Təyyarə rüsvayçılığı: Rusiya məsuliyyətdən niyə yayınır?

post-img

Azərbaycanın qəti mövqeyi, Cənubi Qafqaz və Moskva üçün bəhanə

Prezident İlham Əliyev ABŞ-a səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından söz açarkən bildirib ki, ölkəmiz hadisənin qəsdən törədildiyi qənaətində deyil: “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.

Əslində, rəsmi Baki təyyarəmizin vurulduğu ilk gündən eyni tələbi səsləndirib. Prezident İlham Əliyev ötən il dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində bunları bildirmişdi: “Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Dövlətimizin başçısı müsahibəsində, həmçinin təfərrüatlara vararaq onu da demişdi ki, Azərbaycan öz tələblərini Rusiya tərəfinə açıq şəkildə bildirib. “Dekabrın 27-də (2024-cü il – red.) artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”, - deyən Prezident İlham Əliyev fikrini bir qədər də qüvvələndirmişdi: “Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Əlbəttə, ötən müddətdə Moskva Bakının şərtlərini qəbul etmədi və indi də etmir. Əvəzində görürük ki, Rusiyada məsələyə fərqli don geydirənlər tapılır. Belələrinin iddialarının məğzində dayanan məqam budur: Guya Azərbaycan öz kursunu dəyişdirmək istəyirdi, təyyarə olayı ona bəhanə qazandırdı.

İddia son dərəcə gülünc və bəsitdir. Birincisi, Azərbaycan müstəqillik illərində həmişə balanslı siyasi xətt yürüdüb. Yəni, Qərblə və Rusiya ilə eyni məsafədə dayanıb, müfəssəl şəkildə özünün maraq və mənafelərinə nəzərən hərəkət edib. Nəinki Rusiya, heç bir dövlət ölkəmizi səhv salmamalıdır. Amma Moskvada bunu düşünmədilər və düşünmürlər. Belə düşüncəsizliyin isə konkret səbəbi var və həmin səbəbə görə, Azərbaycanın Rusiya ilə deyil, Rusiyanın Azərbaycan ilə münasibətləri pozmağa maraqlı olduğunu söyləyə bilərik.

Məsələ ondadır ki, 2023-cü ilin sonunda Azərbaycan Qarabağ üzərində tam hakimiyyətini bərpa etmişdi. 2024-cü ildən Rusiya sülhməramlıları Qarabağdan çıxmaq məcburiyyətində qalmışdılar. Moskvada mövcud durumun Azərbaycana ənənəvi təzyiq və təsir rıçaqlarını sıradan çıxardığının fərqinə vardılar. Fərqinə vardılar və hərəkətə keçdilər. Hərəkət üçün bəhanə isə təyyarə olayı oldu.

Rəsmi Moskva yaxşı başa düşür ki, Azərbaycan özünün Prezident İlham Əliyevin dili ilə açıqlanmış prinsiplərindən geri dönməyəcək. Çünki ortada şərəf məsələsi var. Ola bilməz ki, bir dövlətin sərnişin təyyarəsinə atəş açasan və bunun məsuliyyətindən yayınasan?

Əgər Rusiya susqunluğunu qoruyursa, deməli, ona sərf edən Azərbaycanla gərginliyin saxlanılmasıdır. Görünür, tələblərimiz məhz bu səbəbdən yerinə yetirilmir. Baxmayaraq ki, ölkənin ayrı-ayrı rəsmiləri bəyanatlarında dostluq və mehriban qonşuluq zəngulələri vururlar. Vururlar, digər yandan isə Rusiyanın, belə demək mümkünsə, propaqanda iyrəncləri sayılan solovyovlar, simonyanlar, zatulinlər, eləcə də Dövlət Dumasının qurulevləri Azərbaycana hücumdan, Bakıya “Oreşnik” tuşlamaqdan danışırlar. Hazırda onların nəzərlərində 1990-cı ilin 20 yanvarında olduğu kimi, paytaxtımızın küçələrində cövlan edən rus tankları var. Axı imperiya xislətli psixopatlar aqressiv davranışdan həzz alırlar.

Digər məqama diqqət yetirək. Ayaqyoluna gedəndə belə mərkəzdən icazə alan solovyovlar anti-Azərbaycan ritorikanı boşuna tündləşdirməyiblər. Məsələ ondadır ki, ölkəmiz suverenliyini bərpa etdikdən və 2020-ci ilin 44 günlük müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat, faktiki olaraq arxivə gömüldükdən sonra Rusiyanın Cənubi Qafqazdan yapışmaq üçün mütləq forposta ehtiyac var. Həmin vaxtadək Kremlin Qarabağ kartından yararlanaraq, Ermənistanı öz tərəfinə çəkmək cəhdləri uğursuz olmuşdu. Eyni zamanda, rəsmi İrəvan Moskva ilə münasibətləri o qədər gərgin saxlamışdı ki, ikincinin hansısa əks addımlar atması mümkünsüzləşmişdi. Görünür, Rusiyadakı erməni amili də Ermənistana qarşı sərt davranmağa imkan verməmişdi. O zaman qalırdı Azərbaycan.

Bəli, Bakı ilə münasibətləri gərgin saxlamaq həm də Moskvanın güc tətbiqi ritorikasını daim diri tutması üçün vacibdir. Baxın, jurnalistika adına utanc sayılan Vladimir Solovyov NATO-nun Xəzər dənizində, guya, hərbi baza yaratmaq istədiyini iddia edir və bunun Cənubi Qafqazda Ukraynadakı kimi, xüsusi hərbi əməliyyat keçirmək üçün əsas formalaşdırdığı düşüncəsini yayır. Deməli, Kreml Azərbaycana qarşı intervensiya hazırlığındadır. Ona görə ona ölkəmizin davranışlarında “səhvlər tapmaq” lazımdır. Solovyovlar özlərini bu məqsədə kökləyiblər. Görünür, qarşıya həm də hücumu leqallaşdırmaq, onun, bir növ, qaçılmaza çevrildiyini göstərmək vəzifəsi qoyulub. Məntiqi nəticə onu deyir ki, belə bir durumda Rusiyanın təyyarə olayına görə ölkəmizdən üzrxahlığı mümkünsüzdür.

Yəni ki, Prezident İlham Əliyev ABŞ-a səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində bir daha Azərbaycanın şərtlərini yada salmaqla, Rusiyaya qonşuluq jesti edir və Moskvanı Bakı ilə konfrantasiyadan uzaq durmağa çağırır. Əlbəttə, bu sadə çağırışda Azərbaycanın müstəqil siyasətinə hörmət kazusu da var.

Ölkəmiz Rusiya ilə münasibətlərin qaydasına salınması xüsusunda başqa şərt irəli sürmürsə, bu, o deməkdir ki, Bakının Qərblə, o cümlədən ABŞ-la yaxınlığı heç də balanslı xətdən uzaqlıq kimi dəyərləndirilməməlidir. Bildirdiklərimiz fonunda isə yekun nəticəyə gələrək deyək ki, indi qalır Rusiyanın ənənəvi imperialist baxışlardan uzaq duraraq, praqmatik və rasional davranması. Nəzərə alaq ki, bu davranış Kreml üçün Cənubi Qafqazda yaranmış yeni geosiyasi mühitdə iştirak imkanıdır. İmkan dəyərləndiriləcəkmi, təyyarə olayına zəruri qiymət verilib Azərbaycanın tələbləri yerinə yetiriləcəkmi, bunu zaman göstərəcək. Necə deyərlər, yaşayarıq görərik.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət