Masallıda bir el bir evə dayaq oldu

post-img

Masallı rayonunun Böyük Kolatan ərazisində Nazir Ağayevin aztəminatlı ailəsinə məxsus ev yanğın nəticəsində zərər görmüşdü. Ailənin müraciəti nəzərə alınaraq rayon rəhbərliyinin tapşırığı ilə həmin evə baxış keçirilib və qısa müddətdə təmir-bərpa işlərinə başlanıb.

Rayon icra hakimiyyətinin təşkilatçılığı, ərazi nümayəndəliyi və bələdiyyənin, eləcə də kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə ev əvvəlkindən də yaxşı görkəmə düşməkdədir. Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və müavinləri, eləcə də ərazi nümayəndəsi və bələdiyyə rəhbərliyi, media nümayəndələri və ictimaiyyət təmsilçiləri əsaslı təmir edilən evdə olub, ailə üzvləri ilə görüşüblər. Rayon rəhbəri işlərin gedişatı ilə yaxından tanış olub, təmirin tezliklə və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıqlar verib. O, eyni zamanda, ailənin digər qayğıları ilə maraqlanıb.

Ev sahibi Nazir Ağayev göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlığını ifadə edib. Onun həyat yoldaşı Məlahət Zeynalova deyib:

– Biz həm aztəminatlı ailəyik, həm də oğlumuz Nəsib 1-ci qrup gözdən əlildir. Evimizdə yanğın baş verəndən sonra rayonumuzun rəhbərliyi, el-oba bizə yaxından köməklik etməyə başladı. İşləri şəxsi nəzarətində saxlayan Araz müəllim dedi ki, təmirdən sonra evimizin mebellə təmin edilməsinə də yardımçı olacaq. Bizi darda qoymayanlar hamılıqla var olsunlar!

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru

Sosial həyat