ilklərə imza atmış bu fədakar xanımı unutmamaq hər birimizin borcudur.
Mən Şövkət xanımı hələ 70-ci illərdən, anamla olan dostluğuna görə tanıyırdım. Anam həmişə onun haqqında böyük hörmətlə danışardı. 1975-ci ildə aspiranturaya imtahan verdiyim zamanı o, mənə çox ciddi və qəribə bir sual vermiş, özünəməxsus sərtliyi ilə siyasi-iqtisadi proseslər haqqında soruşmuşdu. O vaxt Dilarə Seyidzadənin köməkliyi ilə imtahandan “5” alsam da, Şövkət xanımın o vüqarlı duruşu, müharibə görmüş insanlara xas əzmi və nizam-intizamı yaddaşımda əbədi qaldı.
Azərbaycan Bəstəkarlar İttifaqının katibləri – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova da çıxış edərək Şövkət Səlimovanın həyat və fəaliyyətindən bəhs etdilər.
Filmin bəstəkarı Tahir İbişov və rejissoru Asif Rüstəmov ərsəyə gətirdikləri ekran əsəri haqqında məlumat verdilər.
Çıxışlardan sonra film nümayiş olundu.
XQ


