Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə edən bəyanatını yüksək qiymətləndiririk.
XQ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Bu bəyanatla ABŞ tərəfi öz tərəfdaşlarına olan dəstəyini bütün dünyaya nümayiş etdirib.
ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin fevralın 10-da imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur.
Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə minnətdarıq.
Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.
Nümayiş etdirilən prinsipial mövqeyə görə Amerika Birləşmiş Ştatlarına təşəkkürümüzü bildiririk”.

