Dar günün harayçıları İnsanlıq şəfqət və mərhəmətlə ucalır

post-img

10 Mart Qızıl Aypara Günüdür

Dünyada sülh, mərhəmət, yardımlaşma sahəsində fəaliyyət göstərən çox sayda humanitar təşkilatların arasında Beynəlxalq Qızıl Aypara Hərəkatı xüsusilə fərqlənir. Hərəkatın əsas missiyası müharibə və münaqişələrə cəlb olunan hərbçi və mülki şəxslərə etnik, dil, irqi və dini ayrı-ayrı seçkiliyə yol vermədən zəruri yardımlar göstərməkdir.

Azərbaycan bu beynəlxalq hərəkata hələ 1920-ci ildə qoşulub. Həmin ilin martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün lazımi maliyyə vəsaiti ayrılıb. Təəssüf ki, 1920-ci ilin aprelində bölşevik Rusiyasının ölkəmizə hərbi təcavüzündən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müstəqil fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb.

1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində mühüm mərhələ başlayıb. Fəxrlə qeyd etmək olar ki, hazırda bu nüfuzlu qurum beynəlxalq hüquq normaları çərçivəsində humanist ideallar naminə əhəmiyyətli işlər görür. Bunun nəticəsidir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti üzvü olduğu hərəkatın bu gün ən aparıcı və mobil strukturlarından birinə çevrilib.

Məlumdur ki, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağda separatçılıq hərəkanına başlayıblar. Ermənistan Silahlı Qüvvələri Kremlin açıq və gizli dəstəyi ilə ərazilərimizin 20 faizi işğal edərək dinc əhaliyə qarşı ağır cinayətlər törədiblər. Birinci Qarabağ müharibəsində minlərlə soydaşımız həlak olub, dinc, əliyalın vətəndaşlarımız əsir alınıblar, ağır işgəncələrə məruz qalıblar. 1993-1995-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə 600-dək vətəndaşımızın erməni əsirliyindən azad edilməsinə nail olub.

Qeyd etmək lazımdır ki, 1993-cü ilin yayında dahi siyasətçi Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti daha da genişlənib. Son illər ərzində isə möhtərəm Prezident İlham Əliyev göstərişi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətinin gücləndiriləsi istiqamətində bir sıra mühüm tədbirlər görülüb. Dövlət başçısı 2004-cü il yanvarın 31-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Sərəncam imzalayıb. 2007-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyev 2008-ci il martın 10-nun ölkəmizdə “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəmiyyətin üzvləri bu böyük diqqət və qayğıya görə hörmətli dövlət başçısına minnətdardırlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sıralarında indi 350 mindən çox üzvü var. Onlardan 20 minə yaxını könüllülərdir. Təşkilatın ölkəmizdə 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir. Cəmiyyətin rəhbərliyi qurumun nəzdində fəaliyyət göstərən bütün strukturların səmərəli çalışması üçün gərgin səylər göstərir və ədalət naminə demək lazımdır ki, bu vəzifənin öhdəsindən uğurla gəlinir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 nəfər şəfqət işçisi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı sayılan “Florence Nightingale” medalı ilə təltif olunub.

Konkret misallar çəkmək olar. Məsələn, pandemiya dövründə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri və əməkdaşları, demək olar ki, bütün şəhər və bölgələrindəki xəstə və ahıl insanların ünvanlarına humanitar yardımlar çatdırıblar. Eyni zamanda, əhali arasında geniş maarifləndirmə işləri görülüb, məlumatverici buklet və broşürlər paylanılıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi cəbhəyanı ərazilərdə istər mülki əhalinin təxliyyə olunmasında, istərsə də yaralıların xəstəxanalara çatdırılmasında köməyini əsirgəməyib.

Təəssüflə qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı itkilərsiz də ötüşmək mümkün olmayıb. Belə ki, Bərdə rayonunda öz vəzifəsini icra edən qurumun fəal könüllüsü Məhərrəm Mustafayev Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həyatını itirib, Fatma Bəbişova və Ülviyyə Hacıyeva isə yaralanıblar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov mediaya açqlamalarında dəfələrlə vurğulayıb ki, bu gün qurumun əsas hədəfi ölkəmizdəki həssas kateqoriyadan olan insanların vaxtında müəyyən edilərək onların zəruri humanitar yardımlarla təmin edilməsini gücləndirməkdir. Cəmiyyətin rəhbərliyi bu məqsədlə tərəfdaş beynəlxalq və yerli donor təşkilatlarla sıx, işgüzar əlaqələrini daha da genişləndirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz qayğı və mərhəmət missiyasına sadiqdir və bu gün də bu şərəfli missiyasını uğurla icra etməkdə davam edir. Əminik ki, qarşıdakı illərdə bu xeyirxah işlərin miqyası daha da genişlənəcək. Sonda demək istədiyimiz arzumuz budur: Əziz və hörmətli Qızıl ayparaçılar, peşə bayramınız mübarək!

M.HACIXANLI
XQ

Sosial həyat