Novruzqabağı mərasimlər sırasında mühüm bir hissəni yel çərşənbəsi ilə əlaqədar keçirilən rituallar və söyləmələr təşkil edir. Xalq inam və etiqadlarında, çeşidli əhvalat və hekayətlərdə, eləcə də folklorşünasların, etnoqrafların, filosofların sistemli təhlillərində yel çərşənbəsinin mifoloji-fəlsəfi, tarixi-mədəni, etnoqrafik məzmunu ilə əlaqədar maraqlı fikir və mülahizələr yürüdülür.
Tarixi kökləri etibarilə ilkin təsəvvürlərə dayanan çərşənbələr bütün məzmunu və əhatələdiyi işarələnmələrlə etnik müəyyənliyin təsdiqinə və dərkinə yüklənməklə müxtəlif səpkili mərasim aktlarının yaranışı və qəlibləşməsi üçün əsas olmuşdur. “Yel baba” müraciətləri timsalında olan çağırışlar və etnoenerjinin ifadəlilik mexanizmi kontekstində ortaya qoyduğu məzmun arxaik qatdakı başlanğıcı əsas götürməklə yoluna davam etmişdir. Etnoqrafik materiyanın energetik mənzərəsi və strukturu çərşənbələr səviyyəsində kutsal nizamı və Novruza gəlişin mərasimlər toplusu aspektində zənginliyini faktlaşdırır.
Yel çərşənbəsi xalqın əski inamlarına görə nizam yaradıcı funksiyasında çıxış edir və xalq arasında “küləkli çərşənbə”, “yelli çərşənbə” və s. adlarla da qeyd olunur. Kiçik deyim və ad fərqliliklərinə baxmayaraq, bütün hallarda eyni mahiyyəti, yel səviyyəsində yerinə yetirdiyi funksiyanı faktlaşdırır. Yel çərşənbəsi isə yelin funksional rolu timsalında nizam yaratmaya, təbiətin kutsallığında ruzigarın sərgilədiyi mənzərə uğurlu, barlı-bəhərli yazın gəlişinə bələdçi, xəbərçi (müjdəçi) statusunda özünü göstərir.
Xalq inam və etiqadlarında yel ilə bağlı (ağ yel, qara yel, xəzri, gilavar və s.) müxtəlif söyləmələr özünə yer alır və bunun hər birisinin özünəməxsus məqam və simvolizə olunması, ritual səviyyəsinə gəlişi haqqında bilgilər vardır. Orada vurğulanır ki, “əski etiqadlara görə, qara nəhrdə “yatmış dörd cür külək” yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir.
Maraqlıdır ki, libaslarının adı ilə onların özünü xarakteri arasında bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin özü mifik mənaları ilə xüsusi məzmun daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel ağ libasda, Qara yel qara libasda, Xəzri göy libasda, Gilavar qırmızı libasda təsəvvür edilir”. Türk xalqlarında canlandırmanın üsulları və məna qatı bütün parametrləri ilə arxaik qatı, xalqın ritual səviyyəsində qəlibləşdirdiyi təsəvvürə köklənir.
Ümumiyyətlə, adlanmanın simmetriyası tarixi abidələrdə, xalqın əfsanə, rəvayət, nağıl, dastan, mərasim örnəklərində müxtəlif formalarda müşahidə olunur və bu həm də zənginlik elementi olaraq özünü göstərir. Yaradılışın dörd ünsüründən biri olan küləkdə də yel adı ilə adlanmanın spesifikası bu arxaik qata, etnik şüurda küləyin sərgilədiyi funksional düzümə bağlanır.
Mürəkkəb metereoloji hadisə olaraq yel oynadığı funksiyaya görə ağ yel, qara yel və s. adlarla məna çalarları kəsb etmişdir və bunun müxtəlif simvolizmləri artıq yaddaş səviyyəsində qəlibləşmişdir. Ağ yelin əksi qara yeldir və bir-birindən fərqliliklərlə təzahür edir. Yel çərşənbəsi də məhz bu hava axınlarının ümumi gedişi anlamında tarixin çox dərin qatlarında inam və etiqadlara bağlanmaqla əsaslı təsəvvür formalaşdırmışdır. Qara yel daha çox kiçik çillədə özünü göstərir və sürətli əsməsi ilə müşahidə olunur. Ağ yel isə bir qədər mülayimliyi və həlimlik gətirmə xüsusiyyəti ilə qədim insanların diqqətində əsaslı təsəvvür yaratmışdır.
Qış və yazın gəlişi (həm də yel çərşənbəsində) gilavar havaya, havanın enməsi, istiliyin gəlməsi funksiyasında özünü göstərir. Abşeron zonasında yel çərşənbəsində gilavarın əsməsi xeyirin, uğurlu gəlişin müjdəsi xüsusiyyəti ilə spesifikləşir. Əski inamlarda, zərdüştlükdə, səmavi kitablarda bu baxımdan maraqlı bilgilər vardır. Yelin, küləyin çərşənbə səviyyəsində simvollaşması kultlaşma ilə özünü təzahür etdirir və hətta bütünlükdə kainatı idarə etmək funksiyası ilə diqqət önünə gəlir.
Xalq arasında “yel baba” müraciətinin qaynağı da öz mənşəyi etibarilə mifoloji təsəvvürdə olanlara bağlanır. Folklorşünaslar, etnoqraflar, filosoflar “yel baba” müraciətində “baba”nın funksional mahiyyətinə diqqət yetirərək terminin əhatələdiyi məzmunun bütünlükdə yakutlardan, altaylardan Aralıq dənizi sahillərinə qədər böyük bir coğrafi ərazini özündə ehtiva etdiyini qeyd edirlər.
Yelin dünyanı gəzmə anlamı müxtəlif toplumlarda yaxınlıq və fərqliliklərlə (daha çox yaxınlıqlarla) hekayətlər şəklində dolaşmaqdadır. Hətta yelin fərqliliklərinin (ağ yelin, qara yelin, xəzrinin, gilavarın) haqqında olan mifoloji bilgilər tanrı nizamında tapşırıqlara, deyilənlərin onun göstərişləri ilə reallaşmasına bağlanır.
Yelin “baba” və ya “babalıq” funksiyası Azərbaycan folklorunda da özünü göstərir. Yel çərşənbəsi zamanı olan nəğmələr ritualın bir parçası olaraq etnosun əski təsəvvürünün nişanəsi olaraq kodlaşır. Folklorşünas M.Həkimov vurğulayır ki, “türk-islam dünyasında yel çərşənbəsi bütün çərşənbələrin ən təmtəraqlısı və şərəfli olanıdır. Deyilənə görə, “bu çərşənbədə Yel baba suyun, yerin donunu açır, odu üfürür, günəşin qarşısını kəsən qara buludları qovlayır” və bunların ümumi dərki təbii prosesləri qavramdan simvolik işarələnməyə qədər bir rəngarəngliyi sərgiləyir.
a) mifoloji təsəvvürün ehtiva etdiyi məzmun;
b) semantik anlamda sıralanan mənzərə;
c) rituallaşma və mərasim aspektindəki özünəməxsusluq;
d) tarixi yaddaşın ortaya qoyduğu fəlsəfi-nəzəri anlam və s.
Yel babaya müraciət nümunələr çeşidliyi və dəqiqliyi ilə təfərrüatlı bir mənzərə sərgiləyir.
A yel baba, yel baba,
Qurban sənə gəl baba.
Ağ yel əssin, əssin,
Qara yel kəssin, kəssin.
Ağ yel əssin, torpaq oyansın,
Bağ-bağçalar çiçəyə boyansın.
Yelin obrazlaşması və onun mətn simvolikası bütün hallarda “baba” anlamı ilə daha geniş məna daşıyır və müdrikliyə, xeyirxahlığa, uca tutulmağa yüklənir. Xalq yaddaşında “baba”nın kəsb etdiyi məzmun eyni ahəng, təsəvvürlə yel çərşənbəsinə gətirilmişdir. Türk düşüncə tərzində müəyyənləşmiş sistem ailə kutsallığında sosium olaraq “baba”ya əlavə çalarlar qatmış, onun mahiyyətində olanları dünyanın dörd ünsürü səviyyəsində daşımağa həssaslıq göstərmişdir.
Ədəbiyyatın şifahi və yazılı qolunda çərşənbələr, bahar mərasimi və onun müxtəlif komponentləri haqqında lazımi qədər gərəkli bilgilər vardır. Atalar sözü, məsəl, tapmaca, lətifə, əfsanə, mif, rəvayət, dastan və s. səviyyəsində olan örnəklər etnokulturoloji sistemin zənginliyinə marağı açıqlayır. “Yel havalanıb keçər”, “yel əsməyincə yarpaq tərpənməz”, “yel gətirib, gün qurudub”, “yel əsəndə yellənər, yol görəndə yollanar”, “yel üfürdü, su töküldü”, “yel süpürsün, yağış aparsın”, “yelə dedilər əsmə, dedi kələyimi kəsmə”, “yel olmasa, sel də olmaz” və s. bütün tərəfləri ilə xalq təsəvvüründə olanları və yel çərşənbəsində cəmlənənləri diqqət önünə gətirir. “Qara yel əsdi keçdi, səbrimi kəsdi keçdi” silsiləsindən olanlar çeşidliliklə və arxaik qatda olanların polifoniyasını əhatələməklə küləyin “yel çərşənbəsi”, “yel baba” timsalında müşahidə olunanların çox əski zamandan üzü bəri daşınanların dinamiklik mənzərəsini faktlaşdırır.
Yel çərşənbəsində olanlar, eləcə də yellə əlaqədar xalq arasında söylənənlər bunun ən bariz nümunəsidir. “Yel baba xırmana gəlməzdən qabaq oradan buğda, dən götürməzlər”, “yeli əsdirəni söyməzlər”, “yel dağına ziyarət edərlər”, “Yel baba kimin nəzirini qəbul etsə o xeyir tapar”, “yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə” inancları öz tarixi kökləri ilə insanların həyatının müəyyən məqamlarını əks etdirməklə etnosun məişət zənginliyində yelin funksional rolunu faktlaşdırır.
Bütün bunlar yel çərşənbəsinin xalq təsəvvüründəki ən dərin qatlardan günümüzə qədər gəlişinin ümumi dinamikasını sərgiləməklə geniş mənada mədəniyyət zənginliyini diqqət önünə gətirir.
Səhər HİDAYƏT QIZI ORUCOVA,
filologiya elmləri doktoru,
professor


