Sülh memarı

post-img

İlham Əliyevin bəyanatı fonunda beynəlxalq aktorların mövqeləri və siyasi nəticələr

Sülh hər zaman reallıq üzərində qurulan möhkəm siyasi iradə ilə formalaşır. Azərbaycan Prezidenti İlham Əliyev bu iradəni illərlə ardıcıl şəkildə apardığı siyasətdə nümayiş etdirib. Əgər bu gün Bakı diplomatik masada “qaydaları müəyyən edən tərəf” mövqeyindədirsə, bu, uzunmüddətli strateji planlaşdırmanın, güc balansını dəyişdirən addımların və reallığı diplomatiyanın əsas alətinə çevirən yanaşmanın nəticəsidir. Sülhün yeni memarı kimi İlham Əliyev regionun yalnız bu günü üçün deyil, gələcək onillikləri üçün də siyasi arxitektura qurur. Yeni arxitektura sərhədlərin sabit, kommunikasiya xətlərinin açıq, enerji marşrutlarının təhlükəsiz olduğu bir gələcəyə hesablanıb. İndi əsas sual budur ki, beynəlxalq aktorlar bu yeni memarlıq planına necə reaksiya verəcək?

Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı “Fox News” telekanalına verdiyi müsahibədə səsləndirdiyi “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq” bəyanatı Cənubi Qafqaz diplomatiyasında yeni siyasi reallığın qısa, lakin dərin ifadəsi kimi qiymətləndirilməlidir. Prezidentin sözləri sırf diplomatik üslubun tələbi olaraq səsləndirilmiş politoloji jest deyil. Burada həm milli maraqların qorunması, həm də regional geosiyasi mühitin yenidən formatlanması üçün aparılan çoxillik strategiyanın kulminasiya nöqtəsi əksini tapır.

Azərbaycanın 2020-ci ildən sonrakı mərhələdə qurduğu siyasi xətt təkcə müharibə sonrası reallıqları idarə etməyə deyil, həm də bu reallıqları beynəlxalq hüquq və praktiki təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirməyə yönəldi. Məsələnin mahiyyətini anlamadan, bugünkü nailiyyətlərin diplomatik çəkisini dəyərləndirmək mümkün deyil. Çünki burada söhbət yalnız Ermənistanla imzalanacaq sənəddən getmir; söhbət Azərbaycanın beynəlxalq sistemdəki “rol oyunçusu” statusunu dəyişdirməsindən gedir.

Əgər keçmişdə Bakı çox vaxt regional güclərin və qlobal aktorların qoyduğu qaydalara uyğun mövqe sərgiləyirdisə, bu gün həmin aktorlar Azərbaycanın müəyyən etdiyi parametrləri nəzərə almağa məcburdur. Başqa sözlə, ölkə qaydaları qəbul edən tərəf mövqeyindən qaydaları yazan tərəf statusuna keçib. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində normativ gücün dəyişməsi kimi izah olunur. Sadə dildə desək, masada qaydaları oxuyan yox, diktə edən mövqeyə sahib olmaq artıq Azərbaycanın əlindədir.

Burada vacib sual ortaya çıxır: Qərbin uzun illərdir tətbiq etdiyi təzyiq mexanizmləri niyə effekt vermədi? Cavab bir neçə faktora söykənir. Əvvəla, Azərbaycanın iqtisadi, xüsusən enerji sektorunda müstəqil strategiya yürütməsi və Avropanın enerji asılılığında yeni balans yaratması təzyiq imkanlarını minimuma endirdi. Avropa üçün Azərbaycan qazı və Orta Dəhliz yalnız enerji təhlükəsizliyi deyil, həm də siyasi təhlükəsizlik məsələsidir. İkincisi, Bakı “preskriptiv” (qaydaları əvvəlcədən diktə edən) yanaşmanı qəbul etmədi və sülh prosesini “fakt-mərkəzli fasilitasiyaya” – yəni real vəziyyətə uyğun, işlək və praktik mexanizmlər əsasında – idarə etdi. Rəsmi Bakının bu yanaşması beynəlxalq vasitəçilərin də mövqelərini dəyişməyə məcbur etdi.

Sülh prosesində normativ modeldən fakt-mərkəzli modelə keçid, əslində, Azərbaycanın diplomatiyasında yeni bir mərhələdir. Normativ modeldə əsas diqqət beynəlxalq prinsiplərin və hazır hüquqi çərçivələrin tətbiqinə yönəlir. Bəli, bu prinsiplər kağız üzərində ideal görünür, lakin reallıqda çox vaxt tərəflərin ehtiyaclarına uyğun gəlmir. Fakt-mərkəzli model isə real vəziyyəti, güc balansını, iqtisadi maraqları və tərəflərin qəbul edə biləcəyi minimal kompromisləri əsas götürür. Məhz bu çeviklik Azərbaycanı son illərdə sülh gündəliyində əsas istiqamətverici tərəf etdi.

Prezident İlham Əliyevin bəyanatı və Azərbaycanın sülh prosesində əldə etdiyi üstün mövqe müxtəlif beynəlxalq aktorlar üçün fərqli reaksiyalar doğura bilər. Belə reaksiyalar həm rəsmi diplomatik bəyanatlar, həm də qeyri-rəsmi siyasi mövqelər vasitəsilə özünü göstərəcək.

Vaşinqtonun birbaşa vasitəçilik rolu və sülh razılaşmasının yekun mərhələsinə çatdırılması ABŞ üçün mühüm diplomatik uğur kimi təqdim ediləcək. Mövcud mövqe ABŞ-ın Cənubi Qafqazdakı nüfuzunu artırmaqla yanaşı, Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdırmaq strategiyasına da uyğundur. Qərb ölkələri üçün Azərbaycanın regional “qaydaları müəyyən edən tərəf” mövqeyi enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının sabitliyini təmin etdiyi üçün müsbət qarşılanacaq. Başqa sözlə, onlar Azərbaycanı problem mənbəyi kimi deyil, həll mənbəyi kimi görməkdə maraqlıdırlar.

Moskva üçün bu proses ikitərəfli nəticə yaradır. Bir tərəfdən, Ermənistanla Azərbaycan arasında sülhün imzalanması Rusiyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) daxilindəki mövqelərinə mənfi təsir göstərə bilər, çünki Moskva üçün “dondurulmuş münaqişələr” təsir vasitəsi rolunu oynayırdı. Digər tərəfdən, Rusiya Azərbaycanın “qayda yaradan” mövqeyinin tamamilə qarşısını almağa çalışmayacaq. Çünki Bakı ilə strateji enerji və ticarət əlaqələrini qorumaq Moskva üçün də vacibdir.

Aİ üçün bu prosesin əsas əhəmiyyəti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) sabit işləməsidir. Bu marşrut Avropanın enerji və logistika diversifikasiyası (təchizat mənbələrinin və yollarının artırılması) strategiyasının mərkəzi elementidir. Azərbaycanın sülhü təmin etməsi Aİ-nin də regional iqtisadi layihələrdə riskləri azaltmasına imkan verəcək.

İrəvan üçün bu, psixoloji və siyasi baxımdan ağır mərhələ olacaq. Sülh sazişinin imzalanması Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gəlir ki, bu, Ermənistan siyasətində uzun illər davam etmiş “status” narrativinin sona çatması deməkdir. Ermənistan daxilində müəyyən siyasi qüvvələr bunu məğlubiyyət kimi qələmə verərək, daxili sabitliyi pozmağa çalışırlar. Lakin regionun iqtisadi inteqrasiyası və kommunikasiya xətlərinin açılması uzunmüddətli perspektivdə Ermənistanın da maraqlarına uyğun olacaq. Eyni zamanda, xalq diplomatiyası—yəni vətəndaşlararası əlaqələrin, mədəni mübadilələrin, təhsil və biznes əlaqələrinin təşviqi—sülh prosesinə əlavə sosial dayaqlar təmin edir. Belə bir mexanizm insanların qarşılıqlı etimadını gücləndirir, stereotipləri azaldır və rəsmi diplomatiyanın yaratdığı çərçivələri möhkəmləndirir. Beləliklə, yalnız rəsmi razılaşmalar deyil, həm də vətəndaşlararası əməkdaşlıq Ermənistan cəmiyyətini sülhə hazırlayan mühüm faktor kimi çıxış edir.

Türkiyə Azərbaycanın mövqeyinin güclənməsini özünün Cənubi Qafqazdakı strateji məqsədləri ilə üst-üstə düşən nəticə kimi qəbul edəcək. Hazırkı mərhələ Bakı–Ankara tandeminə əlavə diplomatik kapital qazandırır. İran isə prosesə ehtiyatla yanaşacaq, çünki Orta Dəhlizin güclənməsi Tehranın öz tranzit imkanlarının əhəmiyyətini nisbətən azalda bilər.

Son olaraq, beynəlxalq reaksiyalar konfiqurasiyası göstərir ki, Azərbaycanın sülh gündəliyi artıq təkcə ikitərəfli münasibətlər kontekstində deyil, regional və qlobal geosiyasi arxitekturanın bir hissəsi kimi formalaşır. Mövcud vəziyyət Azərbaycanın yalnız regiondaxili deyil, həm də qlobal enerji, nəqliyyat və təhlükəsizlik gündəliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Əks tərəflər üçün reallığı qəbul etmək artıq zərurətə çevrilir, çünki prosesdən kənarda qalmaq yalnız diplomatik və siyasi təcridlə nəticələnmir, eyni zamanda, iqtisadi itkilərə, strateji mövqelərin zəifləməsinə və regional inteqrasiya layihələrindən kənarda qalmağa səbəb olur. Yəni, faktiki mövcudluğunu və təsir imkanlarını genişləndirən Azərbaycan qarşısında “passiv qalmaq” həm ölkələrin gələcək enerji təminatına, həm də ticarət və nəqliyyat marşrutlarına çıxış imkanlarına mənfi təsir göstərə bilər. Bu isə yalnız Qafqaz regionunda deyil, Avropa və Asiya üçün də geosiyasi risklər yaradır. Beləliklə, beynəlxalq aktorlar sülh prosesinə aktiv şəkildə qoşulmağa məcbur olurlar.

Prezidentin strategiyası və baxışı sübut edir ki, yalnız qətiyyətli liderlik və rasional diplomatiya ilə regional və qlobal aktorları reallıqları qəbul etməyə və konstruktiv əməkdaşlığa yönəltmək mümkündür. Azərbaycanın yeni sülh gündəliyi Prezident İlham Əliyevin rəhbərliyi altında həm ölkənin milli maraqlarını qoruyur, həm də beynəlxalq ictimaiyyət üçün dayanıqlı və praktik həllərin standartını müəyyən edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru





Siyasət