Şəhid anaları iftar mərasimində

post-img

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər. Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.

Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.

Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və Azərbaycan xalqının daim onların yanında olduğunu bir daha hiss etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

 





Sosial həyat