Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çinə səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb.
Azərbaycan ilə Çinin müstəqil siyasət yürüdən dost ölkələr kimi bir-birinin mənafelərinin qorunmasına xüsusi diqqət yetirdikləri bildirilib. Beynəlxalq hüququn təməlində dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürən Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyinin əhəmiyyəti vurğulanıb.
Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadənin Orta Dəhlizin inkişafına təkan verdiyi vurğulanaraq ölkəmizin Zəngəzur dəhlizi layihəsinin yeni platforma kimi Avrasiyada dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə və çoxtərəfli işbirliyinə hədəfləndiyi qeyd olunub.
Çoxqütblü dünya nizamına transformasiya şəraitində Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki ölkə arasında əlaqələrin inkişafı baxımından əlamətdar olmadığı, eyni zamanda, Avrasiyada, o cümlədən Qlobal Cənub coğrafiyasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi üçün mühüm əhəmiyyət daşıdığı bildirilib.
XQ

