Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında faydalı qazıntı yataqları qiymətləndiriləcək.
Agentlikdən bildirilib ki, bununla bağlı əvvəlcə ərazilərə tanışlıq marşrutları təşkil ediləcək, daha sonra regionun mineraloji araşdırmaları aparılacaq. Eyni zamanda, regionda faydalı qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi, şırım sınaqlarının aparılması, kimyəvi sınaqların götürülməsi, eləcə də maqnit kəşfiyyatı işləri icra ediləcək. Proqnozlaşdırılmaya əsasən, bütün bu işlər 200 min manata başa gələcək.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionunun çox böyük qazıntı yataqları potensialı var. Təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycanın bu bölgəsinin inkişafı daha da sürətlənəcək, dağ-mədən sənayesinin yüksəlişi təmin ediləcək. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək.
Xatırladaq ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 52 qızıl, gümüş, mis, civə kimi filiz, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yatağı istismar olunaraq talan edilib.