Yeni Cənubi Qafqaz gerçəkliyi

post-img

II MƏQALƏ

Qafqazda sülh gündəliyi

Məsələnin geosiyasi mahiyyəti dərindir. Çünki müasir tarixi mərhələdə qalıcı (davamlı) sülhə real əsaslarla nail olmaq mütləq şərtdir. Ən güclü dövlət belə təməli sağlam olmayan üsulla regional sülhü təmin edə bilməz. Maksimum, müvəqqəti sakitlik yarana bilər, ancaq o da daxili “regional siyasi fluktuasiyalar” (regional təlatümlərin sinergetik ifadəsi) sayəsində sona çata bilər. Cənubi Qafqazın son 300 ildə tarixi bunu tam təsdiq edir.

Deməli, regional sülhün təmini özlüyündə sistemlilik, əsaslılıq və ədalətlilik tələb edən siyasi-diplomatik “elm”dir. Məhz bu baxımdan Cənubi Qafqazın sülh gündəliyində bu coğrafiyada yerləşən hər bir dövlətin təcrübəsinin əhəmiyyəti vardır. Onun 2 aspekti hazırda çox aktualdır.

Birincisi, Cənubi Qafqazda yerləşən dövlətlərin dövlətçilik ənənəsinin başlıca geosiyasi və siyasi özəllikləri.

İkincisi, həmin dövlətlərin kənardan xüsusi məqsədlərlə edilən təsirlərə qarşı dayanıqlılıq səviyyəsi.

Bu iki aspektin vəhdəti fövqəladə siyasi anlama malikdir. Çünki son yüzillərdə bu region o dərəcədə kənar sifarişlərin meydanı olmuşdur ki, real mənzərəni müəyyən etmək asan deyildir. İmperialist qüvvələr öz maraqlarını region xalqlarının milli maraqları pərdəsi altında buradakı cəmiyyətlərə sırımışlar. Bunun fonunda isə region xalqlarının ənənəsinə yuxarıdan baxmışlar. Nəticədə hələ də Cənubi Qafqaz xalqları bir güvənsizlik sindromunu yaşayırlar. Onun aradan qaldırılması isə yalnız yerli dövlətlərin regionun sülh gündəliyini siyasi təcrübə əsasında müəyyən etməsi sayəsində qalıcı olaraq baş tuta bilər.

Bu tezisin semantik gücü işığında Azərbaycanın təcrübəsinə baxaq.

Azərbaycan təcrübəsi: regional sülhün baza faktorları

Azərbaycan Prezidenti İlham Əliyev, faktiki olaraq, Cənubi Qafqazda davamlı sülh mühitinin formalaşdırılmasının konseptual xüsusiyyətləri ilə praktiki reallaşmasının vəhdətini yaratmışdır. Bizcə, onun üç əsas istiqaməti mövcuddur.

Birincisi, Azərbaycan Prezidenti tərəfindən sülh gündəliyinin geosiyasi səviyyədə konseptual aspektdə müəyyən edilməsi. Bununla bağlı dövlət başçısı “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilmiş XIII Qlobal Bakı Forumunda ifadə etdiyi aşağıdakı fikirlər istiqamətverici rol oynayır. Prezident İlham Əliyev demişdir: “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub”.

Bu qiymətli fikirlərdən iki nəticə çıxara bilərik. Birincisi, Azərbaycan özünün real təcrübəsi əsasında regional sülh məsələsinə nəzəri-konseptual yanaşmanın baza prinsiplərini müəyyən etmişdir. Öncəki mərhələlərdən bu yanaşmanın fərqi ondan ibarətdir ki, ilk dəfədir region dövlətlərindən biri yaşadığı acı təcrübəni regional miqyasda sülh mühitinin yaranması kontekstində konseptual səviyyədə dərk etməyə çalışmışdır.

İkincisi, praktiki aspektə proyeksiyada Azərbaycan təcrübəsində sülh suverenliyin mütləq surətdə təmini bağlantısı kontekstində reallaşdırılmağa çalışılmışdır. Yəni regionun lider dövləti sülhü özünün milli maraqları (suverenliyi, ərzi bütövlüyü, müstəqilliyi) təməli üzərində bərqərar etmək kursunu seçmişdir.

Bu artıq Cənubi Qafqazın “geosiyasi ruhu” ilə yanaşı, praktiki geosiyasi dinamikasını və ümumi geosiyasi mənzərəsini yeniləşdirmək deməkdir. Onların sintezi ümumilikdə regiona yeni düzən, geosiyasi, siyasi və iqtisadi dəyər gətirir. İndi regionun yenidən qurulmasından bəhs edənlər bilməlidirlər ki, Azərbaycanın vurğuladığımız mənada sistemli, düşünülmüş nəzəri-konseptual əsasda sülh gündəliyi olmasa idi, vəziyyət tamamilə başqa cür olardı. Onun siyasi iradə, liderlik cəsarəti və sülhə sadiqlik aspektlərinin əhəmiyyəti vurğulanan son tezisin semantik işığında aydın görünür. Bununla bağlı Azərbaycan dövlət başçısının aşağıdakı fikirləri tam yerindədir. Prezident İlham Əliyev demişdir: “Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik”.

Buradan İlham Əliyevin regional miqyasda sülh gündəliyinin çox mühüm konseptual və praktiki cəhətinin dərkinə keçid edə bilərik. Həmin keçidin semantik və məntiqi anlamı “Azərbaycanın siyasi təcrübəsi” ifadəsi ilə bağlıdır.

Siyasi təcrübə regional sülhyaradıcı faktor kimi

Cənubi Qafqaz üçün məsələnin bu cür qoyuluşunu XXI əsrdə geosiyasi, siyasi və diplomatik praktikaya Prezident İlham Əliyev gətirmişdir. Onun başlıca anlamı Cənubi Qafqazda davamlı (qalıcı) sülh mühitinin formalaşmasında əsas təminedici faktorun yerli dövlətlərin siyasi təcrübəsinin olması ilə əlaqəlidir. Lakin Azərbaycan dövlət başçısının mühüm hesab etdiyi bir şərti mütləq surətdə nəzərə almaq gərəkdir.

Məsələ onunla bağlıdır ki, yerli dövlətlərin sülh təcrübəsi əsaslı sülhyaradıcı təcrübə olmalıdır. Yəni hər bir sülh təcrübəsi davamlı regional sülh mühiti yaratmaya da bilər. Nəzəri olaraq həmin təcrübə mükəmməl təsiri bağışlayar. Ancaq praktikada müsbət nəticə verməyən siyasi təcrübə real sülhyaradıcı rolunu oynaya bilməz.

Belə alınır ki, Azərbaycan Prezidentinin regional sülhyaradıcı siyasi təcrübə anlamı yüksək nəzəri-konseptual sistemliliklə yanaşı, praktiki müsbət nəticə almağa imkan yaradan işlək və realpolitikaya uyğun feili səmərəliliyi də ehtiva etməlidir.

Vurğuladığımız məqamların prizmasında onun semantik strukturuna və funksional imkanlarına baxaq.

İşğal şəraitində yaşamaq təcrübəsi

Regional sülhün təməlini hansı faktor təşkil edir? Bu sualın universal cavabı mövcud deyildir. Cənubi Qafqaz üçün isə ayrıca mənası vardır. Çünki regional sülhə başlıca maneə kənar dəstəklə regionun bir dövlətinin digərinin ərazisini işğal etməsindən ibarət idi. Avtomatik belə bir nəticə alınır: Cənubi Qafqazda sülhü təmin etmək üçün öncə həmin işğal faktını aradan qaldırmaq lazım gəlir. Burada beynəlxalq hüquq əsasında müəyyən beynəlxalq təşkilatın fəaliyyəti aktuallaşırdı. Lakin təcrübə göstərdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq niyyəti yoxdu və hətta yeni torpaqlar zəbt etmək iddiası vardı. Vasitəçilik edənlər də gizli surətdə məhz işğalçını dəstəkləyirdilər.

Belə bir vəziyyətdə yeganə çıxış yolu kimi Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etmək variantı qalırdı. Bu prosesin siyasi təcrübə səviyyəsinə yüksəldilməsi artıq Azərbaycan liderinin fəaliyyətinin mühüm bir aspektini ifadə edir. Onu dolğun şəkildə Prezident İlham Əliyev aşağıdakı məzmunda ifadə etmişdir: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi”.

Buradan çıxarıla biləcək siyasi nəticə maraqlıdır.

Birincisi, aydın olur ki, Azərbaycan işğal olunmuş əraziləri güc tətbiq etmək yolunu sülh naminə və məcburən seçmişdir. Gücü başqa əraziləri işğal etmək niyyəti ilə deyil, öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə tətbiq etmişdir.

İkincisi, bu kursun fundamentini 3 səviyyəli fəaliyyət təşkil edir – birincisi, güc tətbiqi sayəsində ərazi bütövlüyünü bərpa etmək, ikincisi, güc tətbiqi faktorundan əldə edilən nailiyyətlər kontekstində məğlub olmuş təcavüzkarla sülhə nail olmaq üçün xüsusi siyasi-diplomatik “addımlar alqoritmini” hazırlamaq, üçüncüsü, iki mərhələdə əldə edilən nəticələri “milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi” səviyyəsində sistemləşdirib vahid konseptual formaya salaraq, ona konkret siyasi məzmun vermək.

Sülhə keçid ikinci təcrübə kimi

Bu prosesin öncədən bütün detallarının Azərbaycan Prezidenti tərəfindən siyasi təcrübə səviyyəsində müəyyən edildiyi dövlət başçısının aşağıdakı fikirlərindən tam aydın olur.

Dövlət başçısı XIII Qlobal Bakı Forumunda ifadə etmişdir: “Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

Azərbaycan həqiqət, ədalət və beynəlxalq hüquqa əsaslanaraq güc tətbiqində əldə etdiyi nailiyyətləri uğurla sülh əldə etməyə proyeksiya edə bildi. Bu, həm nadir, həm də çox qiymətli təcrübədir.

Bununla milyonlarla insanın işğal altında yaşamaq kimi acı təcrübəsindən təcavüzkarı sülhə məcbur etmək mərhələsinə keçidin bütün siyasi komponentləri aydınlaşmış olur. Bu nadir təcrübədən isə Azərbaycanın başqa bir siyasi təcrübəsi yaranır ki, onun regional sülhü təmin etməkdə prinsipial rolu vardır.

Üçüncü sülh təcrübəsi

Azərbaycan lideri üçüncü təcrübəni, yəni sülh şəraitində yaşamaq təcrübəsini aşağıdakı kimi ifadə etmişdir: “Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi”.

Əlbəttə, sülhə necə nail olmağı aydınlaşdırmaq üçün Azərbaycanın ilk iki siyasi təcrübə növündən çıxış etmək gərəkdir. Həmin iki siyasi təcrübədə işğal altında yaşamaqdan güc tətbiqi ilə ərazini bərpa etmək mərhələsinə ardıcıl olaraq keçidə nail olunmuşdur və onun əsasında məğlub olmuş tərəfi sülhə məcbur etmək əsas vəzifə kimi qarşıya çıxmışdır. Çünki sirr deyildir ki, Ermənistanda revanşistlər həmişə olmuşdur və indi də onlar dinc durmaq istəmirlər. Hətta son zamanlar indi hakimiyyətdə olanlar sırasında “gizli revanşistlər”in mövcudğulu hiss edilir. Buna görə də üçüncü təcrübənin sülh təcrübəsi olması aşan məsələ deyildi.

Ermənistandakı müəyyən dairələrə anlatmaq lazım idi ki, münaqişələrdən sülh, dinc-yanaşı yaşamaq mərhələsinə keçid tarixi fürsətdir. Bu, hər şeydən öncə, Ermənistanın dövlət kimi mövcud olmasının fundamental şərtlərindən biridir. Bu prizmada Azərbaycan Prezidentinin aşağıdakı fikirləri tarixi əhəmiyyət kəsb edir. Fikirlərinə davam edərək Prezident İlham Əliyev demişdir: “Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət