AMEA Tarix və Etnologiya İnstitutu Qәrbi Azәrbaycan tarixi şöbәsində Rusiya işğalından sonrakı dövrdə Qafqazda aparılan erməniləşdirmə prosesinin müxtəlif yönləri, xalqımıza məxsus torpaqlara köçürülmüş erməni icmalarının xəyanətkar əməlləri, bu ərazilərdə oyuncaq Ermənistan dövləti yaradılmasının gedişi ətraflı araşdırılır, tarixi fakt. sənəd və əsaslı sübutlar sistemləşdirilir.
Şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cәbi Bəhramov “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi” adlı tarixi oçerkində 1813, 1828, 1918, 1920-1929-cu illərdə tarixi ərazilərimizin necə erməniləşdirildiyini və itirildiyini tədqiq edib.
Müəllif bildirir ki, çar Rusiyası vә Qacarlar dövlәti arasında 12 oktyabr 1813-cü il Gülüstan vә 1828-ci il fevralın 10-da imzalanmış Türkmәnçay müqavilәlәrinә әsasәn, Azәrbaycan torpaqlarının bölüşdürülmәsi soydaşlarımızın Avropada tәtbiq olunan hәr bir xalqın tәmәl hüququnun–legitimlik hüququnun pozulması ilә nәticәlәndi.Yәni Azәrbaycan xalqının razılığı olmadan onun özü vә әrazi bütövlüyü pozulmuş oldu.
Türkmәnçay müqavilәsinin 15-ci maddәsinә әsasәn, Qacarlar dövlәti vә Osmanlı Türkiyәsi әrazilәrindәn ermәnilәrin Rusiya imperiyası tәrәfindәn işğal olunmuş Şimali Azәrbaycan әrazilәrinә kütlәvi şәkildә köçürülmәsinә başlanıldı. 1826-1828-ci illәrdә II çar Rusiyası–Qacarlar dövlәti müharibәsi gedişindә Şimali Azәrbaycanın İrәvan, Naxçıvan vә Qarabağ xanlıqları әrazilәrinә 8 min 249 ermәni ailәsi köçürüldü. 1828-1830-cu illәr әrzindә isә Cәnubi Qafqaza Qacarlar dövlәti әrazisindәn 40 min, Osmanlı Türkiyәsi әrazilәrindәn isә 85 min nәfәr ermәni köçürüldü. Onlar Gәncә vә Qarabağ vә İrәvan xanlıqlarının әn yaxşı torpaqlarında yerlәşdirildilər. Erməni icmalarına 200 min desyatindәn çox xәzinә torpağı ayrıldı.
1828-ci il martın 21-dә çar I Nikolayın fәrmanı ilә İrәvan vә Naxçıvan xanlıqları әrazilәrindә yenә Azәrbaycan xalqının iradәsinin әleyhinә olaraq, ermәnilәr üçün qondarma “Ermәni vilayәti” yaradıldı. Bu addım çar Rusiyası tәrәfindәn Azәrbaycan xalqının legitimlik hüququnun növbәti dәfә pozulması idi. XIX әsrin 30-cu illәrindәn başlayaraq Rusiya imperiyası tәrәfindәn Cәnubi Qafqazda hәyata keçirilәn xristian etiqadlı xalqların bu әrazilәrә köçürülmәsi işi getdikcә ardıcıl xarakter almaqla mәqsәdyönlü siyasәtә çevrilmişdi. XIX әsrin axırlarında isә çar hökumәti köçürmә üzrә qanun vericilik aktlarının hazırlan masına başlamışdı.
1899-cu il aprelin 15-dә II Nikolay tәrәfindәn “Cәnubi Qafqazda köçür- mәyә icazә” haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-dә elan olunmuş yeni qanunda isә Qafqazda mülkü işlәr üzrә baş rәisә icazә verilmişdi ki, “rus mәnşәli vә pravoslav dininә mәnsub kәndlәrin” vәsatәtlәrini yalnız ilkin qaydada müzakirә etmәklә, onlar xәzinә torpaqlarında yerlәşdirilsin. Yerli hakimiyyәt orqanları çarın bu sәrәncamını hәyata keçirәrәk artıq 1901-ci ilin martında köçürmә sahәlәrini müәyyәnlәşdirmәyә başlamışdılar.
Tarixçi alim daha sonra qeyd edir ki, 1904-cü ilin iyulunda çar Rusiyası hökumәti tәrәfindәn daha yeni bir qanun verilmişdi: “Kәnd әhlinin vә әkinçi meşşanların könüllü surәtdә köçürülmәsi haqqında müvәqqәti qaydalar” barədə qanuna görә yalnız rus mәnşәli, pravoslav dininә mәnsub yerli adamların vә ya 3 idarәnin – Daxili İşlәr Nazirliyinin, Hәrbi İdarәnin vә Qafqazda Mülkü İşlәr üzrә Baş rәisin mülahizәsi ilә bölücü dini sektantlarına mәnsub şәxslәrin imperiyanın müsәlman ucqarlarına, o cümlәdәn dә Cәnubi Qafqaz diyarına köçürülmәsinә icazә verilmişdi.
Çar hökumәti tәrәfindәn aparılan bu mәqsәdyönlü siyasәt bütün XIX әsr әrzindә davam etmiş vә nәticәdә Şimali Azәrbaycan әrazilәrinә köçürülәn ermәnilәrin sayı çar mәmuru vә publisist N.Şavrov 1911-ci ildә yazırdı: “Hazırda Cәnubi Qafqazda yaşayan 1 milyon 300 min ermәninin 1 milyon nәfәri yerli әhali olmayıb, bizim tәrәfimizdәn buraya kö çü rü lәnlәrdir”. XX әsrin әvvәlindә onların Cәnubi Qafqazda әn başlıca himayәdarı olan Qafqaz canişini İ.Vorontsov-Daşkov 1912-ci il oktyabrın 12-dә çar II Nikolaya mәktubla müraciәt edәrәk yazırdı: “Hәmişә bizә böyük xidmәtlәr göstәrmiş ermәnilәrә himayәdarlıq etmәklә biz etibarlı müttәfiq qazanmışıq”.
Rusiya imperiyasının Cәnubi Qafqazda tәşkil etdiyi milli toqquşmalarla müşayiәt edilәn dağıdıcı müstәmlәkә siyasәtinin mahiyyәtini I Dövlәt Dumasının Yelizavetpol (Gәncә – C.B.) quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildә keçirilәn I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-dә İrәvanda tatarlarla (azәrbaycanlılarla– C.B.) ermәnilәr arasında baş vermiş toqquşmalar, әhalinin tәhlükәsizliyinin tәmin olunması tәdbirlәri barәdә Nazirlәr Şurası sәdrinә verilәn sorğuya dair müzakirәlәrdә iştirakı zamanı demişdi: “Biz-müsәlmanlara onlar deyirdilәr ki, siz iqtisadi cәhәtdәn ermәnilәri kölә vәziyyәtinә salmısınız, onlar öz çarlığını yaratmaq istәyәrәk güclü silahlanırlar, bir gün görәcәksiniz ki, siz artıq yoxsunuz. Ermәnilәrә isә deyirdilәr ki, panislamizm ideyası müsәlman cәmiy- yәtinin bütün tәbәqәlәrinә dәrin kök salmışdır vә bir gün müsәlmanlar sizi tikә-tikә doğrayacaqlar. Fitnәkarlıq bu yolla gedirdi”.
Cəbi Bəhramov daha sonra yazır ki, 1917-ci il oktyabrın 26-da Rusiyada ABŞ vә Avropa maliyyә maqnatlarının yardımı ilә bolşeviklәrin hәyata keçirdiklәri hәrbi çevriliş nәticәsindә Petroqradda hakimiyyәt onların әlinә keçdi. Sovet Rusiyası Polşa, Finlandiya vә Pribaltika ölkәlәrinin dövlәt müstәqilliyi tanınsa da, Cәnubi Qafqaz ölkәlәri içәrisindә Azәrbaycan Xalq Cümhuriyyәtinin dövlәt müstәqilliyi tanınmadı. Bunun isә әsas sәbәbi Bakı neftini әldәn vermәmәk idi. Buna görә dә hakimiyyәti silahla әlә alan bolşeviklәr çarizmin Şimali Azәrbaycana qarşı yeritdiyi siyasәtә daha sәrt xarakter verәrәk daşnak-kommunist ermәnilәrdәn istifadәyә üstünlük verdilәr.
1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sәdri V.Leninin sәrәncamı ilә S.Şaumyan Qafqazın Fövqәladә vә Sәlahiyyәtli Komissarı tәyin edildi vә ona burada öz fәaliyyәtini tәşkil etmәk üçün 500 min rubl qızıl pul ayrıldı. Cәnubi Qafqaza gәlәn Şaumyan Bakıda bütün anti-Azәrbaycan siyasi qüvvәlәrlә birlәşәrәk hakimiyyәti әlә keçirdi. Bolşevik-daşnak hakimiyyәtini burada möhkәmlәndirmәk üçün 1918-ci il fevralın 13-dә RSFSR XKS yeni qәrar qәbul etdi. Bu qәrara әsasәn, Şaumyanın sәrәncamına 31,8 milyon rubl qızıl pul, 5 min tüfәng, 2 milyon patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın vә döyüşçü dәstәlәri, o cümlәdәn Moskva Hәrbi Dairәsinin 4cü sәyyar inqilabi dәstәsi göndәrildi.
Nәticәdә,1918-ci ildә Bakı şәhәri vә onun әtrafında olan әrazilәrdә yaşayan azәrbaycanlı әhaliyә qarşı әn ağır cinayәt-soyqırımı cinayәti törәdilәrәk әn azı 12 mindәn artıq azәrbaycanlı mәhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dәk isә bütün Şimali vә Cәnubi Azәrbaycan әrazilәrindә 700 mindәn çox azәrbaycanlı soyqırımı cinayәtlәrinin qurbanı oldu.
Bu cinayәtlәrin hansı sәbәbdәn törәdildiyini Şaumyan Leninә 13 aprel 1918-ci il tarixli mәktubunda yazırdı: “Əgәr onlar qәbula gәlsәydi, Bakı Azәrbaycanın paytaxtı elan edilәr vә bütün qeyri-müsәlman ünsürlәr tәrk-silah vә mәhv edilәrdi”. O zaman Bakı şәhәri sovet Rusiyasının әlindә idi. Bütün bunlarla yanaşı, Şimali Azәrbaycanın İrәvan, Naxçıvan vә Zәngәzur bölgәlәrindә ermәni quldur dәstәlәri yerli azәrbaycanlı әhaliyә qarşı talan vә quldur hücumlarına davam edirdi.
I Dünya müharibəsinin gedişində çar Rusiyasının süqutundan sonra imperialist dairələrin fəal himayəsi ilə Qərbi Azərbaycanda yaradılmış oyuncaq Ermənistan dövlətinin ərazilərini bolşevik Rusiyasının tarixi türk torpaqları hesabına xeyli genişləndirdiyini sübuta yetirən müəllif daha sonra bildirir:
– 1918-1920-ci illәrdә İrәvan quberniyasından başqa әrazilәri әlә keçirә bilmәyәn ermәnilәr 1920-ci il aprelin 28-dә Şimali Azәrbaycan sovet Rusiyası tәrәfindәn işğal edildikdәn sonra bolşeviklәrin himayәsi ilә yeni әrazilәr әldә etmәyә nail oldular. Sovet Rusiyası hökumәti Gürcüstan vә Daşnak Ermәnistanı ilә әrazi mәsәlәlәrini Azәrbaycan SSR hökumәtindәn gizli aparırdı. Ən dәhşәtlisi isә o idi ki, Azәrbaycan SSR nümayәndә heyәti belә danışıqlara cәlb edilәrkәn onları ya milliyyәtcә ermәnilәr, ya da gürcülәr tәmsil edirdilәr.
1921-ci il yanvarın 12-dә Azәrbaycan KP MK Siyasi vә Tәşkilat Bürolarının iclasında Zәngәzurun müsәlman әhalisi yaşayan hissәsinin inzibati cәhәtdәn tәşkili haqqında qәrar qәbul edildi. Zәngәzurun azәrbaycanlı әhalisini sıxışdırmaqda davam edәn ermәnilәr bununla kifayәtlәnmәyәrәk sonralar bir sıra әrazilәrin dә әlә keçirilmәsinә nail oldular. Belә ki, Cәnubi Qafqaz MİK Rәyasәt Heyәtinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cәbrayıl qәzasında 24 kәndin, 1927-ci il 20 iyun tarixli iclasında isә Zәngәzur-Kürdüstan qәzasının 1,065 desyatin әrazisinin bu vә ya digәr qәzalara aid edilmәsi mәsәlәlәri müzakirә edildi.
Yenә dә bu qanunverici hakimiyyәt orqanının 1929-cu il fevralın 18-dә M.Sxakayanın sәdrliyi, Azәrbaycan nümayәndәlәrindәn isә D.Bünyatzadә, M.Bağırov vә S.Yaqubovun iştirakı ilә keçirilәn iclasda Mehridә ermәni rayonu yaratmaq adı altında Zәngilan rayonunun 3 kәndi: Nüvәdi, Ernәzir vә Tuğut-Ermәnistan SSR-ә verildi. Belәliklә, Zәngәzurun cәnub-qәrb hissәsindәki torpaqların da ermәnilәrә “bağışlanması” vә burada Mehri rayonunun tәşkili ilә Azәrbaycan SSR özünün tәrkib hissәsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgә ilә әlaqә çәtinlәşdi.
Naxçıvan Muxtar Respublikasının 1921-ci il Qars müqavilәsi ilә müәyyәn edilmiş sәrhәdlәrinә gәldikdә isә, hәmin müqavilәdә Naxçıvan әrazilәrinin qarantı kimi çıxış edәn Osmanlı Türkiyәsi dövlәtinin razılığı olmadan Cәnubi Qafqaz Sovet MİK Rәyasәt Heyәtinin 1929-cu il 18 fevral tarixli qәrarı ilә bölgәnin 657 kvadrat kilometr әrazisi Ermәnistan SSR-ә verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qәrarına әsasәn, Şәrurun Sәdәrәk vә Kәrki kәndlәri әtrafındakı müәyyәn әrazilәr Ermәnistan SSR-ә keçdi.
Tahir AYDINOĞLU
XQ