Ukraynaya humanitar yardım xalqımızın mənəvi zənginliyini ifadə edir
Azərbaycan Respublikası beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlə yanaşması ilə seçilir. Eyni zamanda, ölkəmiz humanizm prinsiplərini də hər zaman üstün tutur. Dünyanın müxtəlif bölgələrində təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərə və xalqlara ikitərəfli və çoxtərəfli əsasda yardımlar göstərməyimizin əsasında məhz humanizm prinsiplərinə sadiqliyimiz dayanır. Ölkəmiz zəlzələ, daşqın və digər fəlakətlər zamanı dərhal humanitar missiyalar həyata keçirir. Müharibə və silahlı münaqişələrdən zərər çəkən mülki əhaliyə ərzaq, tibbi ləvazimat və digər vacib tələbat mallarının göndərilməsi də Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Rəsmi Bakının bu addımları beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Onu da qeyd edək ki, hələ 2011-ci ilin sentyabrında Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və ya qısaca AIDA yaradılıb. Agentlik Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir, eləcə də yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini, prosesin vahid mərkəzdən idarə olunmasını təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Ölkəmizin həyata keçirdiyi humanitar yardımların bir istiqamətini də işğaldan əziyyət çəkən Ukraynaya humanitar yardımların göndərilməsi təşkil edir. Burada da yenə humanizm prinsipləri əsas götürülür. Prezident İlham Əliyev avqustun 11-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanın Energetika Nazirliyinə vəsait ayrılmasına dair sərəncam imzalayıb. Sərəncamda bildirildiyi kimi son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərilib. Qeyd edilib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir. Sərəncamla Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dolları həcmində vəsait ayrılıb.
Sərəncama əsasən Energetika Nazirliyi tərəfindən təmin edilmiş elektrik avadanlıqlarından ibarət yükün birinci hissəsi avqustun 13-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Bu, elektrik hava xətləri avadanlıqlarından ibarət idi. Humanitar yükə 90 min metrə yaxın elektrik kabeli və naqilləri, 25 generator və 7 transformator daxildir. Ukraynanın davam edən müharibədən zərər çəkmiş rayonlarının elektrik enerjisi ilə sabit təchizatının bərpasına dəstək məqsədi daşıyan bu avadanlığın birinci hissəsi 10 yük maşınından ibarət karvanla yola salınıb. Humanitar yardımın ikinci hissəsi avqustun 15-də yenə Sumqayıt Texnologiyalar Parkından göndərilib. Elektrik kabelləri və naqillərindən ibarət humanitar yardım 9 yük maşını ilə yola salınıb.
Bundan əvvəl də Azərbaycan elektrik təchizatı ilə bağlı Ukraynaya humanitar yardım göndərib. 2023-cü ildə və 2025-ci ilin fevral ayında imzalanmış sərəncamlar çərçivəsində müvafiq olaraq 7 milyon, 16 milyon və 1 milyon ABŞ dolları məbləğində maliyyə ayrılıb. Ümumilikdə, müharibə ilə əlaqədar olaraq Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötüb. Yeri gəlmişkən, qeyd edək ki, bu, həm maddi məbləğ, həm də siyasi-etik məzmun baxımından mühüm göstəricidir. Çünki burada əsas amil yalnız yardımların miqdarı deyil, onun ardıcıl və prinsipial xarakter daşımasıdır. Rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyi də dəyişməz olaraq qalır.
Onu da bildirək ki, Azərbaycanın bu mövqeyi Ukraynada da yüksək qiymətləndirilir. Humanitar yardımın göndərilməsi münasibətilə keçirilən tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Prezident İlham Əliyevə təşəkkür edib. Səfir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini də bəyan edib. Bu, əslində, dövlətlərarası münasibətlərin qarşılıqlı dəstək və etimad üzərində qurulduğunu göstərir. Yəni, Azərbaycan təkcə yardımla humanizm prinsipini nümayiş etdirmir, eyni zamanda, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.
***
Azərbaycanın Ukraynaya yardımı həm də beynəlxalq hüquq baxımından mühüm ismarıc xarakteri daşıyır. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe Azərbaycanın öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizə ilə də səsləşir. Azərbaycan bununla mesaj verir ki, beynəlxalq münasibətlərdə ədalətli mövqe ikili standartlara yox, məhz hüquqa və humanizmə söykənməlidir. Nəticə etibarilə, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək, sadəcə, bir yardım aksiyası deyil, dövlət siyasətinin təməlini təşkil edən humanizm prinsiplərinin beynəlxalq miqyasda tətbiqidir. Ölkəmiz bu yolla bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir, dostluq və həmrəylik körpüləri qurur. Ukraynada bu mövqeyin yüksək qiymətləndirilməsi isə Azərbaycan diplomatiyasının və humanitar siyasətinin uğurunu təsdiqləyir. Humanizm prinsiplərinə söykənən bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, həm də gələcəkdə sülh və təhlükəsizliyə xidmət edən strateji addım kimi dəyərləndirilə bilər.
Ukrayna xalqının çətin günlərində Azərbaycanın yanında olması həm tarixi dostluq ənənələrinin davamı, həm də strateji tərəfdaşlıq münasibətlərinin təbii nəticəsidir. Yardımların əsasən enerji infrastrukturunun bərpasına yönəldilməsi də təsadüfi deyil. Bu, insanların gündəlik həyatının normallaşmasına, xəstəxana, məktəb və digər sosial obyektlərin işinin fasiləsiz təmin olunmasına xidmət edir. Digər tərəfdən, Azərbaycanın göndərdiyi humanitar avadanlıqların özündə istehsal olunması ölkə sənayesinin gücünü və humanitar siyasətin iqtisadi potensialla uzlaşdırıldığını nümayiş etdirir. Beləliklə, Bakı həm humanizm, həm də mənəvi amilləri əsas götürərək, Ukraynaya yardım edir. Bu, Azərbaycan dövlətinin humanizm və həmrəylik dəyərlərini praktik fəaliyyətlə sübut etdiyinin daha bir göstəricisidir.
İlyas HÜSEYNOV,
politoloq
– Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək, sadəcə, yardımların həcmi ilə ölçülməməlidir. Burada əsas məsələ ölkəmizin beynəlxalq müstəvidə nümayiş etdirdiyi mövqedir. Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna böhranında özünü qabarıq şəkildə göstərdi. Göndərilən humanitar yüklər, əslində, sırf gündəlik həyatın bərpasına, insanların ən zəruri ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu, rəsmi Bakının məsələyə siyasi jest kimi deyil, real insan amili prizmasından yanaşdığını təsdiqləyir.
Azərbaycanın mövqeyi həm də dəyərlər müstəvisində mühüm əhəmiyyət daşıyır. Çünki dövlətimiz beynəlxalq münasibətlərdə yalnız siyasi maraqları önə çıxarmır, insan amilini də nəzərə alır. Ukraynaya göndərilən yardımlar, xüsusilə enerji infrastrukturunun bərpasına yönəldilmiş dəstək minlərlə ailənin işıqsız və istiliksiz qalmaması üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda, bu təşəbbüslər Azərbaycan sənayesinin imkanlarını da nümayiş etdirir. Yəni, edilən yardımlar istehsal olunan yerli məhsullardan ibarətdir.
Bu fakt bir daha göstərir ki, Bakı yalnız humanitar diplomatiyanın deyil, həm də praktiki fayda üzərində qurulmuş strateji yanaşmanın tərəfdarıdır. Ukraynada bu dəstəyin yüksək qiymətləndirilməsi, səfirin təşəkkürü də həmin siyasətin real nəticələrini ortaya qoyur. Əslində, Azərbaycanın humanitar fəaliyyəti beynəlxalq münasibətlərdə dostluq, həmrəylik və etimad mühitinin güclənməsinə xidmət edən nümunəvi addımdır.
Səxavət HƏMİD
XQ