Milli dəyərlər və istiqlal nəğməkarı

post-img

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 yaşı tamam olur. Məlum olduğu kimi, Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi haqqında 21 fevral 2025-ci il tarixli sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli-azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib. Böyük qələm ustası 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.

Türk ədəbiyyatının böyük nümayəndəsinin yubileyi ilə bağlı təkcə ölkəmizdə deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir. İlin əvvəlində TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçirilib. Bu barədə qərar hələ 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilmişdi. Bu beynəlxalq qurum əvvəllər də unudulmaz şairin yaradıcılığına dair konfranslar təşkil edib, onun əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.

Bəxtiyar Vahabzadə kimi şəxsiyyətlər üçün zaman məfhumu yoxdur. O yaşayıb, yaşayır və yaşayacaq.

XQ

Mədəniyyət